Архив тегов | Salyan haqqında

ŞƏKİL

1983 MOSKVA

Salyan, 1960-cı illər

Hərdən, iki ildə bəlkə bir dəfə,
Kənddə baş verərdi böyük hadisə.

Salyana gedirdik şəkil çəkdirək,
Həmişə bayramdı o vaxt şəkilsə.

+

Uzaqda əsgərlik çəkən qardaşın,
Şəkil istəyirdi qəribsəyərək.

Ya məktəbdə yaxşı gedirsə işin,
Şəklin vurulaydı lövhəyə gərək.

+

Axşamdan başımız sabunlanırdı,
Abra salınırdı nimdaş əyin də.

Gecə ilə dönür, hey uzanırdı,
Gözlərimiz elə pəncərədəydi.

+

Səbir tükənirdi keçincə Kürü,

Elə bil aşırdı  kolaz dənizi.

Alabaş avtobus yolda sürünür,
Amma çatdırırdı Salyana bizi.

+

Atelyeyə girib qayğılanırdıq.
Pərdələr asılıb, yerdə xalça var.

Dumandan süzülən işıq yanırdı,

Dayınıb ortada hazır aparat.

+

Keçib otururduq, əsir əl-ayaq,
Sinədən mühərrik səsi ucalır.

Şəkilçəkən usta yaxınlaşaraq,

Başını laxladıb  yerinə salır.

+

Boynunu gah sağa, sola gah burur,

Çəkilib gözünün içinə baxır.

Əlləri üstündə az qala durur,

Birdən çırtma çalır, otaqdan çıxır.

+

Qayıdıb başına atır örtüyü,
Silaha bənzəyir indi üçayaq.

Elə bil indicə çəkib tətiyi,

Fotoqraf sinənə güllə sancacaq.

+

“Qırpma gözlərini! — əmr edir usta,

Birdən ürəyinin kəsilir səsi.

Şaqqıltı…Alışma… Sən daha yoxsan,
Lentə düşüb qaldı xatirən, əksin…

+

Sonra kimin yolu Salyana düşsə,
Alıb gətirirdi şəklini kəndə.

Baxırdın – həm sənsən, deyilsən həm sən,

Əsərdin, müəllif  — şəkilçəkəndi.

+

Sanki vuruluruq çəkilən zaman,
Sinəni qurğuşun deşir elə bil.

Hər anda yaşayır, ölürük hər an,
Yaslı xatirədir çəkilən şəkil…

10-11. 10. 2019

Samara