Архив тегов | Vahid Bünyadov Əlibayramlı

ÇİNGİZ ƏLƏKBƏRZADƏ HAQQINDA. PADARLI ƏSGƏR VƏ PYEZOALIŞQAN…

Çingiz Ələkbərzadə 2

Əlibayramlının o vaxtkı musiqi məktəbi yeddiilik idi, ancaq musiqi məktəblərində, yeddiillki olsa da, yeyinti imkanları az deyildi. Təhsil ödənişli idi, valideynlərin ödədiyi pullarla manipulyasiyalar həmişə mümkün idi: valideyndən bir məbləğ alırsan, saxta çek verirsən, hesaba yarısını köçürürsən…Məktəbə musiqi alətləri alınır, mebel alınır. Dərs saatlarının bölünməsi, kimə nə qədər şagird verilməsi də direktor üçün potensial gəlir mənbəyi idi. Yəni çalmaq, oxumaq bilməyən, ali təhsili olmayan Miryusif Manafivun direktorluq iddiasının əsası var idi. Dostu Çingizin felyotonu da yəqin ki, hardasa yuxarılarla razılaşdırılmalı idi. Sovet vaxtı vəzifəli şəxs haqqında felyeton yalnız onun haqqında “yuxarılar” qərar verəndə yazıla bilərdi. Çingizin felyetonu çıxan kimi direktorun qovulacağı hamıya məlum olmuşdu. Ancaq yerinə Miryusif Manafovun təyin ediləcəyi heç kimin ağlına gəlmirdi…
Miryusif Manafiv yeyib-içən adam idi. Bəlkə Çingiz Ələkbərzadə elə bu zəmində dostlaşmışdılar. O vaxt Təzə şəhərdə bir abırlı restoran var idi. Dyəsən, univermağın yuxarısında, yəni ikinci mərtəbədə. Sonra xaşxana açdılar. Yaz-yay aylarında sovet dağılan kimi əhalinin viran qoyduğu “Venetsiya kanalları” olan parkda bir neçə kafe işləyirdi, kabab və cücə çığırtması yemək olardı. Xəlvət yerlər də çox idi, məsələn, redaksiyanın yerləşdiyi Köhnə şəhərdə, Kür qırağında…
Ancaq pul məsələsi var. Hansı pulla yeyib-içəsən?
“İşıq” qəzetində məktublar şöbəsinin müdirinin maaşı 150 manatdan çox olmazdı, qonorarla eləsin 170…Bir kostyumun puludur… Ev kirayəsi, ailənin xərci və s. Yəni yarıac-yarıtox dolana bilərsən. Miryusif Manafov da əmək müəllimi kimi 150-dən çox olmazdı, dram dərnəyi isə ictimai iş idi. Direktor Gülbala Əliyev Miryusif Manafovu bu cür dolanıra bilərdi: ona üç-dörd abituriyent verməklə. Yəni Miryusif müəllim üç-dörd adamı pedaqoji məktəbə düzəldib aldığı rüşvəti özünə götürür. Bu mənim fantaziyam deyil, rüşvətli məktəblərdə geniş yayılmış praktika idi.
Mən pedaqoji məktəbə səkkizillik təhsil bazasında girmişdim. Otuz nəfərlik qrupumuz əlaçı şəhadətnaməsi ilə girənlərdən təttb olunmuşdu. Ancaq otuz nəfərdən ancaq üçünü ya dördünü bu “əla”ya layiq saymaq olardı. Qrupumuzda bir qız vurma cədvəlini bilmirdi, dörd illik təhsil bitənə qədər də düz-əməlli öyrənə bilmədi.
Ancaq ən maraqlı tələbə yoldaşımız Şamaıxnın Padar kəndindən olan Hacıyev Əsgər idi. Qoyunçu çobanın oğlu olan Əsgərin həm alt, həm üst dişləri qızıldan idi. Bahalı təzə kostyum geyirdi. Ancaq dərslər başlayandan Əsgər çaşqın görünürdü, üzündən silinməyən təbəssüm də sevincdən yox, pərtlikdən idi. Elə bil ki, ağlı başında olan adamı bəd niyyətlə gətirib dəlixanaya salmışdılar. Tezliklə məlum oldu ki, Əsgər hərfləri də yaxşı tanımır…
Əsgəri məktəbə Miryusif Manafov düzəltmişdi. Yəqin dədəsindən otuz-qırx qoyunun pulunu almışdı…
On gün keçməmiş Əsgər yox oldu. Bir neçə gündən sonra Miryusif müəllim onu atasının iştirakı ilə gətirib sinfin qapısından saldı.
Sonra Əsgər yenə qaçdı. Yenə Miryusif müəllim gedib gətirdi. Sonra yenə…
Birinci semestrdən sonra Əsgəri bir də görmədik. Miryusif Manafof çətin ki, aldığı pulları qaytaraydı. Pullar dostu ilə yeyib-içməyə, arvadbazlığa xərclənib getməliydi. Üstəlik benszin pulu. Miryusifin sıbnıq-salxaq maşını da var idi…
Miryusif Manafov müxtəlif hoqqalarla ondan asılı olmayan tələbələrə də pul xərclətdirirdi, yəni abrı-həyası yox idi. Bir dəfə dəhlizdə üz-üzə gələndə qolumdan yapışdı:
— Xeyrulla, burda mağazaya qaz pilətəsi yandırmaq üçün alışqan gəlib, deyirlər bu-gün sabah qurtaracaq. Səndən çox xahiş edirəm, ondan mənə bir dənə al, mənim vaxtım yoxdur….
Mən mat qalmışdım. Mən o alışqanı alsaydım, üç-dörd gün gərək ancaq krandan su içməklə dolanaydım. Mənim Miryusif Manafovdan asılı bir işim yox idim, yaxşı oxuyurdum, məktəbin ansamblında çalırdım. Ancaq “yox” deməyə ya utanırdım, ya hünərim çatmırdı… Mən ona br neçə dəfə şeirlərimi göstərmişdim, tərifləmişdi. Deyirdilər özü də şeit yazır, oxumamışdım…
Alışqanı aldım – 2 manat yetmiş qəpiyə… O vaxtdan Miryusif müəllimi uzaqdan görəndə yolumu dəyişirdim…

noyabr 2023, Samara

(ardı var)