Архив тегов | Şirvan Kərimov

QURBAN MƏMMƏDLİNİN OĞLU QOŞQARA AÇIQ MƏKTUB

Cənab Qoşqar Qurban oğlu Məmmədov!

Yəqin ki, atanız Qurbanın çıxardığı hoqqalardan xəbəriniz var və bu hoqqalarda sizin də iştirak etdiyiniz şübhəsizdir. Atanız çoxdan başını itirib və nə elədiyini bilmir. Bəs siz?

Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası ilə tanışsınızmı? Əgər məktəbdə atanız kimi oxumusunuzsa, tanış deyilsiniz.  (Atanızın problerinin əsasında duran səbəblərdən biri onun kəmsavadlığıdır). Bu komediyada tacir Hacı Qəmbər gəminin qəzaya uğraması nəticəsində malını itirəndən sonra dəli olub küçələrə düşmüşdü. Atanınızın dəliliyini Bakıda mülkünün dağıdılması ilə izah etmək olardı, ancaq Qurbanın dəliliyi çoxdankı xəstəlikdir, bəlkə də atanız şizofreniya ilə doğulub, əvvəllər özünü zəif büruzə verən xəstəlik yaş keçdikcə və atanızın uğursuzluqları, bununla bağlı pataloji kini artdıqca xəstəlik şiddətlənib və indi Qurban xəstəliyini yox, xəstəlik Qurbanı idarə edir.

Mən sizin atanızdan çox yazmışam, əsasən felyeton janrında. Yəni onun çıxışlarına bəzən yumşaq, bəzən sərt gülmüşəm. Biz hər ikimiz Bakıda olsaydıq da, bu, təbii sayılmalı idi. Yəni demokratik mətbuatın mövcud olduğu ölkədə siyasətçilərlə jurnalistlərin münaqişəsi hər cür hiss doğura bilər, bircə şeydən başqa – qisas hissindən. Ancaq atanız demokratik təbiətli adam deyil, onun siyasətinin mahiyyəti dəstəbazlıqdır, dəstə yaradıb onun başında durmaq. Bacarsa, elə bütün ölkəni belə bir  dəstəyə çevirər. Yəni indi əsl öz yerini tutub, YouTube-da kanal yaradıb və kəmsavad, nadan insanlardan ibarət auditoriyasını bütün Azərbaycan elan edərək özünü prezident sayır. Bu sitüasiya başqa bir dəlini – Qoqolun “dəlinin qeydləri” əsərinin qəhrəmanı Poprişşini yada salır. Oxumusunuzsa, yadınızda olar: mərhumiyyətlərlə, alçalmalarla dolu həyatdan psixikası pozulmuş Poprişşinə birdən inam gəlmişdi ki, o, İspaniya taxt-tacının varisidir…

Atanızın Poprişşinə oxşadığını görmürsünüzmü? Görmürsünüzmü onun “yaratdığı” “parlament” dəlixananı xarıtladır? Görmürsünüz ki, atanızın dəliliyi keçici imiş və Ərəstun Oruclu da əməlli-başlı zəncirli dəliləri xatırladır?

Son həftələrdə atanız mənə və Samranın ən hörmətli insanlarından birinə qarşı çox abırsız bir kampaniya başlayıb. Bunun səbəbi, əlbəttə, çox az dərəcədə mənim ondan yazıdığım felyetonlardır. Əsas səbəb hörmətli Şirvan Kərimovun təxminən beş il əvvəl başçılıq etdiyi təşkilat üzvlərindən hər hansı iaənəni təşkilatın adından yox, öz adlarından göndərmələrini tələb etməsidir. Yəni Şirvan Kərimov sizin atanızla hər hansı əməkdaşlıqdan qaçıb və yaxşı da eləyib. Çünki Şirvan nə Rusiya, nə Azərbaycan siyasətinə qarışır, başçılıq etdiyi təşkilat da siyasi deyil. Atanız niyə məhz bu kampaniyanı indi başlayıb? Bir neçə diaspor təşkilatı rəhbərinin Rusiyada orqanlar tərəfindən məsuliyyətə cəlb olunması ilə əlaqədar, elə deyilmi? İndi Qurban bu hadisələri Rusiya hökuməti tərəfindən aparılan kampaniya sayaraq ona qoşulur və acığı gəldiyi, ona maliyyə dəstəyi göstərməmiş Rusiya azərbaycanlılarını tutdurmaq istəyir, elə deyilmi? Özü də acizanə Vladimir Vladimoroviç Putinə müraciət edir, halbuki dünənəcən Putini ən qanlı diktator adlandırırdı. Siz belə ataya görə utanmırsınız?

Şirvan Kərimov Samara Daxili İşlər İdarəsi yanında İctimai şuranın üzvüdür Uzun illərdən bəri. Bu orqana nəinki həbsdə olmuş, hətta haqqında haçansa təhqiqat aparlımış insanlar da üzv ola bilməzlər. Yəni Şirvan Kərimovun haçansa tutulduğu barədə məlumat ağ yalandır. Yaxşı, atanızın başı xarabdır, abrını itirib. Bəs siz utanmırsınız?

Atanız mənim haqqımda deyir ki, atam yəhudidir. Sənədi var? Bəlkə surətini mənə göndərəsiniz? İsraildən vətəndaşlıq alardım, bəlkə pul da. Hə?

Atanız deyir ki, məni Samarada “Bomj Xeyrulla” adlandırırlar. Yəni müəyyən yaşayış yeri olmayan adam. Cənab Qoşqar, mənim yaşayış yerim həmişə müəyyən olub. 28 yaşa qədər Azərbaycanda yaşamışam, üç il Moskvada, Ədəbiyyat institunun aspirantı olanda, ünvanım: Dobrolyubov küçəsi, 9-11. Samaraya (Kuybışevə) 1985-ci ildə gəlmişəm, üç həftənin içində daimi qeydiyyata düşmüşəm. Üç həftəni isə aspirant yoldaşım, indi pedaqoji universitetin professoru olan Vladimir Nemtsevin qonağı olmuşam.  Heç vaxt evsiz olmamışam. Atanızın cındır agenti ünvanımı yaxşı bilir, çünki dalımca gəzir. Adı Aftandil Quliyevdir, saxta polkovnik, alfons və eksqibisionist.

