Архив тегов | Şirvan Kərimov Samara

NİYƏ BİZ BELƏ PAXILIQ?

Mənə bir neçə nəfə təkidlə tövsiyə edib ki, Azərbaycanda keçirilən muğam müsabiqəsində iştirak edən cənub azərbaycalısının çıxışına baxım. Baxdım, yəni qulaq asdım, bəyənmədim – səsi güclü olsa da, kaldır, texnikası qüsurludur. Üstünlüyü elə cənubdan olmağıdır. Ümumiyyətlə, mən muğam müsabiqəsinin  həvəskarı deyiləm.Başına molla papağı və ya araqçın qoyaraq münsiflər heyətində oturub qədəş kimi danışan manıs “professorlar” məni canımdan usandırırlar…

Muğam, əlbəttə, bizim sərvətimizdir, qeyrətimizdir, papağımızdır (kişilərin), ləçəyimizdir (arvadların). Muğam yeganə sərvətdir ki, hakim ailə onu yeyib-dağıda bilməz… Muğam tamamilə kəndçi-küdçünün, kasıb-kusubun ixtiyarındadır…

Ancaq muğam yeganə musiqi janrı deyil. Klassik vokal deyilən musiqi janrı var. Klassik vokal milli olduğu qədər də beynəlmiləldir və ona görə klassik vokal ifaçıları mənsub olduqları xalqı dünyaya tanıdırlar. Yaxın günlərdə Azərbaycanın iki telekanlında çıxış etmiş Nail Əkbərovun da belə bir sənətkat olacağına inanırıq. Və onun bizə ikinci vətən olmuş Samarada, necə deyərlər, gözümüzün qabağında yetişməsi, əlbəttə, hamımızı sevindirməlidir. Ancaq sevindirirmi?

Mən bir neçə gün əvvəl FB-da Nailin Bakıdakı uğurlarına həsr olunmuş bir yazı yerləşdirmişəm. Üç gün keçib, yazının altında iki “like” var. Birini mənim Bakıda yaşayan qardaşım oğlu, ikincisini isə Nailin atası qoyub…

FB-dakı “Газета Очаг Самара» səhifəsinin 893 abunəçisi var, səhifənin baş tərəfində bu rəqəmi görə bilərsiniz. Bu 893 nəfərdən ən azı üçdən biri o yazını görübmü? Deyək ki, dörddən biri, beşdən biri görüb. Bəs niyə cəmi iki nəfərin əli “like” qoymağa gəlib? Şübhəm yoxdur ki, “like” qoymaq istəyənlər olub, qoymaq istəyəndə əlləri əsib, fikirləşiblər ki, mən buna niyə “like” qoymalıyam, bunun atası mənim oğlum (ya qızım) üçün neyləyib?

Məsələ burasındadır ki, biz yaxşılığı ancaq əvəz-əvəz eləməyə öyrəşmişik. Məsələn, Camal  FB-da iki “like” yığan oğlunun toyuna 1000 adam çağırsa, ən azı 800-ü gedəcək. Çünki toy əvəz-əvəzdir. Camalın oğlunun sənət uğuruna sevinmək isə təmənnasız səxavətlilik, ürək açıqlığı, genişliyi tələb edir. Bunlar isə bizdə yoxdur. Qonşumuzun, hətta yaxın adamımızın uğurundan daralıırıq, özümüzə yer tapmırıq, boğulub-qaralırıq…

Yeri gəlmişkən, bəlkə rəngimizin qaralığı paxıllıqdandaır? Axı biz Qafqaz xalqıyıqsa, rəngimiz göyçək olmalıdır —  elə deyil?

Alimlər iddia edirlər ki, paxıllıq insan ömrünü on beş-iyrmi il azaldır…

Gəlin paxıl olmayaq…

Mənim heç övladım yoxdur, ancaq Nailin uğuruna sevinirəm. Az qala iyirmi ildir ki, ondan yazıram. Talant – ümumbəşər sərvətdir. Məgər Messinin, Ronaldunun, Mbappenin, Lamin Yamalın talantı hamıya, hər kəsə məxsus deyil?

Bir məsələ də var ki, bizdən uzaq, tanımadığımız insanların uğuruna sevinə bilirik, tanıdığımız adamları uğurlu görəndə isə yasa batırıq. Başqalarının yüksəlməyi elə bil bizi alçaldır.

Alçaltmır, vallah, alçaltmır. Nail oxuyur, sənin də övladın ayrı bir peşənin sahibidir, hər peşədə hörmət, ad qzanmaq olar.

Paxıl olmayaq. Vallah, paxıllıq bizi öldürəcək…

Hanı Camalın çoxsaylı qohum-qardaşı? Niyə onlar Feysbuku “like”la basdırmırlar? Axı çox layk olan postları FB daha çox istifadəçiyə göstərir, beləliklə, biz Nailin tanınmasına bir barmaq basmaqla dəstək veririk.

Məsələ burasındadır ki, Camalın qohum-qardaşı heç Naillə Aidənin çıxış etdiyi konsertlərin çoxuna gəlmirdi.

Niyə biz beləyik, ayrı cür deyilik?

Bizim adam ayrı yerdə gözünə dəyən bir şey görən kimi, əlli, yüz adamla paylaşır. “İsfahanda eşşək ağaca çıxır!” Gözünün qabağında sənətkar yetişir, sabah bu sənətkar ölkənin, xalqın adına şöhrət qazandıracaq. Bu onu sevindirmir, qarnına ağrı salır…

Əlbəttə, hamının yaxşılığı əvəz-əvəz elədiyini iddia eləmirəm. Təmənnasız yaxşılığa qadir insanlar da var. Evim yanandan sonra məni, həqiqəti desək, küçədən götürüb rahat mənzildə yerləşdirən, əynimə pal-paltar alan, küllüyə dönmüş evimi bərpa edən Şirvan Kərimova mənim nə yaxşılığım olub? Heç bir!

Şəxsən mənim özümə FB “like”ları lazım deyil, mən bu yaşda “layyklaşma” oyunu oynayayacaq dərəcədə arsız deyiləm. Təkcə indi yox, FB-un əvvəlindən. Mən Nailə görə pərtəm. Postun altına baxıb görəcək ki, cəmi iki nəfər “like” qoyub, biri atası, biri dostu…

Hamıya paxıllıq azarından şəfa diləyirəm. Yəni uzun ömür arzulayıram.

X.X.

P.S. Yazını qurtaranda ““Газета Очаг Самара»” səhifəsinə baxıb gördüm ki, abunəçilərin sayı 893 yox, 892-dir. Yəqin kimsə Nailin uğuruna dözməyib həlak olub…

08. 06. 2025, Samara

HƏMİN NAİL: BAKI MUSİQİ AKADEMİYSININ TƏLƏBƏSİ NAİL ƏKBƏROV