Архив тегов | şəhid haqqında şeir

ON SƏKKİZ YAŞLI ƏSGƏR VÜSAL NOVRUZ OĞLU ALLAHVERDİYEVİN XATİRƏSİNƏ

Kişi yox idimi Azərbaycanda? —

Yəni pəzəvənglər, pələng kimilər,

Əjdaha kimilər sənin yanında.

Öyünən, döşünə döyən kişiilər.

 —

On səkkiz yaşlıydın, sən bir uşaqdın,
Hələ tütün, içki tez sayılandı.

Barıt qoxuladın, qurğuşun uddun —

Kimdi bu neməti sənə daddıran?

 —

Uşaqdın, ikicə ayın əsgəri,
Nə təlim görərdin iki ayda sən?

Göstərin mənə o motherfucker-i,

Kimdi uşaqları qətlə göndərən?

 —

Təmiz qanın axan ərazilərdə,
Lotular toplaşıb niqt deyirlər.

Kabab tüstülənir quzu ətindən,

Qanı qurumamış basıb yeyirər…

 —

Ürəyini yeyər, ovunmaz anan,

Ən istəkli yeri – qəbrinin üstü.

Gedib məsum, sütül balası qurban,

Namərdi ananın qarğışı tutsun…

25.07. 2022, Samara

ŞƏHİD ƏSGƏRİN MEDALI

Qəhrəman əsgərim, öldüyün ildir,

Zirvədir, deyirlər, şəhidin yeri.

Ancaq atan, anan inana bilmir,

Sağalmaz xəstədir indi hər biri.

Mükafatın gəlib ildönümünə,
Siyahısındadır adın yüzlərin.

Uzun adlı medal veriblər sənə,
Təzədir, hələlik parlayır yəqin.

Çoxsa da nə qədər cəbhədə ölən,
Çatır hər birinə bu dəmir medal.

Sanki Türkiyədən ya Çindən gələn,
Gündəlik tələbat malıdır bu mal.

Sənə qıyılmadı fəxri ad, orden,
Canının bahası dəmir medaldır.

Sən vətəndən ötrü döyüşdün, öldün,
Uzun siyahıda adın yer aldı.

Uzadıb almağa nə əllərin var,

Taxıb gəzdirməyə var nə də sinən,

Ölümündən sonra verilən medal,
Səni aşağılar, zirvədəsənsə…

Səni möcüzəylə əgər oyatsan,
Deyərdin: “Çıxarın siyahılardan!

Medal istəmirəm qızıl da olsa,

Həyat istəyirəm… lap az, bircə an…

Üşüyüm, ac olum, ağrısa can da,
Görüm başım üstdə anamı yenə,

Bircə an…bircə an… o bircə anda,

Əlim sevgilimin dəysin əlinə…

06.11. 2021, Samara

ƏSGƏR QƏBRİ

26 SENT 2019. 2

Çiçəklər döşənib məzarın üstə,

Bağçada bitəni, sünisi  vardır

Sünilər rəngini itirirsə də,

Dərlib gələnlər qaralmaqdadır.

Özü çiçək ömrü yaşamış oğlan,
Uyuyur altında  torpağın indi.

Yaşıl qələməydi, yıxılıb qalan,

Nə qalxan, nə də ki, bar gətirəndi…

Keçib zülm yolu anası gələr,

Çağırar, eşitməz bala səsini.
Bir əllə yaşını silər, bir əllə

Düzəldər güllərin səliqəsini.

Al çiçək, əlvan çiçək,
Qalıb qaralan çiçək.

Yarpağında göz yaşı,
Ləçəyində qan çiçək…

19.02. 2021, Samara

ŞƏHİD ATASINA

26 SENT 2019. 2

Daha sən əvvəlki adam deyilsən,

Sönükmür içində, yaran ağrıdır.

Bəlkə qədim yunan faciəsindən,
Sənin müsibətin daha ağırdır.

=

Qapalı tabutda gəldi tək balan,

Əslində övladın hər biri təkdir…

Açmağın, baxmağın qəti qadağan,
Sığalı tabuta, bayrağa çəkdin…

=

Şəhidlər yüksəlir zirvəyə guya?

Görüb o zirvəni gələnlər hanı?

Min hoqqadan çıxar, nağıl uydurar,
Ölümə göndərən sənin balanı…

=

Budurmu Vətənin müharibəsi?

Xalqmı yayınaraq qalan harınlar?

