Salvan Sabah Matta Momika öldü:
Evinə soxulub güllələdilər.
Bir göz qırpında yayılan xəbər,
Neçə milyon üçün bayrama döndü.
+
Kitab yandırmışdı Momika Salvan,
Kitabsa adi bir kitab deyildi.
Müqəddəs Quranın nüsxəsi idi,
Salvan Momikanın əlində yanan.
+
Bu işi görmüşdü o dönə-dönə,
Quran yandırmışdı Momika yəni.
Sayı üç milyarddır Quranın yəqin,
Birini yandırdın – pul ver, al yenə.
+
Dəyilməz, müqəddəs olan nədir bəs?
Milyon tirajlarla çap olunursa,
Üstündə konkret qiyməti varsa,
Sayıla bilərmi kitab müqəddəs?
+
Yəqin düz eləmir kitab yandıran,
İstər Quran olsun, ya ayrı kitab.
Kim buna qətllə verirsə cavab,
Canavar qanıdır damarında qan.
+
Quranmı səsləyib onu bu qətlə,
Deyib tapança al, deyib patron al?
Beləsə, Kitabın problemi var…
Əfsus, yozmaq olar bu işi belə…
+
Assiriyalıydı Salvan Momika,
Yerli-köklü xalqdır İraqda onlar.
Quranlı ərəblər gəlib sonralar,
Yerli-köklü olan dönüb azlığa.
+
Sıxılıb, əzilib azaldılıblar,
Dağılıb ən qədim xristian xalq,
Qovulub yurdundan qorxudularaq,
Kilsələr alışıb, yanıb adamlar.
+
Dünyada milləti, özü didərgin,
Dərddən havalanıb kitab yandıran —
Qətlə yetirildi Momiko Salvan,
Günahı bizimdir tökülən qanın.
+
İstər Quran, istər başqa kitablar —
Yaxşı oğlan deyil kitab yandıran.
Kitabı oxuyan axıdırsa qan,
Deməli, Kitabın problemi var…
31. 01. 2025, Samara
