Архив тегов | Tramp haqqında şeirlər

QRENLANDİYA

“Qrenlandiyanı alıram dedi,

Xoşluqla ya zorla – qərarım budur!

ABŞ-a birləşir Kanada həm də,

Növbədə Panama, Meksika durur.”

 +

Və qolf oynamağa getdi uçarla,

Uddu nazirini, köməkçisini.

Medal, diplom verdi özünə hələ,

Şəkil də çəkdirdi, qabardıb sinə.

 +

Putinə zəng vurdu şamını yeyib,
Danışdı dostuna qolf yarışından.

Putin dönə-dönə “malades” deyib,

Birtəhər elədi onu başından.

 +

Girdi arvadıyla sonra yatağa,
Qrenlandiya tək soyuqdur yataq.

“Nəyinə lazımdır Qrenlandiya?” –

Soruşdu arvadı, aralanaraq.

 +

“Fələstinliləri ora köçürmək,

Fikrim var, söz verdim Netanyahuya.

Qəzzanı tezliklə boşaldaq gərək,

Orda kazinolar planlayıram.”

 +

Sonra mesaj yazdı Zelenskiyə,

Soruşdu: “kostyumsuz gəzirsən yenə?

Sənə bağışlardım köhnə pencəyi,
Qorxuram olmaya ancaq əyninə.”

 +

Kim Çen Ina yazdı girib Votsapa,

Yazdl ki, “sevirəm səni ürəkdən”.

Dərhal Kim Çen In da Donald Trampa,
Bir raket göndərdi, çatmadı hərçənd…

 +

Arvad xoruldayır, gecə uzanır,

Trampın çəkilib ərşə yuxusu,
İrana səhərə yaxın bir neçə,

Bomba atdı – yekə, ağır xüsusi…

 +

Beləcə dünyanı idarə edir,
Bütün dünyanı da hərləyir hələ.

Dünya fəlakətə doğrumu gedir? –

Yox, yox… zəif deyil dünya da elə…

 +

Ötər bir neçə il, müddəti bitər,

Taxtını tərk edər narıncı adam.

Bundan əvvəl ölüm gəlməsə əgər…

Həm qanun amansız orda, ölüm həm.

 +

Bizim hökmdarsa ağlı başında,
Ona gərək deyil Qrenlandiya.

O nə ölüb gedən, nə dəyişəndir,

Nə qanun tanıyır, nə abır-həya…

 

13. 07. 2025, Samara