Utanırsınız?

Atanızın “bomj” dediyi adam dünya ədəbiyyatınin iki şedevrini – Biofulu və Nibelunqları Azərbaycan dilinə tərcümə edib. Hər iki əsər Bakıda çap olunub. Vaxt gələcək, azərbacanlıların daha işiqlı nəsli mənə minnətdarlıq ifadə edəcək, sizin atanızın xatirəsi isə lənətlənəcək.

Atanız məndən cavan olsa da, o da qocalıb. Bu gün-sabah gəbərəcək. Siz isə cavansınız, ömrünüzün qalanını onun poxundan təmizlənə bilməyəcəksiniz. Siz başa düşmürsünüz ki, belə ata bütün ailəni və hətta bütün nəsli hörmətdən salır. Siz belə ata ilə necə bir süfrə başında otura bilirsiniz?

Bəlkə siz də şayiələrə inanırsınız? Şayiələr çoxdur. Məsələn, deyirlər ki, Qurban Məmmədli öz gəlini ilə yaxın əlaqədə olub və nəvələrinin birinin atasıdır. Deyirlər Bakıdakı mülkündə bacıları və qızları fahişəlik edirlərmiş, ona görə Əliyev oranı dağıdıb. Deyirlər Qurbanın nəvəsi ərəblərə seksual xidmət göstərir. Çox şey deyirlər. Mənim polisə adam satmağıma inananda gərək bunlara da inanasan. Elə deyilmi, cavan oğlan?

Qurban Məmmədlidən uzaqlaşın. Yoxsa ömrünüz boyu sizdən onun yediyi poxların iyi gələcək. Vallah, belədir.

Xeyrulla Xəyal

(ünvanımı atanızın cındır agenti bilir)

28. 09. 2025, Samara

TANRI BİLİR CANI SÖZÜMÜN NƏDİR…

MƏN 1 YANVAR 2025

Ümidim yox idi çıxam son ildən,
Çıxdım – yerindədir əlim-ayağım.

Tanrıdan istəyim budur indi də,

Bu rus qışından da birtəhər çıxım.

 +

Möhlət istəyərəm yaşasam yazı,
Yayın, nə gizlədim, həsrətindəyəm.

Yayda sümüklərim yaxşıca qızır,
Tanrı özü bilir, deyəm-deməyəm.

 +

Demirəm işlərim qalıb yarımçıq,
Demirəm bitməmiş əsərlərim var.

Kiçik adam kimi miqyasım kiçik,

Niyyətim, arzum da özümə oxşar…

 +

Yaxşı bir kitab var, nə vaxtdan bəri,
Onu oxumağı planlayıram.

Mozartın bir sıra var  əsərləri,
Dinləmək istərdim onları tamam.

 +

Vallah, deyiləsi deyil bəlkə də,
Tanrı yaxşı bilir hər şeyi ancaq –

Bir yay köynəyim var, təzə kimidir,

Mən onu geyməsəm, kimə qalacaq?

 +

Ayaqqabım da var, çox az geymişəm,

Yeyilmək izləri yox dabanında.

Ayrı şeylər də var, ayıbdır desəm,
Mənə bir dost alıb evim yananda….

 +

Yanan evdən deyim, bilsə də Tanrı:

Bərpa işi gedir, yubanır ancaq.

Bəlkə də alaram yazda açarı,

Əsl yaşamaqsa yayda olacaq…

 +

Bilirəm ayıbdiır mən dediklərim,

Möhlətə üzrlü səbəb deyildir.

Həyatın özü tək istəyim qədim –

Tanrı bilir canı sözümün nədir…

 

01. 01. 2025, Samara

 

İNTİHAR HAQQINDA…

09. 10. 23

Mənə xəbər verdilər ki, Mərhum Məmmədhəsənin nəvəsi, qızı Dürnisənin Yusif adlı oğlu özünü öldürüb. Çox məyus oldum…

Mənim yaşım çoxdur, ona görə Məmmədhəsənin gənc vaxtlarını xatırlayıram. Məmmədhəsən yaxşı feldşer idi, Ərəbqardaşbəyli ilə Bala Surra arasında hər cür havada əvvəllər piyada, sonralar motosikllə çapır, evləri qapı-qapı gəzir, gecə də dalınca gələndə dinməzcə durub xəstə üstünə gedirdi. Orta təhsilli feldşer olan Məmmədhəsənə kənddə “doxdur” deyirdilər, o vaxtlar o, “doxdur” adına layiq idi.

Sonralar, təəssüf ki, Məmmədhəsəni mağaza xarab elədi…

Dürnisəni – Dürnisə müəllimi — yəqin ki, şagird olduğu vaxtlar görənəm. Mərifətli qız idi, çalışqan idi.

Hər dəfə hər hansı gəncin intihar etdiyini eşidəndə, onun ata-anasını düşünürəm. Balasını itirmiş ata-ana üçün həyat kökündən dəyişir, yeyib-içdiyi zəhrmara dönür. Mənim kiçik qardaşım Salman səkkiz yaşına çatmamış qəfil xəstəlikdən öləndən sonra məməm yasdan çıxmırdı, xasiyyəti də çox dəyişdi…

Təbiətən intihara meylli insanlar var. Nəzarətsiz qalanda özlərinə çox hallarda ölümlə nəticələnən ağır xəsarət yetirirlər. Bu, patologiyadır, psixikanın pozulmasıdır. Bəs sağlam adamlar özlərini niyə öldürürlər?

