Архив тегов | siyasi şeirlər

QRENLANDİYA

“Qrenlandiyanı alıram dedi,

Xoşluqla ya zorla – qərarım budur!

ABŞ-a birləşir Kanada həm də,

Növbədə Panama, Meksika durur.”

 +

Və qolf oynamağa getdi uçarla,

Uddu nazirini, köməkçisini.

Medal, diplom verdi özünə hələ,

Şəkil də çəkdirdi, qabardıb sinə.

 +

Putinə zəng vurdu şamını yeyib,
Danışdı dostuna qolf yarışından.

Putin dönə-dönə “malades” deyib,

Birtəhər elədi onu başından.

 +

Girdi arvadıyla sonra yatağa,
Qrenlandiya tək soyuqdur yataq.

“Nəyinə lazımdır Qrenlandiya?” –

Soruşdu arvadı, aralanaraq.

 +

“Fələstinliləri ora köçürmək,

Fikrim var, söz verdim Netanyahuya.

Qəzzanı tezliklə boşaldaq gərək,

Orda kazinolar planlayıram.”

 +

Sonra mesaj yazdı Zelenskiyə,

Soruşdu: “kostyumsuz gəzirsən yenə?

Sənə bağışlardım köhnə pencəyi,
Qorxuram olmaya ancaq əyninə.”

 +

Kim Çen Ina yazdı girib Votsapa,

Yazdl ki, “sevirəm səni ürəkdən”.

Dərhal Kim Çen In da Donald Trampa,
Bir raket göndərdi, çatmadı hərçənd…

 +

Arvad xoruldayır, gecə uzanır,

Trampın çəkilib ərşə yuxusu,
İrana səhərə yaxın bir neçə,

Bomba atdı – yekə, ağır xüsusi…

 +

Beləcə dünyanı idarə edir,
Bütün dünyanı da hərləyir hələ.

Dünya fəlakətə doğrumu gedir? –

Yox, yox… zəif deyil dünya da elə…

 +

Ötər bir neçə il, müddəti bitər,

Taxtını tərk edər narıncı adam.

Bundan əvvəl ölüm gəlməsə əgər…

Həm qanun amansız orda, ölüm həm.

 +

Bizim hökmdarsa ağlı başında,
Ona gərək deyil Qrenlandiya.

O nə ölüb gedən, nə dəyişəndir,

Nə qanun tanıyır, nə abır-həya…

 

13. 07. 2025, Samara

GƏNC RƏSUL RZA SİYASİ İRTİCA FİTVAÇISI KİMİ: “DÜŞMƏNLİK OLMAMAQÇIN, QIZIŞMALI DÜŞMƏNLİK…”

RASUL_RZA

1928-ci ildə yoldaş Stalin sosializm inkişaf etdikcə sinfi mübarizənin kəskinləşməsi barədə tezislə çıxış edib. Deyib ki, məsələn, biz qolçomaqlardan torpağı alırıq, sahibkarları, alverçiləri var-yoxda çıxarırıq. Onlar, Stalinin fikrincə, sakit oturmayacaqlar, sovet hakimiyyətini yıxmağa çalışacaqlar. Ona görə də ayıq olmaq lazımdır, sosializm düşmənlərini vaxtında aşkara çıxarıb ifşa və sonra məhv etmək lazımdır. Proletar yazıçısı Maksim Qorki bunu bədii şəkildə belə ifadə edib: “Düşmən təslim olmasa, onu məhv edərlər”.

Azərbaycan yazıçıları da, o cümlədən Cəfər Cabbarlı, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları Stalinin səsinə səs veriblər, düşmənləri öz şeirlərində ifşa ediblər, onların yerini NKVD-yə deyiblər.

Stalin bu çıxışı edəndə Rəsul Rza on yeddi yaşında imiş, yəni burnu fırtıqlı uşaq olub. Burnunun fırtığı quruyan kimi, 1931-ci ildə yoldaş Stalinin çağırışına cavab olaraq “ Bolşevik yazı” şeirini yazıb.

Oxuyub məəttəl qalırsan: iyirmi yaşında gəncdə fərasətə bax! Mən fiikirləşirəm ki, bunun sirri burundadır. Baxın rəhmətliyin şəklinə, görün necə iri burnu var. Belə burunla necə iy bilməyəsən! Oğlunun da burnu elədir, ona görə yaxş iy də bilir, küləyin hardan əsdiyini də…

Hə, qayıdaq “Bolşevik yazı” şeirinə.

Rəsul Rza bir səs eşidir, bu səs deyir:

“Rəsul Rza, durma yaz,
Qırçın tarla, faraş qoza,

Bol pambıqlı yaza yaz!”

