Архив тегов | sevgi haqqında şeir

«İSGƏNDƏR, TEYMURLƏNG, NAPOLEON OLMAQ…»

Iskəndər, Teymurləng, Napoleon olmaq

Eşqinə uşaqkən düşənlər azmı?

Yoxdur, anlayırsan, gec ya tez ancaq,

Səndə dahilərin miqyası, əzmi.

 

Bilirsən elmlə, ya da sənətlə,

Dünyanın fəthinə səndə yox hünər.

Adını tanımaz öz ölkən belə,

Özünsə sıravi, adi bir nəfər.

 

Səni bu həqiqət sarsıda bilər,
Həyata ikrah da bəlkə yaradar.

Uğursuz sayaraq özünü əgər,

Ruh azarı tapsan, bir əlacı var:

 

Zəngini basmadan, döymədən ya da,
Aça biləcəyin varsa bir qapı,

Dəyiş paltarını, baxma saata,

Və get, yaddaşında ünvanı tapıb.

 

Mənzilə girəndə gəlib güllə tək,

Önündə çömbəlsə qoca it əgər,
Uşaqlar dəhlizə qaçıb sevincək,

İçəri, əlindən tutub, çəksələr,

 

Səni uşaqların alıb əlindən,

Böyüklər, nəhayət, qucaqlasalar,

Dünya fəth elədin elə bil ki, sən –

Sevgidən dəyərli dünyada nə var?…

 

18. 03. 2026, Samara