Mütəxəssislər yaşla əlaqəli böhranların yeniyetmələrdə 12-14 yaş arasında, kişilərdə 20-30 yaş arasında olduğunu qeyd edirlər. 60 yaşdan sonra belə böhranlar hər iki cinsin nümayəndələrində ola bilər.

İntihar sövq edən əsas səbəblərdən biri depressiya sayılır. Depressiya halında nə  ümid var, nə istək. Yaşamaq mənasız görünür.

Narkotik keflənmə halında intihar edənlər çoxdur. Doza qəbul etmiş narkoman üçün varlıqla yoxluq arasında fərq itir, ölüm narkotik keflənmə halında olan insan üçün heçlik deyil, nirvananın daha bir qatıdır…

Bəs sağlam, ağlı başında olan adam özünü niyə öldürür?

Mən Dürnisə müəlimin əziz balasının ölümü ilə bağlı heç bir spekulyasiya eləmək fikrində deyiləm, çünki hadisənin təfərrüatı barədə heç bir məlumatım yoxdur. Mən, yeri gəlmişkən, Azərbaycanda epidemiyaya çevrilmiş intihar halları haqqında öz fikrimi demək istəyirəm.

Məlum olduğu kimi, cinayət məcəlləsində “intihar həddinə çatdırma” kimi maddə var. Yəni insana o qədər fiziki və mənəvi işgəncə verilir ki, çıxış yolu görməyib özünə qəsd edir. İnsanı intihar həddinə öz ailəsində də çatdıra bilərlər – qayınana gəlini, gəlin qayınananı, ər – arvadı, valideynlər övladı. Belə cinayətlərin çoxu ört-basdır edilir, guya ailə şərəfini qorumaq üçün intiharın əsl səbəbi gizlədilir.

Çoxumuza məlumdur ki, hər ailə mehribanlıq hökm sürən isti ocaq deyil, əksinə zülm ocağıdır. Hər ailəyə isə nəzarətçi qoymaq olmaz ki, ata-ana uşaqlarıyla insan kimi rəftar eləsin. Ancaq intiharın profilaktikası vacibdir. Daim, intensiv, ardıcıl şəkildə uşaqlara aşılanmalıdır ki, həyat möcüzə sayıla biləcək nemətdir və biz bu nemətin üstündə elə əsməliyik ki, sanki qıraqlarına qədər dolu camı daşlı-çınqıllı yolla aparırıq. İntihar isə insanın ata biləcəyi ən uğursuz, ən mənasız addımdır.

Ailə zülm ocağıdırsa, onu tərk eləmək lazımdır.

Ordudan tez-tez əsgərlərin intihar xəbərləri gəlir. Əgər komandir, gizir, əsgərə işgəncə verir, alçaldırsa, əlində avtomat olan əsgər niyə o zalımı yox, özünü öldürsün?

Azərbaycanda depressiyaya uğramamq üçün polad sinirlər lazımdır. Bu kiçik ölkə böyük bir türməni ya da, dəbdəbəli toyların çalındığına baxmayaraq, böyük bir yasxananı xatırladır. İndi sərhədlər də bağlıyıblar ki, insanlar klaustrofobiya azarına tutulsunlar…

Futbol həvəskarları yaxşı bilirlər: həftənin dörd-beş günü Avropa ölkələrində milli çempionatların yarışları keçirilir. 50, 60, 70 hətta 90 minlik stadionlar dolu olur. İrili-xırdalı bütün şəhərlərdə opera tapmaşaları gedir, simfonik orkestlər çıxış edən filarmoniyalarda anşlaqdır. İndi bütün Avropa şəhərlərinin geniş küçələrində, meydanlarında milad yarmarkaları keçirilir. Adamlar keyfiyyətli, səmərəli işləyir, keyfiyyətli dincəlirlər. Qocalıb pensiyaya çıxanlar qollarını-qıçlarını uzadıb ölümü gözləmirlər, səyahət edirlər, cavanlıqda arzusunda olduqlaırı yerləri gəzirlər. Adamların söz demək, fikir ifadə etmək, siyasi fəaliyyət göstərmək azadlıqları, özlərini müstəqil məhkəmələrdə müdafiə etmək imkanları var. Azərbaycanda söz danışanı, söz yazanı şərləyib dama basır, türmədə çürüdürlər, kütləvi qorxu psixozu yaratmaq üçün  millətin fəxri sayıla biləcək gənc jurnalist qızları zindana atan, əhalini dilsiz-ağızsız mal-heyvana çevirmək istəyən Əliyev Amerikaya, Fransaya hərbə-zorba gəlir. Sosial vəziyyətindən asılı olmayaraq  hər hansı bir insan özünü Azərbaycanda azad hiss edə bilərmi? Yox, edə bilməz. Əgər edirsə, deməli o, narkotik keflənmə halındadır, reallıqla illüzor olanı bir-birindən ayıra bilmir…

Əgər intiharın əsas səbəblərindən biri depressiya sayılırsa, bu depressiyanı yaradıb bütün əhalini ona düçar edən Əliyev rejimidir. Ancaq bu rejimdən də qəddar rejimlər olub və adamlar çıxış yolunu intiharda yox, rejimlə mübarizədə görüblər. Zülm ailədən gəlirsə, o zülmə ailədə qarşı durmaq lazımdır, sənin intiharın zənin zülmkarına hədiyyədir.