Getdilər zülmətə həqir və səssiz,

Qurbanlıq quzu tək aparılanlar…

=

Sarsıdar yunanı, ingilisi də,
Sənin müsibətin, şəhid atası.

Yeganə oğluna ümid bəslədin,
İndi qiyamətə uzanar yası.

=

Yalan ayaq tutub, yeriyir indi,

Zirvə söhbətiylə baş aldadırlar.

Yerinə oğlunu göndərənindi,
Rütbə də, şöhrət də — dünyada nə var…

=

Qurbanlıq quzu tək getdi cəbhəyə,

Qapalı tabutda oğlunu aldın,

“Ölmədi, zirvəyə ucaldı”  deyən
Harınlar çıxırlar indi daldadan…

=

Rəhbərin verdiyi dəmir medalı,
Saxla yaxşı yerdə, qoyma pas atsın.

Canı dişə yığıb başını qaldır,

Dərdin böyüksə də, əsgər atası!…

25. 12. 2020, Samara

EV VERİN YENƏ DƏ RAMİZ RÖVŞƏNƏ…

Ramiz Rövşən

Yenə ev verilib  Ramiz Rövşənə,

Çətin ki, şairin doya gözləri.

Durmur ata verən, oğul verənə,
Yəqin nəvədən də bir ev gözləyir.

                                     —-

Əbədi uyudu neçə min əsgər,
Getmir gözlərinə yuxu şairin,
Güdür, daha kim nə hədiyyə verər,
Verin, gözü doysun, yenə də verin!

                                        —-

Verin, otaqların çox olsun sayı,
İki min yeddi yüz səksən üç olsun.

Verin, əl uzadıb, dilənçi payı,
Pul verin üstəlik, cibi də dolsun.

                                   —-

Mətbəxdə, hamamda suyun yerinə,
Bütün kranlardan qızıl qan axsın.

Sayı bilinməsin pəncərələrin,
Şəhid məzarına hamısı baxsın.

                                ——

Yatır əsgərimiz, yatır əbədi,
Yatdığı nəm torpaq ikicə arşın.

Bilmir həya nədir, bilmir ar nədir,
Şair ev istəyir yas yığışmamış.

                               —-       

Ev verin şairə, yenə ev verin,

Təntənə qurulsun, gəlsin izdiham,

Ya Cəngi çalınsın, çalınsın ya himn,

Versin açarını Əliyev İlham.

                                 ——-

 İki min yeddi yüz səksən üç otaq,
Verilsin şairin ixtiyarına.

Susayıb kranı açanda ancaq,
Təpədən dırnağa bürünsün qana…

                              ———

İki arşıın yerdə əsgərim yatır,
Çəkilib yuxusu ərşə ananın.

Duyur yaxındadır hələ də qatil,

Hardasa oğlunun qurumur qanı…

20. 12. 2020, Samara

NƏVƏSİNİ İTİRMİŞ QONŞUMUZ QİSMƏT HÜSEYNOVA

Ağamoğlan Kərimov

Çiynində dünyanın ağırlığı var,

Əliboş getməyin özü çətindir,

Bir çəngə otu da mal qabağına,
Qaldırb atmağa heyin yox idni.

                      ———

Divara söykənib baxırsan yola,
Görür, tanımırsan kim keçib gedir.

Hərdənbir dayanıb kimsə salamlar:

“Nə var, Qismət dayı, kefin necədir?”

                          ——

Axar gözlərinin yaşı sel kimi,
Ovcunla sildikcə dayanmaz, axar,

“Ay bala, görürsən necəliyimi,
Mənə indən belə nə gün var daha…”

                     ——-

Nə Şuşa görmüsən, nə də Kəlbəcər,
Ağdamda olmusan nə də bir dəfə.

Gördüyün Salyandır, bir də deyirlər,
Xəstə aparmısan İran tərəfə…

                           ————

Cənnət Qarabağdan nə gül üzmüsən,
Dərman havasını udmusan nə də.

Əsgər göndərmişdin, gəldi üstünə,

Tabutu bayrağa bürünmüş nəvə.

                              —-

“Ağamaoğlan!” deyib, qonşu, ağlama,

Nə qədər ağlasan, qayıdan deyil.

Zirvə söhbətinə bel də bağlama,
Tanrıya məlumdur hamının yeri.