(Əslində pambıq payızda yetişir. Yazda nə qoza? Pambıq indi-indi əkilir…)

Rəsul Rza deyir ki, kəndin dərdindən çoxları yazıb, ancaq kəndin dərdini başa düşməyiblər, kəndin dərdi kolxoz dərdi imiş, yəni kənd kolxoz olmaq istəyirmiş (Rəsul Rza çox mürəkkəb yazıb, Stalindən də mürəkkəb, təxminən belə başa düşmək olar). Kolxoz da nədir? Pambıq!

“Pambıq ver zərbəçi dəzgahlara

Qoyma ölkənin sərvətini yadlar apara”.

Ölkənin sərvətini aparmaq istəyən yadlar kimdir, bilinmir. Görünür, Rəsul Rza şəxsən onları tanıyırmış və hamısını NKVD-yə təhvil verib…

Rəsul Rza daha sonra yazır ki, kəndin dərdini ancaq proletar şəhəri sağalda bilər.

“Rəsul Rza, durma, yaz,
Bolşevik templi, pambıqlı yaza yaz!”

“Bolşevik templi” – yəqin “bolşevik sürətli” deməkdir. Rəzul Rza bunu xarici dildə yazıb…

Sonra Rəsul Rza kəndin xırda dərdlərindən yazır.

“Kənd susuzdur, kəndə su!”

Aha, kənd susuzmuş!

“Axmasın qoy gendə su!”

Aha, su gendə axırmış!

“Sənə pambıq çöllərinin tələbi vardır bu yaz” (bunu Rəsul Rza suya deyir. Rəsul Rza iyirmi yaşında itin…pardon, suyun dilini bilirmiş…)

“Çağır çıxsın yarışa Kür!”

Yəni Araz Kürlə sosializm yarışına çıxmalıdır… Oyunumuz var…

Sonra Rəsul Rza Kürün tərifini verir:

“Bəzən əmlik quzu kimi,
Qaçıb-qaçıb yorulan Kür…

Dalğasında gümüş ayı nazlı-nazlı yellədən Kür…”

Bu kimi cəfəngiyat. Yoldaş Stalinin qoyduğu məsələdən uzaqlaşıb, Gəncdir, siyasi-əxlaqi sabitliyi yoxdur…

Ancaq Rəsur Rza vaxtında valı dəyişir, siyasi xəttə qayıdır. Kürə bolşevik qınağı yağdırır:

“Nəyə lazım gözəlliyin,
Göy tarlalar saralırsa”.

Məsələyə əsil bolşevik münasibəti! Birbaşa, açıq!

“Əyilib keçmə, Kürüm!

Yetər əyildin keçdin, qoca tarıx boyunca!”

Bolşeviklərdən qabaq Kürü də əyirmişlər! Vay sizin…

“Sənə xor baxanlar qoy,

İndi əyilsin, Kürüm!”

Kürə xor baxıblar? Basın hamısını Sibirə!

“Sənə bu gün tələb verir bu sosialist vətənim!”

Görünür, sosialist vətəni Rəsul Rzanı müvəkkil tutub…

“Bu, tələbdir, yaxşı bil”
Yəqin Rəsul Rzanın belində naqan da olub, yoxsa belə ötkülü danışmazdı.

Rəsul Rza təkidlə qeyd edir ki, bu yaz adi yaz deyil.

“Bu yaz pambıq yazıdır”.

Və burda isə məsələ açılır:

“Bu pambıqlı yeni il

Mübarizə yazıdır!”

Mübarizə yazı! Heyvan vaqonları hazırlanıb? Rəsul Rza milləti basıb göndəriəcək Sibirə, Qazaxstana…

Pambığın:

“Hər açılan qozası düşmənə bir kəfənlik!”

Düzdür, bir qozadan bir kəfən çıxmaz, ancaq sovet hakimiyyətinin düşmənlərini, “xalq düşmənlərini” bolşeviklər kəfənsiz basdırıblar. Basdırıblar deyəndə ki, çalaya atıb üstünü torpaqlayıblar…

İndi isə Stalinin tezisi Rzanın ifasında:
“Düşmənlik olmamaqçın, qızışmalı düşmənlik…”

İndi kim deyə bilər ki, 30-cu illərin repressiyasında Rəsul Rzanın günahı yoxdur?

Rəzul Rza dayanmır, ağzı qızıb:

“Bu yaz, sınaq yazıdır mübarizə yollarında.

Mübarizə bu gün də var yarın da.

Mən də onun ən ön sıralarında…”

Haçan bu insan öz xalqından, onun zülmə məruz qalmış övladlarının xatirəsindən üzr istəmişdir?

Ya oğlu, indiki Azərbaycanın dövlət ədəbiyyatının komandanı Anar atasının yerinə üzr istəyib?

12.12. 2018

Samara