Sirr deyil ki, bəzi gəncləri intihara aparan depressiyanın özünə uğursuz sevgi səbəb olur. Yeniyetmə, gənc sevgi uğursuzluğunu ağır yaşayır. Ancaq həyatın özündən yüksək olan heç bir duyğu yoxdur. Sevgi də, dərd də, ən müxtəlif başqa yaşantılar da həyatın təzahürüdür. Həyat varsa – yeni sevgilər, yeni münasibətlər yaranacaq. Valideynlər, hazırlıqlı psixoloqlar uşaqları rədd edilmə, cavabsızlıq nəticəsində yaran bilən böhrana hazırlamalıdırlar. Yəni hər hansı qız (oğlan) tərəfindən rədd edilmək, hətta atılmaq nə qədər ağrılı olsa da, faciə deyil, insan təbiəti dəyişkəndir, dəyişməyə, reabilitasiyaya qabildir və bu qabiliyyət bizim ən ağır yaralarımızı sağaldır, yeni münasibətlərə, sevgilərə qovuşdurur.

Bu yaxınlarda mənim 71 yaşım tamam oldu. Ölmək istyirəmmi? Yox. Bilirəm ki, yaşadığım hər gün ən sonuncu ola bilər. Ancaq təbii olacaq hadisəni özüm icra eləmək istəmirəm. Çünki həyatın əksi – heçlikdir. Axirətə inanmıran, cənnəti, cəhənnəmi heç bir sübutu olmayan fantaziya sayıram. İndi küçədə yumşaq qar yağır, şaxta üç-dörd dərəcədir, yəni çox xoş hava var, mən də qardaşoğlu Yusifin Bakıdan hədiyyə göndərdiyi noutbukda intihar əleyhinə fikirlərimi yazıram və hamını həyatı sevməyə çağırıram.

İyunun 5-dən 6-na keçən gecə mənim yaşadığım ev yandı. Nəyim vardısa odda və yanğınsöndürələrin vurduğu suda məhv oldu. Mən hər şeyimi itirib indi tamam dəyərdən düşmüş pensiya ilə qaldım. Binanın qarşı tərəfndəki səkidə durub üç-dörd saat ərzində yanğını müşahidə edərkən intihar barədə düşünürdümmü? Konkret intihar barədə düşünmürdüm, ancaq bundan sonra necə yaşayacağımı təsəvvür edə bilmirdim…

Səhərə yaxın zəngilanlı Şirvan Kərimov daha iki soydaşla yanğın yerinə gəldi, iki-üç saatdan sonra mənartıq hamamlanıb təzə paltar geymişdim…İndi bir neçə aydır ki, ev, o cümlədən mənim mənzilim Şirvan Kərimovun nəzarəti altında və dövlətin ciddi köməyi ilə yenidən yaradılır. Mənə yaxşı ev tutublar, mərkəzdə sakit həyəti olan qədim binadır. Altı ay ərzində iki kitablıq tərcümə eləmişəm və yazmışam…

Özünüzdən muğayat olun, bir-birinizi qoruyun, yəni qıraqlarına qədər dolu cam aparan adamın titrədiyini görəndə ona dəstək olun ki, camdakı cövhəri dağıtmasın…

Dürnisə müəllimə, faciə üz vermiş ailənin bütün üzvlərinə səbr diləyirəm.

X.X.

  1. 12. 2024, Samara

YANĞINDAN SONRA: HAMINIZ SAĞ OLUN!

Mən bədbəxt hadisə nəticəsində evimin yanmağını müzakirə mövzusuna çevirmək istəməzdim, ancaq yanğından sonra məni dərhal qayğı ilə əhatə etmiş insanlara minnətdarlığımı bildirməyi özümə borc bilirəm.

Yanğın yerinə ilk gələn Camal Əkbərov olub. Xəbər tutan kimi Şirvan Kərimov və Namiq Məmmədov gəliblər. Şirvan Kərimov dərhal bütün adminstrativ və qeyri-formal resurslarını səfərbər edib. Yanğın yerinə gəlmiş rəsmilərin dediyinə görə mən müvəqqəti idman zalında ya ona bənzər bir yerdə yerləşdirilə bilərdim.Ancaq yanğından sonra bircə gün də məişət çətinliyi çəkməmişəm. Bir gün Seyid Camalın evində qonaq olandan sonra Şirvan müəllim məni yaxşı xəstəxanaların birində təkadamlıq palataya yerləşdirib. Orda qaldığım iki həftəyə yaxın müddətdə personal mənə yaxşı baxıb, lazım bildikləri bütün müayinləri və müalicəni təyin ediblər. Bir neçə gündür ki, Şirvan müəllim mənə yaxşı bir mehmanxanada yer alıb. Rus demişkən: jivi ne xoçu. Hər şəraiti var. Avropa çempionatının oyunlarlna baxıram. Şirvan müəllim, Namiq Məmmədov, Camal Əkbərov mənə tez-tez baş çəkirlər.

Vacib daha bir şey: kompüterim yanğında məhv olduğundan ilk günlər yalnız çox çətinliklə telefonda yazırdım. Qardaşım oğlu Yusif Süleymanlı Bakıdan mənə gözəl bir noutbuk göndərib. İndi heç qırağa çıxmaq istəmirəm. Bernsi dilimizə çevirirəm. İstərdim ki, haçansa Yusifin uşaqları hansı dərslikdəsə, hansı mənbədəsə mənim işimə rast gəlib başıbəla və başabəla Xeyri babaları ilə fəxr eləsinlər.

Yanğınsöndürənlərin çıxardığı telefonumu və məhv olmuş kompüterin bərk diskini bərpa etmiş Anar Elxan oğlu Quliyevə hədsiz minnətdaram.

Köməyini əsirgıməmiş Rəhman Əliyevə də təşəkkürümü bildirirəm.

Bilirəm ki, qabaqda çətinliklər çox olacaq. Mən minimum pensiya ilə mənzilsiz qalmışam. Vəzifəm, borcum, məqsədim depressiyaya yenilməməkdir. Buna ancaq iş görməklə nail olmaq mümkündür. İşə isə həvəsliyəm, qüvvəm də var. Çünki yaxşı yeyib-içirəm, şəraitim də çox yaxşıdır.

