“Leyli və Məcnun”da Qeyslə Leyli məktəbdə tanış olurlar.
Məktəbdə onunla oldu həmdəm
Bir neçə mələkmisal qız həm.
Bir səf qız oturdu, bir səf oğlan,
Cəm’ oldu behiştə hurüqılman.
Oğlanlara qızlar olsalar yar,
Eşqə bulunur rəvaci-bazar.
Qız nərgisi-məst edib füsunsaz,
Oğlana satanda işvəvü naz
Oğlan necə səbr pişə qılsın?
Vər səbri həm olsa, nişə qılsın?
Bu, 16-cı əsrin məktəbidir, məktəb isə şiələr üçün müqəddəs şəhər Kərbəladadır. Göründüyü kimi, burda qızlar nəinki təhsil alırlar, onlar oğlanlarla bir sinifdə oxuyurlar! On altıncı əsr! İndi sual çıxır: qız uşaqlarını xırda yaşdan bürüyüb basdıran, məktəbə qoymayan nardaranlılar hansı əsrdədirlər və onlar müsəlmandırlarmı?
On altıncı əsrdə Kərbəlada qız uşaqlarının başına çuval keçirilmədiyini Lyelinin təsvirindən görmək olar – poemanın bu hissəsi Füzulinin ən gözəl şeirlərindəndir:
Ol qızlar içində bir pərizad
Qeys ilə məhəbbət etdi bünyad.
Bir türfə sənəm ki, əqli-kamil,
Gördükdə onu olurdu zail.
Zülfeyni-müsəlsəli girehgir,
Can boynuna bir bəlalı zəncir…
Şəhbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rahü rəvişi müdam qəmzə,
Başdan-ayağa təmam qəmzə.
Ayruqca şəklü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər.
Aləm səri-muyinin tüfeyli,
Məhbubeyi-aləm, adı Leyli….
Füzulinin poemasından bu qısaca parça Hacı Tale və onun kimilərinin islamçılıq, şiəçilik adıyla kütləyə sırıdıqları təlimin klassik islamla və şiəliklə əlaqəsi olmadığına sübutdur.
Hacı Tale ritorikasının əsas fiqurları “Hüseyni şüur”, “hüseynçi şüur”dur. Aydın olan burasıdır ki, “hüseyni şüur”lu adam – kişi cinsindəndir, çünki Nardaran tipli dünya quruculuğunda qadın nəinki siyasətin, hətta heç bir social hərəkatın ya proqramın subyekti deyil – belə halda şüur onun nəyinə lazımdır? Hacı Tale və onun kimilərin çoxsaylı videoçarxlarında qadın yoxdur, Nardaranda qarışıqlıq vaxtı bir neçıə qadın küçədə göründü — əslində onların qadın olduğunu yalnız təxmin etmək olardı, çünki görünən yalnız gözləriydi. Şiə konstitusiyalı İranda da qadınlıar delə bürünmürlər, İranda qızlar elliklə təhsil alırlar, bütün sahələrdə işləyirlər. Nardarandakı qadın indiki statusu, yəni statussuzluğu ilə İŞİDdəki qadınlar vəziyyətindədir, yəni ki, özünü mə qədər şiə ritoruikası ilə pərdələsə də, Hacı Tale İŞİD tipli dövlətin arzusundadır.
Qayıdaq “hüseyni şüura”. İmam Hüseyndən yazılı əsərlər qalmayıb, bu şəxs ölümündın qabaq fəal dövlət quruculuğuyla məşğul olmayıb, buna görə də Hacı Tale kimi ekstremistlərin öz fantaziyalarında yaratdığı və Nardaran kimi ərazilərdə sınaqdan keçirdiyi kvazi dövlət modelini Hüseynin adıyla bağlamaq arxasında təhlükəli məqsədlər gizlənmiş spekulyasiyadır. “Hüseyni şüura” dolmuş azərbaycanlı gəncə nə təklif olunur? Hacı Talenin moizələrində heç bir iqtisadi, sosial proqramın rüşeymi belə yoxdur. Bu insan hakimiyyət, özü də böyük, total, Xomeyni tipli totalitar hakimiyyət eşqiylə yanır və dərin savadlı olmasa da, instinktlə başa düşür ki, hakimiyyətə gəlmək olar. Buna görə də o, kişiləri şəhidliyə, qana çağırır, bilir ki, ölkədə qarışıqlıq yaransa, dinbazların hakimiyyətə gəlmək şansı tamamilə gerçəkdir, çünki rejim bütün siyasi həyatı sarsıdıb, insanları dünyəvi təşkilatlarda birləşməyə, özünüidarəni öyrənməyə qoymur, az-çox fəal siyasi qüvvələrin isə liderləri yoxdur,bütün zirəklər rejim ya qorxudub, ya dama salıb. Yeganə mütəşəkkil və məscidlərdə arxayınca yığışa bilən zümrə dinbazlardır.
Yəni Hacı Talenin hakimiyyətə gəlməsi üçün əsas şərt qarışıqlıqdır, ruslar buna smuta deyirlər. Əslində smutanın xeyli əlamətləri indi Azərbaycanda var. Tam qarışıqlıq üçün qan tökülməlidir. Kişilər isə qanı ən çox qeyrət, bəzən səhv başa düşülən qeyrət üstündə tökürlər. Ona görə də Hacı Tale bilə-bilə hicabdan yapışıb, dayanmadan kişilərə deyir ki, hökumət sizin arvad-uşağınızın başını açır, sizin namusunuza toxunur. Hacı Tale məhəllə etikasının incəliklərini çox gözəl bilir, belə insanların fitnəsiylə nə qədər gənc öz anasını, bacısını doğrayıb, qonşusunu güllələyib! Yəni Hacı Tale peşəkar fitnəkardır.
Təkrar edirəm ki, Hacı Talenin heç bir social, iqtisadi proqramı yoxdur. Hakimiyyət ehtirası var. Kütlə üzərində hakimiyyətin şirinliyindən məst olub və axıracan getməyə hazırdır. Öz miqyası hələlik ölkə üçün kiçiklik edir. Ona görə də İmam Hüseyni qabağa atıb. Əslində real İmam Hüseynin Hacı Talenin qara bayrağa qaldırdığı Hüseynlə heç bir əlaqəsi yoxdur. Hacı Talenin kütləyə sırıdığı imam Hüseyn Hacı Talenin qurmaq istədiyi totalitar dövlət üçün mifik fürer surətidir. Və bu mənada Hacı tale İslamı da, şiəliyi də, İmam Hüseyni də diskreditasiya edir…

