Biri burda profil şəklini təzələyib – sabirabadlılar demişkən, bahalı “qəssumda” gülümsər bir şəkil çəkdirib qoyud Faysbuka, mənimlə “dost”luqda olanların otuz nəfəri də “bəyənib”.
Yadıma lətifə düşür: “Ay Bigəxməd, bigəndün?” “Vallax, biğanmağana bigandım, ancaq…”
Azərbaycanda hələ meyidlərin hamısı yığılb torpağa basdırılmayıb, bu insanların isə burda “qəşəy” şəkillər çəkdirib İnternetə qoymağı məni çaşbaş edir…
Bir tərəfdən fikirləşirəm ki, mən də bu insanlar kimi bir qədər cavan olsaydım, onlar kimi gözəl-göyçək olsaydım, mən də şəklimi tez-tez dəyişərdim. Bəlkə bunlar qız istəyirlər, hərçənd ailəli-uşaqlıdırlar… Qız istəyəndə də eşq vurur başa, nə müharibə, nə şəhidlər…
Məni bu “bəyəndim” qoyanlar da fikrə salırlar. Mən şəhidlər haqqında məlumat toplayıb qoyuram, şəkillərini qoyuram, birinin əli gəlmir ki, altından “Allah rəhmət eləsin” yaza…
Yadıma başqa bir lətifə də düşür:
Qoqi adlı bir gürcü hardasa bir Rusiya şəhərində parkda şəkil çəkdirmək istəyir. Yekə bir ağacı şəkilçəkənə göstərib deyir ki, burda. Şəkilçəkən soruşur: Qoqi, mən sənin şəklini ağacın altında çəkim ya ağacın başında? Qoqi deyir: Yox, səm mənim şəklimin ağacın dalında çək. Mən bu şəkli mamama göndərəcəm. Mamam alıb baxacaq, məni görməyəcək, deyəcək: “Qoqi, oğul, hardasan?” Onda mən ağacın dalından çıxıb deyəcəm: “Mamacan, sənin Qoqin burdadır…”
İndi bizimkilər də. Rusiyada şəkil çəkdirib İnternetə yəqin Azərbaycana salam göndərirlər: “Burdayıq ha. Ağac dalında…”