Mənə dayaq durmuş, telefonla da olsa kömək təklif etmiş soydaşlarımızın hər birinə təşəkkür edirəm. O cümlədən Füzuli Hüseynova və Rövşən Quliyevə.

Çox sağ olun!

Xeyrulla

25. 06. 2024, Samara

ÖVLAD DƏRDİNİ ATALAR NECƏ ÇƏKİRLƏR? MÜXTƏLİF CÜR YA HEÇ CÜR…

ÖVLAD ÖLÜMÜ

Qirx ildən də əvvəl mənim çox yaxın bir qohumum Sovet Ordusunda xidmət zamanı intihar etdi. Əsgərliyə tibb institutunun son kursundan getmiş qohumum çox parlaq, zəkalı gənc idi. Sayı və çətinlikəri çox olan ailəsində ona şahzadə kimi münasibət göstərilir, şahzadə kimi sevilirdi. O, valideynlərinin, bacılarının ümidi idi…

Meyidinin Çin sərəhdindən gətirilməsi xeyli çəkdi. Noyabrın yağışlı günlərində bir həftə davam edən yası, həyətdə brezentdən çəkilmiş böyük çadırı, girişdə tüstülənənən qaz sobasını, gələnlərə çay, yemək vermək qayğısı ilə vurnuxan qohumları tz-tez xatırlayıram. Çadıra yeddi gün ərzində başsağlığa gələnlərdən, əldə-ayaqda işləyənlərdən indiyəcən sağ qalan az olar… Biri mənəm…

Qadınlar öz mollaları ilə evdə və geniş aynabənddə otururdular. Günortaya yaxın ağlaşma başlanırdı. Qıyyalar məhəlləni götürürdü, çadırdakı kişilər söhbəti kəsir, başlarını az qala stolun üstünəcən endirib siqaret trüstülədirdilər…

Mən bütün yeddi günü mərhumun anasının gözünə görünəkdən qaçırdım. Ölən gənclə qohumuqdan başqa yaxın dost idik, bir yerdə çox olurduq. İndi məni sağ-salamat, həyətdə gəzib-dolanan görən ananın dərdinin üstünə dərd gələrdi…

Yeddi gün bitdi. Çadır yığışdı. Səkkizinci gün həyətə ancaq yaxın qohumlar gəlmişdilər ki, borc gətirilən şeylər yiyələrinə vaxtında qaytarılsın. Mən nə qulluq üçünsə evin qabağından keçəndə yaslı ana artırmanın girişində qabağıma çıxdı. Elə bil ki, sinəmə tüfəng dirədilər – özümü itirmişdim…Ancaq ana qışqır-bağır salmadı, qıyya çəkmədi, məni qabaqkı kimi mehriban dindirdi. Əlində bir bağlı ağ lent vardı, bu cür lentlə, məsələn, qızların saçına bant vururlar. Qohumum ağ lent bağlısını mənə göstərib dedi: “Qızın şöbəsinə (qızı univermaqda işləyirdi) çoxlu ağ lent gəlib, ancaq ağ lent yaxşı satılmır, qırmızı yaxşı gedir, toylara alırlar. Ona görə ağ gətirir, evdə qırmızı boyayırıq…”

Dərhal yüngülləşdim. Başa düşdüm ki, ana nə dəli olacaq, nə özünü öldürəcək. Yenə öz xırda alverinə qayıdacaq, ağ lenti qırmızı rəngləyəcək, özgə toylarına gedəcək, sonra özü də qızlarına toy eləyəcək…Qırmızı lentlərlə maşın bəzəyəcək…

Mən uşaqlıqdan eşitmişəm ki, ölənlə ölmək olmaz. Doğru və sağlam fikirdir. Ancaq övlad ölümü qeyri-adi ölümdür. Çexovun “Тоска» hekayəsində oğlu ölmüş ata deyir ki, “…ölüm qapını dəyişik salıb…Mənim əvəzimə oğlumun dalınca gedib…”

Arabaçı Kuzma İonıçın oğluna ürəyində tutduğu yas bəlkə şahzadələrə də tutulmur… Öləni qaytarmaq olmaz, ancaq öмladının itiriş ata-ananın ürəyində daim Mozart rekviyemi səslənməlidir…

 

ÇEXOV “QÜSSƏ”Sİ… ATA DƏRDİ…

İonıç arabaçıdır, bir həftədir ki, yeganə oğlu ölüb. Çörək pulu üçün şəhərə gəlib. Qış olduğundan müştəri seyrəkdir, hərdən sərnişin tapılanda İoana ona öz dərdini danışmaq istəyir. Ancaq İonıça qulaq asmaq istəyən yoxdur. Sərnişin içkilidirsə, daldan arabaçının boynunu yumruqlayır da ki, tez sürsün. Qaldığı karvansarada da onu heç kim dinləmək istəmir. Gündüz hərə bir işin dalınca gedir, axşam elə yerdə yanbayan uzanıb yatışırlar. İonıçın gözünə yuxu getmir. Durub gedir tövləyə, atının boynunn qucaqlayıb ona deyir: “İndi deyək ki, sənin dayçan var, sən də o dayçanın doğma anassan… Birdən, deyək ki, bu dayça getdi o dünyaya… Ağırdır, eləmi?”

Mənim övladım yoxdur, ancaq qardaş, bacı uşaqlarına sevgim çox olub, qəriblikdə şəkillərini gəzdirmişəm, səsləri, sğzləri qulağımdan getməyib. Xəstəlikdən, bədbəxt hadisədən ölən və ya vəhşicəsinə qətlə uyetirilən uşaqlar haqqında oxuyanda dəhşətə gəlirəm. İlk növbədə onların valideyinlərini düşünürəm. Mənim qiçik qardaşım səkkiz yaşına çatmamış ölüb və o vaxtdan anamın həyatı cəhənnəm olub, xasiyyəti dəyişib… Şəhidlərin ataları, anaları… Onlar necə dözürlər, necə?

