Архив тегов | Səməd Vurğun 26 lar poeması

ŞƏHRİYARIN «HEYDƏRBABAYA SALAM» POEMASI HAQQINDA QEYDLƏR — I

Karl Marks yazır: “Barıt və qurğuşun dövründə Axilles mümkündürmü? Və ümumiyyətlə çap dəzgahı və mətbəə maşını ilə bir sırada? Məgər çap maşınının yaranması ilə rəvayətlərin, mahnıların və ilham pərilərinin və bununla da əpik poeziyanın zəruri şərtlərinin itməyi qaçılmaz deyil?”

Marks daha sonra qeyd edir ki, yunan incəsənəti müəyyən ictimai inkişaf formaları ilə bağlı olsa da, o hələ də bizə bəddi həzz verməyə davam edir.

“… nə üçün insan cəmiyyətinin uşaqlığı daha gözəl inkişaf etdiyi yerdə bizim üçün heç vaxt təkrar olunmayan pillə kimi əbədi cazibəyə malik olmasın? …İncəsənətdə bizi sehrləyən cazibə və məlahət içində yetişdiyi inkişaf etməmiş ictimai mühitlə ziddiyyətdə deyil”.

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasındakı sehirin və cazibənin sirrini anlamaq üçün nəzəri kommunizmin banisinin və əlbəttə ki, ensiklopedik bilikli filosofun yunan incəsənəti haqqındakı fikirləri kömək edə bilər.

Karl Marks, əlbəttə, qədim yunanlardan, antik sənətdən danışır ki, bunun da bir neçə min illik tarixi var. Məhəmmədhüseyn Şəhriyarın poeması isə iyirminci əsrn ortalarında yazılıb – o vaxt nəinki çap dəzgahı, mətbəə maşını, barıt, hətta atom bombası da olub. Bəli, olub. Ancaq Şəhriyar “insan cəmiyyətinin uşaqlığına” qayıda bilib. Və bunun üçün ona zaman maşını lazım olmayıb. Onun doğma kəndindki insanların iyirminci əsrin əvvəllərində də, ortasında da  “insan cəmiyyətinin uşaqlığı”ndan elə də fərqlənməyib.

Yenə Marksa qayıdaq. “Gülünc görünmədən kişi yenidən uşağa evrilə bilməz. Ancaq məgər onun uşaq sadəlövhlüyü sevimdirmir və məgər o ali mərhələdə özünün həqiqi mahiyyətini üzə çıxarmağa cəhd etməməlidir..?”

Məhəmmədhüseyn Şəhriyar kəndinin, yəni əslində insanın uşaqlıq dövrünə qayıtmaqla bərabər özü də uşağa dönür. Gülünc, gülməli görünmədən. Bu həm də ona görə mümkün olur ki, Şəhriyar bu poemanı yazanadək sanki fars dilində böyümüş, ana dilində isə uşaq sadəlövhlüyünü, saflığını saxlamışdı. Şəhriyar təsirlərndirir, ruhlandırır, kövrəldir, ağladır.

Və Şəhriyarın xatirələrində kənd iyirminci əsrin əvvəllərində necədirsə, iki, üç, hətta altı-yeddi əsr əvvəl də elə olub – Avropanı başdan-ayağaz dəyişmiş yüzilliklərin bu kənd elə bil ki, birini də yaşamayıb. Buna görə kənd öü də, onun adamları da real olsa da, qədimliyə çevrilən dəyişməzlik Şəhriyarın poemasına Dədə Qorqud dastanlarına xas sehri və cazibəni  verir.

Və Məhəmmədhüseyn bu poema ilə azərbaycanlıların ən böyük milli şairinə çevrilir. Nizami fars dilli şairdir, onun əsərləri azərbaycanlı haqqında, azərbaycanlı xarakteri haqqında heç nə demir. Füzuli azərbaycanlı icmasında yaşasa da, bütün ömrü Azərbaycandan uzaqlarda keçib və əsərlərində millilik yalnız dilindədir. Məhəmmədhüseyn Şəhriyar isə qədimliyin konservasiya halında yox, yaşarı halda qaldığı azərbaycanlı həyatının bədii mini-ensiklopediyasını yaradır. Və bunun sovet Azərbaycanında bədii dilin, o cümlədən poeziya dilinin son dərəcə korlandığı, təbliğat-təşviqat instrumentinə çevrildiyi bir vaxtda baş verdiyini nəzərə alsaq, Şəhriyarın əsərinin bizim ədəbiyyatımıda ən yüksək yerə layiq olduğunu anlayarıq. (Səməd Vurğunun “26-lar”, “Komsomol”, Rəsul Rzanın “Lenin” poemaları “Heydərbaba ilə yaşıddır…)

Bir məsələ də var. Qədim yunan sənəti, Marksın yazdığı kimi, indiyəcən yüksək dəyərini itirməsə də və verdiyi bədii həzz azalmasa da, onu yamsılamaq, ona oxşatmaq cəhdi uğurlu nəticə verə bilməz. Eləcə də Şəhriyarın poeması. Bu əsər təkcə bədii, estetik həzz mənbəyi deyil, həm də ana dilimiin zənginliklərinə bələdlik üçün əvəsiz vəsaitdir. Ancaq bu üslubu təkrar etmək “Şəhriyar kimi yazmaq” cəhdinin nəticəsi yalnız güməli və gülünc ola bilər…

X.X.

02. 05. 2025, Samara

(ardı var)