Haçan Gözəl kişini xatırlayıramsa, Dövlətalı kişi yadıma düşür.
Bu, yəqin ki, beşinci sinifdə oxuyan vaxt olub. Mayın axırı, qəfil şiddətli isti, üstünü indiki pilotsuz uçuş aparatlarını xatırladan mığmığa qoşunu bürümüş torpaq yolla ikinci növbənin dərsinə gedirəm. Məndən təxminən on addım qabaqda qoşa zənbillə yüklənmiş Dövlətalı kişi gedirdi. Dövlətalı kişi Noğul xalanın əriydi, ancaq çoxdan ailədən getmişdi. Salyan-Bakı yolunun qırağında, Xələcə çatmammış, dikdə hansı idarədəsə qarovulçu işləyir, orda da qalırdı. Özünə yaxşı həyət-baca düzəltmişdi, qoyun, toyuq-cücə saxlayırdı. Bizim qonşu mərhum Kamal dayı hərdən ona qonaq olurdu və sonra Dövlətalının necə kef çəkdiyindən, necə yeyib-içdiyindən elə vəcdlə danışırdı ki, elə bil İsveçrəyə gedib-gəlib… “Sən öləsən, (Kamal dayı «özüm ölüm» deməzdi, «sən öləsən» deyərdi) Dölət kefdədir. Çəkir hinduşka kababını, quzu kababını, vurur arağı, yanında da arvad..” Yəqin ki, Kamal dayı da illərlə küsülü olduğu arvadından qaçıb ailədən getmək, Dövlətalı kişi kimi özünə güzəran qurub azad yaşamaq istərmiş. Ancaq hünəri çatmırmış. Dövlətalı kişi isə çox hünərli adam idi. Çox…On ili elə-belə yatmamışdı ki…
Mən bilən, Dövlətalı kişi vaxtaşırı kəndə gəlir, uşaqlarının yeməyini gətirirdi. Yadımdadır ki, mən birinci sinifdə oxuyanda sübh tezdən Dövlətalı kişi bizim sonralar Kür aparan evimizə gəlmişdi, yanında da mənim yaşıdım olan oğlu Şakir. Atası Şakiri Salyan internatına qoymuşdu. Yəqin ki, istirahət günü anasının yanına gəlmiş Şakiri Dövlətalı kişi tezdən aparıb dərsə çatdırmaq istəyirdi. Mən çox təəccüb elədim ki, Şakirin çantası yoxdur, olanı elə əlindəki dəftərdir. Dəftərə baxanda gördüm ki, müəllim tapşırıqların altından qoymət qoyur, ancaq qol çəkmir. Mən buna çox təəccüb elədim, çünki bizim Ağəli müəllim qiymətə həmişə qol çəkirdi. Çəkirdi demək insaf deyil, Ağəli müəllim qolunu yaradırdı, “A” hərfinin belinə elə kəmər çəkirdi ki, elə bil gəlin beli bağlayır…
Mən bu qolsuz qiymətləri, xüsusən Şakirin əynindəki internat verən qızıl düyməli göy rəngli qəşəng kostyumu görəndə mən ona çox həsəd apardım. Çünki mən general formasına oxşayan o cür kostyumu ancaq yuxuda görə bilərdim, məktəbə isə Zabitə xalanın tikdiyi beli və balağı rezinli şalvarda gedirdim…
Qayıdaq təxminən 1965-ci ilə. Deməli, Dövlətalı kişi qabaqda, mən də on addım dalda gedirik. Gözəl kişinin çəpərinə çatanda Dövlətalı kişi çəpərin o tayında iş görən Gözəl kişini görüb dayandı və zənbillərini yerə qoydu. Söhbətlərinin lap əvvəlini eşitmədim. Mən onların bərabərinə çatanda bunları eşitdim:
Gözəl kişi: Arvad-uşaq nə təhərdi?
Dövlətalı kişi: Nə təhər olacaq? Az qalmışam dayandoldurumu götürüb hamısını qıram. Adam arvad-uşaqğa haçanacan çörək verər?
Bunu eşidəndə Gözəl kişi güldü. Ancaq mən ordan tez sovuşub yoluma davam etdim. Dayandoldurumun nə olduğunu bilmirdim. Gözümün qabağına gətirdim ki, Dövlətalı kişi kinolarda gördüyüm qədim PPŞ avtomatla arvad-uşağı qırır: Noğul xalanı, Gülsabahı, Şahnazı, Baxşəlini… Bircə Şakirə dəymir. Çünki Şakirin çörəyini internat verirdi…
Noğul xalanı çox yaxşı xatırlayıram. Çünki Salyandan ya ayrı yerdən qayıdanda çox vaxt bizə gəlib nəfəsini dərir, çay içib məməmlə söhbət edirdi. Səhv etmirəmsə, gömgöy gözləri vardı. Ruslar bu rəngdə gözlərə yaxşı şeirlər, mahnılar qoşublar, bizdə isə qiymət verən yoxdur, elə ala göz, qara göz… Keçimiz ala, pişiyimiz ala, gözəlimizin gözü də ala… Salyana ya ayrı yerə gedən vaxtlar Noğul xalanın sinəsini taxılan yeri gözləri ilə bir rəngdə olan, Qəhrəman analara verilən qızıl medal bəzəyirdi, çünki on ya on bir uşaq doğmuşd. Bu qədər uşağı dünyaya gətirmək üçün ərlə arvad arasında ciddi iş getməli, elmi dildə desək, yaxın münasibət olmalıdır. Və bu qədər səmərəli fəaliyyətdən sonra Dövlətalı kişinin ailədən getməyi təəccüb odğura bilər. Ancaq Noğul xalaya diqqət edəndə görürdün ki, Dövlətalı kişinin fərariliyi təsadüfi deyil. Noğul xala, gözəl göy gözləri olan bu əməkdar qəhrəman ana amiranə və hətta bir az hampazor adama oxşayırdı. Və bəlkə də Dövlətalı kişi üçün bu ər-arvadlıq ağır qarşıduma imiş. Günlərin bir günü cana doyub və xata çıxarmamaq üçün cəbhədən qaçıb…
Sonralar bildim ki, dayandoldurum nədir. Dövlətalı kişi həmişə silahlı olub. Yəqin öləndə də balışının altından ya dayandoldurum ya tapança çıxıb…
Birinci sinifdə ilk və son dəfə gördüyüm Şakir, nə şuluq qayırmışdısa, yeddinci sinifdən sonra internatdan çıxarıldı və kəndə gəlib bizim sinfə qatıldı. Çox uzun, şaqqalı cavan olmuşdu, deməzdin on beş yaşı var. Elə birinci gün məni dərin biliyi ilə sarsıtdı. O mənə belə bir sual verdi: Avropada hansı çaydır ki, adını tərsinə oxuyanda tərəvəz adı alınır? Qaldım gözümü döyə-döyə və sinfin yeganə əlaçısı kimi nüfuzumu bir anda itirdim. Verdiyi möhlət qurtarandan sonra Şakir sualının cavabını açdı: Prut çayı…
Prut… Turp….
Səkkizincini qurtarandan sonra Şakiri bir də görmədim…
X.X.
19-20. 12. 2024, Samara
(ardı var)
əvvəli burda:
ƏRƏBQADAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 1. ZABİTƏ XALA VƏ GÖZƏL KİŞİ