Və yaşım və təcrübəm çox olduğundan deyə bilərəm: müxtəlif cür.

Hansısa ata ya ana dərdini öz əvvəlki məşğələlərinə qayıtmaqla, ağ lenti qırmızı boyamaqla dərdini unudur. Tamam unutmasa da, yüngülləşir.

Unutmayanlar, yüngülləşməyənlər də çoxdur. Nə qədər şəhid atası və anası ölüb! Hələ özləri cavan olan ata və analar. Dözməyiblər yeyib-içməyiblər, ürəkləri partlayıb…

Ancaq bəzi şəhd ata və analarının günləri YAP tədbirlərində keçir, müsahibə verirlər, övladlarının ölümüylə fəxr etdiklərini deyirlər, prezidentə, prezidentin birinci xanımına təşəkkür edirlər…

Yeganə oğullarını itirmiş ata və analar. Dəhşətdir. Aldıqları yardım, mənzil, maşın onları o qədər azdrır ki, prezidentin və irili-xərdalı bütün məmurların övladılarının nədənsə bu şərəfli müharibə nəyə görəsə iştirak etmədiklərini, bu şübhəli “şərəfi” kasıbların üstünə atdıqlarını düşünmürlər…

 

22.12. 2023, Samara

(ardı var)

AQŞİNİN XATİRƏSİNƏ        

ЗА СТОЛОМ ШАМИ И ШАФИГА.jpg

Əziz, şirin nə varsa,
Tanrı, bizə verən sən.

Nəyimiz var, alırsan,

İstəyəndə geri sən.

Hazırıq hər cəzaya,
Həqir, lal dayanarıq.

Çılpaq gəldik dünyaya,
Çılpaq da qayıdarıq.

Başımıza nə gəlsə,

Diləmərik mərhəmət,

Rəhman da, rəhim də sən,

Özün bilən məsləhət.

Lütə, evi yanana,

Yiyə duran tapılar,
Yuvadan qovulana,

Açılacaq qapılar.

İncidilən, əzilən,

Əzizlənər, ovunar.

Gedəridir hər gələn,

Hər sınağın sonu var.

Nə versən – şükürlüyük,

Baş əyirik nə alsan.

Səndə səxavət böyük,

Ədalətdə alisən.

Nəyik, kimik ki, səndən,
Tanrı, istəyək əvəz?

Nə istəsən, bəndədən,

Götür, mehriban, əziz!

Verdiyin malı götür,

Tikilənləri dağıt!

Gəlsən övladdan ötrü —

Qurban verək  övladı!

Əyyuba verdiyinlə,

Bizi ovutma ancaq.

Təzə mal, övlad deyil,

Səbir ver bizə azca…

13.01.2018

Samara

AQŞİNİN ÖLÜMÜNƏ

В ПАПАХЕ aqşin.jpg

       AQŞİNİN ÖLÜMÜNƏ

 

Bu gün ağlayarıq, bəlkə sabah da,

Sonra gözümüzün yaşı tükənər.

Bu gün ölüb-getmək arzulasaq da,

Sabah həyat eşqi güc gələr yenə.

 

Yenə sinə dolu nəfəs alarıq,
Havasız yaşamaq həyat deyil ki.

Qarnımız acıyar- süfrə salarıq,

Allah verdiyindən ortaya töküb.

 

Yağışdan, küləkdən yenə qorxarıq,

Yenə üşüyərik qarda-şaxtada.

Bürkülərdə sərin yer axtararıq,

Yatıb dincələrik rahat otaqda.

 

Hıqqana-hıqqana klinikaya,

Gedib analiz də verərik hərdən.

Yaxşı cavab üçün elərik dua,

Alanda paylarıq bəlkə nəzir də.

 

Gedib beşdə-üçdə iynələnərik,
Ya da həkim gələr ayağımıza.

Ayaqdan düşəndə iməkləyərik,

Qara günümüzə ağlayarıq biz…

 

Ancaq unudulmaz bircə an belə,

Birdən açılmamış qönçə tək solan,

Özü öz əliylə gülləyə gələn,

Bir dünya bəzəyi, ümidi oğlan…

 

Ürək ağrısından, baş ağrısından,

Daha ağır olar xəcalətimiz.

İndi yaşadıqca hər saat, hər an,

Elə bil ən ayıb iş tuturuq biz…

 

05.12.2017

Samara

QƏBİR İTİMİ — QƏDİR İTİMİDİR…

           

“Müəllim, indi ki sən deyirsən bahadır, mən lap havayı düzəldərəm, mən o arvadı yaxşı tanıyırdım, böyük hörmətim vardı ona…”

Spesifik məntiqdir – qiymətdən düşmür, ancaq işi guya havayı görməyə də hazırdır. Anacaq sifarişçi Məmmədağa müəllim təccüblənmir — ona görə yox ki, riyayaziyyatı tədris edir və məntiqi mühakimənin hər cür mümkün yayıntılarına adət edib. Spesisifik məntiq  bəlkə də peşə spesifikliyindən doğur – müsahibi “sənətkardır”, qəbir daşı yonur… O ki qaldı “arvadı” yaxşı tanımağına… “Arvadı” Salyanda və ətraf rayonlarda kim tanımırdı ki. Gəl ki gəbrinin yerini dəqiq göstərməyə uzun müddət bir adam tapılmırdı. Azərbaycanın əməkdar həkimi Klavdiya Fleqontovna Şarovanın qəbrini…

1986-cı ilin payızında o vaxt Kuybışezv adlanan Samaradan məzuniyyətə gələndə doktor Şarovanın uşaqlıq və ilk gənclik illərinin keçdiyi şəhərin şəkillərini gətirmişdim. Klavdiya Fleqontovna onlara baxdıqca gözləri yaşarır, küçələrin, meydanlarin indiki yox, onun ailəsiylə aclıqdan xilas olmaqçın ekstremal şəraitdə Samaradan çıxıb nisbətən çörəkli sayılan Sibirə yollandığı vaxt daşıdığı adları tez və səhvsiz deyirdi. Səksən üç yaşlı doktorun nəinki yaddaşı qaydasındaydı – hər bazar ertəsi xəstəxanada onun əməliyyat günüydü. Klavdiya Fleqontovna 1991-ci ilin yanvarında baş verən ölümünün yaxın ərəfəsinə qədər işləmişdi.

