Архив тегов | TÜRK ADLARI

QULDARLIĞIN LƏĞVİNDƏN AD VƏ SOYADI ƏSARƏTİNƏ

Amerika Birləşmiş Ştatlarında quldarlığın ləğvi ilə bağlı hadisələrdən bəhs edən, çoxdan oxuduğum və, təəssüf ki, müəllifini unutduğum bir romanda familiyalarla, yəni soyadlarıyla bağlı məzəli epizod var. Azad olmuş qullar özlərinə soyadı götürürdülər və az qala hər ikinci adam Amerikanın ilk prezidentlərinin soyadını seçir: Vaşinqton, Cefferson, Linkoln… İki nəfərin arasında dava düşür: özünə Vaşinqtonu soyadı götürmüş qadın ləyaqəti təhqir olunmuş kimi digər Vaşinqtona deyir: “Vaşinqton mənəm, mən heç cür səninlə qohum ola bilmərəm…”

Azərbayacalılarda “sırf türk” adlarını və təxəllüslərini görəndə bu roman yadıma düşür…

Adını türk qoyanların birincisi, yəqin ki, Xəlil Rza olub: Ulutürk. Nə az, nə çox – Ulu türk.  Yəni Atatürkdən də yuxarı. Bu, azmış kimi, soyadına “bəy” titulunu da əlavə elədi. Özü və bütün qohun-qardaşı oldu Xəlilbəyli…

Salyanın (indi Neftçala) Pirəbbə kəndində Xəlil adlı bəyin olduğuna şübhəm var…

Türkoğluların sayı-hesabı yoxdur. Qabil Məmmədov da Türkoğludur. Bu adı götürməklə Qabil türkün anasını… Deyək ki, ağladıb…

Oğuz da saysız-hesabsızdır.

Bir bloger var, xaricdədir. O da adını Oğuz qoyub. İldə bir dəfə çıxır rastıma, görürəm ki, il ərzində yeddi-səkkiz kilo kökəlib. Əbaya oxşayan paltar geyir, yəqin şalvar-köynəyə sığmır…

Vətən dərdini nə bilmisən…

Evren!

Turqut!

Erdoğan!

Maraqlıdır: doğan arvaddır, ancaq türklər nədənsə ərin adına çıxırlar…

Və indi “sırf türk” adlarını kimlərin daşıdığını görəndə öz ərəb ya fars adından bərk-bərk yapışmaq istəyir, üzünü türkoğlulara, oğuzlara, alperlərə tutaraq xatırlatdığım romandakı kimi demək istəyirsən: “Yox, yox, mən sizinlə qohum ola bilmərəm…”

 

 19. 03. 2026, Samara