Архив тегов | uşaqlar

KİM DEYİR Kİ…

в джинсовой куртке                              

Yuxuma girər atam

Bəzən gecəaşırı.

Qəfil gələr, oturar,

Nə dinər, nə danışar.

Ha yalvaram, and verəm,
Susar qaşlı-qabaqlı.

Qəfil də durar gedər,

Baxışları qınaqlı…

Yuxular təlaşlı, kəm,

Təəssüratı acı –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

Qardaş xiffəti yorur –

Görüşə tələsirəm.

Əlindəki soyuqluq,

Ləngidir nəfəsimi.

Susur, duruxur anam,

Könülsüz gülür bacım –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

Uzaqlardan qanrılıb

Mənə baxan o qadın…

Lənətləmir, qarğımır,

Bəlkə heç qınamır da.

Adımısa dilinə

Bir də gətirməz ancaq –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

Bilirəm, yeri-göyü,

Ağacları, quşları –

İndi hansını deyim –

Ən çox da uşaqları

İncitmişəm. Yox mənim

Bəraətim, əlacım –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

Ömür keçdi. Qalan vaxt

Nə bir səhv düzəltməyə,

Nə də günah yumağa

Çatar. Bu vaxt bəs edər

Xatırlayaraq hər dəm

Ağrınmağa. Sonacan –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

                                          19 yanvar 2007, Samara

 

Robert FROST. SORĞULU GÖZLƏR

 

Bayquş pəncərəyə çırpıb özünü,

O an da şığıdı göyün üzünə.

Tarım qanadları açıldı birdən,

Qırmızı rəng aldı o, güngedərdən.

Ağ sinəsi gözdən itənə qədər,

Uşaqlar şüşədən çəkilmədilər.

 

“In the Clearing” kitabından

Tərc: iyul 2008

 

 

 

ÖZGƏ DƏRDİ

Biz ağuş açırıq özgə dərdlərə,

Özgə dramlarla sarsılırıq biz.

Özgə hıçqırığı bizi titrədir,

İslanır sinəmiz, çiyinlərimiz.

 

Dəli qışqırığı özgə ananın,

Dinir yuxumuzda əks-sədayla.

Özgə uşaqların dərdi dünyanı,
Bizə də dar edir… Günlə ya ayla…

 

Sonrasa… Bəlkə də canıyananlıq,

Ovudur… Sonu var faciənin də.

Biz həlim ürəkli tamaşaçıyıq,

Dərdsə faciə yox, sadəcə dərddir…

15-17 iyun 2007, Samara