Yetmişinci illərin əvvəllərində doktor Şarovanın ailəsiylə tanış olanda, əlbəttə, ağlıma da gəlməzdi ki, həmişəlik rəqəmlər, tarixlər və ərazilərin mistik cazibəsinə  düşürəm. O vaxt mənim üçün vacib başqa şeylər idi. Mənə doktorla tanışlığın ilk günlərindən aydın olmuşdu ki, mənim təhsilim qiyabi oxuduğum universitetdən çox Salyanın bəlkə də ən odioz məhəlləsindəki ikimərtəbələrdən birinin ikinci mərtəbəsindəki mənzillə bağlı olacaq. Şəhərin girəcəyində, avtovağzaldan iki addım aralı olan düzbucaq şəkilli bu məhəllə bir-birinin eyni olan bir neçə ikimərtəbə “hökumət evindən ibarət idi. Asfaltı min yerdən çatlamış həyətin düz ortasında ümumi ayaqyolular vardı və xüsusən ikinci mərtəbədən düşüb aftabanı qıçlarına sıxa-sıxa üfunəti havalanıb avtovağzal həyətindən qalxan qoxulara qovuşan ayaqyoluna başıaşağı gedən arvad-uşağı görəndə adam istəyirdi qurd olub ulasın. Və elə qərb radiolarına qulaq asmaq, Folkneri və Dostoyevskini oxumaq, dil öyrənmək də ümidsizlikdən ulamaq kimi şeydi – yəni ki, neyləyirsən eləyəsən, bircə şura hökumətiylə və kommunist partiyasıyla unison oxumayasan…

Doktor Şarovanın mənzilinə girən kimi tarix, dövr dəyişirdi, düşürdün iyirminci əsri əvvəlinə, hələ ondan da o yana, on doqquzuncu əsrə. Puşkin, Tyütçev, Gertsen… Vəkil qızı, gimnaziya məzunu doktor Şarova fransızcanı da unutmamışdı… “O da haqlı deyildi, Xeyürulla müəllim, axı o, övladlarını ədəbi irsinə hüquqdan mərhum edib lüt qoymaq istəyirdi…” Uşaqlara münasibət məsələsində Klavdiya Fleqontovna hətta Tolstoyla da mübahisəyə hazırıydı, özü nəinki Salyandakı evi saxlayır, hələ bütün pensiyasısını mərhum oğlu İskəndərin Bakıdakı ailəsinə göndərirdi. İndi doğma nəvələri yetkin, ailəli adamlardır, nənərinin harda basdırıldığından xəbərləri yoxdur. Deyilənə görə, doktor Şarova öləndən sonra gəlini son məqamda da olsa özünü yetirib mərhumun evinin qonşular tərəfindən yağmalanmasında iştirak etmişdi. Zəngin kitabxana tamam dağıdılmış bütün qab-qacaq, son qaşıq-çəngələ qədər, aparılmış,    paltarların bəyənilənləri götürülmüş, bəyənilməyənlərdən də xəz yaxalıqlar kəsilmişdi. Qızıl-gqmüş, əlbəttə, birinci növbədə… Kitabxananı doktor əsasən Azərbaycanda yaşadığı altımış ilə yaxın vaxtda yığmışdı, ancaq kitabların içində Omsk tibb institutunu bitirib bura işləməyə gələndə gətirdikləri də vardı. Xüsusi fəxrlə Klavdiya Fleqontovna qırxıncı illəıin axırında kosmopolitizmlə mübarizə zamanı tutulmuş tibb professorlarının kitablarını göstərirdi. Bu kitablar o vaxtlar “orqanlar”a təhvil verilməliydi. Ancaq doktor verməmişdi. Xırdaca, ağüz bu qadını az tanıyan adamlar da onun tünd göy gözlərində əks olunan ləyaqət və cəsurluğu görməyə bilməzdilər…

O, vəkil qızıydı. Evləri indi də Xlebnaya ploşad adlanan meydanın yaxınlığında olub – bura Samaranın tarixi mərkəzidir. Knyaginya Xovanskayanın gimnaziyasında oxuyub, gimnaziyanın binasinda indi də məktəb yerləşir. Volgaboyundakı ağır vətəndaş hərbindən və aclıqdan ailəsiylə Omska gələn Klavdiya burda tibb institutunu bitirib göz həkimi diplomu alır və bir müddət sonra Azərbaycanda işləyən rəfiqəsi İza Bretsenin dəvətiylə ora gedir. Traxomayla gərgin mübarizə illərində əvvəl Şəkidə işləyir, sonra Salyana göndərilir. Elə bu vaxtlarda fasilələrlə Bakıda da yaşayır — əri görkəmli veneroloq Rüstəm Talışinskiydi, altmışıncı illərin əvvəllərində o, Bakıda avtomobil qəzasında ölüb… Doktor Rüstəmin birinci arvadından olan oğlu, adıyla bağlı travmatoloji əməliyyatlar dərsliklərə düşmüş professor Rəşid Talışinski Klavdiya Fleqontovnaya sevgisi və hörməti böyükdü.  Professor Talışinski çox cavan öldü.  Doktor Rüstəm Talışinskinin dörd oğlundan heç biri — proferssorluğa Xarkovda qalxmış Rəşid, futbol məşqçisi İskəndər, müəllim Sabir, psixiatr Əli —  sağ deyil, heç bir azardan şikayətlənməyən uca boylu, enli kürəkli bu kişilər elə bil  yoxmuşlar…