                             ——

Təzə güllər apar qəbrinin üstə,

Ələ al özünü, qonşum, ağlama,
Salam verib-alsan, üzün də gülsə,
Bəlkə də xoş gedər Ağamoğlana…

19. 12. 2020, Samara

GƏNC ƏSGƏRİN  ÖLÜMÜNƏ

08.06 2020

Əlbəttə, bir məna yoxdur həyatda:

İstər Platon ol, istər Arximed,
Dünyanın üstünü, altını kəşf et –

Məna çıxarmazsan, çıxarsan ad da.

=

İstər Aleksandr Makedonski,
İstər Çingiz xan ol, ya da ki, Sokrat.

Ən uca zurvəyə çıxara həyat,
Məna çıxmayacaq, yoxdur o çünki.

=

Məna əlaməti yox ölümdə də,

Ölümdə həyatın mücərrədliyi.

Ölümlə yaranır dəyər dediyin,
Qiymətə mindirir ölüm ömrü də.

=

Həyatda məna yox, hər kim olasan,
Toza, külə dönür Napoleonlar.

Nə fəth, nə kəşf ilə o, mənalanar.
Hardandır? Niyədir – anlamır insan…

=

Həyatda məna yox. Sevinc var ancaq,
Dərd də var. Həyatda sevgilər də var.

Bir gözümüz gülər, birisə ağlar,

Şirindir ilahi neməti duymaq.

=

Şəhid gənc! Bığ yerin tərləməmişdən,
Dağıtdı sinəni yağı gülləsi.

Daha sən nə sevinc, nə dərd bilərsən,
Dodağın dodağa dəyməmiş öldün.

=

Həyatda məna yox, dərd isə ümman.
Atanı, ananı yasın sarsıdar.

Üzülər, bükülər, bacın da varsa,
Dərd və ağrı tapır məna axtaran…

09. 11. 2020, Samara

ŞƏHİD HAQQINDA BALLADA

Oğul elə-belə dünyaya gəlmir,
Oğul əvvəl olur ürəkdə istək.

Tanrıya ibadət, seyidə nəzir,

Hələ həkimləri görəsən gərək.

 

 

Naz-nemət içində gün görənlərin,

Varisi doğulur, oğulsa əgər.

Kasıb, əli qabar kənd gəlinləri,
Doğurlar ölkəyə əməkçi, əsgər.

 

 

İşdədir, ayağı yer tutan andan,
Mal-qara otarır, çəpər bərkidir.

Ota, suya gedir yol tanıyandan,

Sökür köhnələni, təzəni tikir.

 

 

Səhər bir tikəni gəvələr çıxar,
Naharın və şamın vaxti bilinməz.

Yanından qız keçsə, qızarıb baxar,
Başı sığallanmaz, əzizlənılməz.

 

 

Yaşının üstünə yaş gəlib düşər,

Ata-ananın da gəlməz eyninə.

Elə ki, on səkkiz yaşı yetişər,

Əsgər paltarını alıb geyinər.

 

 

Anası ağlayar, kövrələr ata,
Oxşayar, saç yolar, varsa nənəsi.

Avtobus aparar, ya da ki, qatar,

Məlum bir ünvana: cəbhə bölgəsi.

 

 
Deputat oğlunu, nazir oğlunu,
Ana-doğma vətən yollamaz ora.
Onu əli qabar bir gəlin doğub,

Ölsə, eləsindən yenə doğular.

 

 

Qurğuşun tabutda bəlkə qayıdar,
Üçüncü dərəcə dəmir medalla.

Qıy vurub dünyanı ana oyadar,
Qurğuşun tabutda oyanmaz bala.

 

 

Bəlkə nazir gələr, gələr deputat,
Vətənə xidmətdən nitq deyərlər.

Harın balaları indi, bu saat,
Cənnət bir guşədə yəqin kef elər…

 

 

Mərasim üz qoyar qəbiristana,
Arvadlar üz cırar, baş da yolarlar.
Yaylım atəşiylə basdırılaraq,
Başqa bir dünyaya şəhid yollanar.

 

 

Nə varlı, nə kasıb var orda bəlkə,

Vətən hamınındır, varsa da əgər.
Hamının dərdini hamı da çəkər,

Analar bölünməz dərəcələrə…

 

 

Üçü, dördü gedər, qırxı da ötər,
Atanın, ananın, dikələr beli.
Düşüb üzüqoylu prezidentin

Ayağına, bir az pul diləyərlər…

 

29. 01. 2019

Samara