2006-cı ilin yazında Bakıda Samara vilayətinin mədəniyyət günləri keçirilərkən vilayətin mədəniyyət naziri Olqa Rıbakova və “Samara vilayəti azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Azərbaycanın mədəniyyət nazirindən xahiş etmişdilər ki, doktor Şarovanın qəbrinin tapılmasına kömək etsin, qəbrin üstünün götürülməsi xərclərini Samara vilayəti çəkməyə hazırdır. Cənab Qarayev samaralı həmkarını televiziya kameraları qarşısında deyir ki, hər şey ediləcək və Salyanın başçısına rəsmi məktub göndərir. Bir neçə ay keçir, Şirvan Kərimov özü Salyana gəlir, başçıyla görüşüb deyir ki, bizə ancaq qəbrin tapılması lazımdır, üstünü özümüz götürəcəyik. Mən də görüşdə iştirak etdiyimə görə deyə bilıərəm ki, Salyan başçısı bizim yaddaşımıza silinməz təəssür saldı. “Ayıb deyil? Nə xərc? Hamısını özümüz edəcəyik, mən də o qadından çox eşitmişəm, layiqdir. Yaşadığı evə də xatirə lövhəsi vuracağıq. Nə iki ay? Nə danışırsınız? Bir həftənin içində!”

Düz bir il keçdi… Salyanlı müəllim dostum Məmmədağa Əhədov xəbər verirdi ki, heç kim əlini ağdan-qaraya vurmayıb, hərçənd qəbrin yeri tapılmışdı…

2007-ci ilin yayında Şirvan Kərimov Məmmədağa müəllimə pul göndərib xahiş edir ki, qəbrin üstünü sifariş versin. Məmmədağa müəllim spesifik məntiqli daşyonanla qiymət üstündə çək-çeviri artıq görünməsin: pul Şirvan Mürvət oğlunun şəxsi vəsaitindən idi və samaralı sədr “daşın lap yaxşısından” qoydurmağı tapşırmışdısa da, riyaziyyat müəllimi üçün bu məqamda özgə pulunu saymağın yeri vardı… Sifarişi bir az aşağı qiymətlə götürən ikinci sənətkar da Xıllınin və Salyanın göz xəstəxanalarında on illərlə baş həkim işləmiş doktor Şarovanı yaxşı tanıyırmış…(Daşyonanlara ümumiyətlə heç bir iradımız yoxdur, mən onların elə qəbiristanlıqda yerləşən emalatxanalarında oldum – çox ağır və sağlamlıq üçün ziyanlı işdir. Həm də, əlbəttə, keyfiyyələ görülərsə, nəcib işdir…)

29 avqust 2007-ci ildə kiçik bir qrup salyanlının iştirakıyla qəbirüstünün açılışı oldu. Salyan başçısı nə özü gəldi, nə bir adam göndərdi.  Yeri gəlmişkən, Rasim müəllim də doktordur, ancaq göz doktoru yox, elmlər doktoru…

O ki qaldl göz doktorlarına… Salyanlılar başqa bir göz həkiminə heykəl qoyublar, adına bağ da salıblar. Ancaq onun qəbri Salyanda deyil, heç vaxt Salyanda yaşamayşıb və, səhv etmirəmsə, heç vaxt orda olmayıb da… Yox, bu mistika-zad deyil, bu, sonralar nəsil-nəsil xəcalət çəkdirib başıaşağı edən kobud və bayağı praqmatizmdir, öz dilimizdə desək, yaltaqlıq və ayağadüçməkdir. Mistika ayrı şeydir.

Klavdiya Fleqontovna ilə doğum tariximiz eynidir – düz əlli il fərqlə. Və mən təxminən onun Azərbaycana gəldiyi yaşda Samaraya gəldim…

Mən Samaradakı şaxtalardan ona xəbər verəndə o mənə yazardı:” Mən indi orda yaşaya bilməzdim… Qocalmışam və soyuqdan elə qorxuram ki…”

Doktorun ölümündən keçən uzun illər ərzində tez-tez fikrən onunla danışıram. “Klavdiya Fleqontovna, mən də qorxuram ki, daha vətənə qayıda bilməyəm… Havası düşmür…”

Onun bir qardaşı da vardı. Batumda yaşayan Viktor Fleqontoviç kimi çox oxumuş, geniş məlumatlı və kübar adam az görmüşəm. Hərdən Salyana gələrdi. Öz ailəsi cəhənnəmdi. Qırğıya oxşayan Muza(!) adlı arvadı hər dəqiqə şığıyıb ərinin gözlərini çıxarmağa hazırdı. Müharibə vaxtı kapitan Viktor Şarovun batareyası Batumda yerləşirmiş. Günlərin bir günü batareya radioqram alır ki, yaxınlaşmaqda olan obyekt düşmən təyyarəsidir, vurun. Viktor Şarov əmri yerinə yetirir. Az sonra məlum olur ki, vurulan sovet təyyarəsiymiş… Kapitan Şarovu tutmurlar, ancaq hərbi karyerasının da üstündən xətt çəkilir…

Ruhunuz şad olsun, Klavdiya Fleqontovna! Günahlarınız, əgər vardısa, bağışlansın, Viktor Fleqontoviç! Bəlkə bir vaxt yenə görüşüb danışdıq. Bu dünyadaki qanqaralıqları, bütün ağrı və göynəmələri doğruldan yalnız buna ümiddir…

 

26.02.2008 14:48:27, Samara

 

 

“Azadlıq” qəzetində çıxıb