Molla Pənah Vaqifin “Əfəndi” rədifli qoşması var. Bu şeir hansı əfəndiyəsə xitabən yazıldıından belə güman etmək olar ki, Molla Vaqifin türk dostu var imiş, yəni əlaqəsi təkcə ruslarla yox, osmanlılarla da olub. Bunu Cəmil Həsənli yaxşı bilər.
“Siyah telli bir sənəmin ucundan
Badə getdi din-imanlar, əfəndi!”
Niyə Vaqif “qara telli” yox, “siyah telli” yazır, başa düşmək çətindir. Bu heç. İlk beytdən məlum olur ki, Pənah yenə eşq azarına tutulub və elə tutulub ki, imanı cəm halda işlədir: “din-imanlar”. İmanı cəm halda olan müsəlman deyil, bütpərəstdir…
Ol oda ki, mən düşmüşəm yanıram,
Düşməsin heç müsəlmanlar, əfəndi!
Burda “lar”, əlbəttə, artıqdır. “heç müsəlman düşməsin” olmalıdır. Ancaq ölçü və qafiyə problemi yarananda Pənah müəllim ağına-bozuna baxmır.
“Könül deyil sən gördüyün havada”
Yəni türk əfəndi havada könül görürmüş?
“Dərdim olur gündən-günə ziyada,
Hər zaman düşəndə ləbləri yada
Tökülür gözümdən qanlar, əfəndi!”
Yəni xanımın dodaqları yadına düşəndə Pənahın gözündən qanlar axır. Klassikimiz burda çox şişirdib. Desəydi ki, ağzımın suyu axır, inandırıcı olardı və yerinə də düşərdi…
“Bilməm nə nəhs gündə çıxdım bu dağa”
Bu misrada ustalıq məsələsi var. Vaqif kimi usta gərək “nə nəhs” deməyə, çünki nə-lər tələffüz anında qarışır bir-birinə…
“Bir lalə üzündən düşdüm irağa,
Yana-yana qaldım belə fərağa,
Bərbad olsun ol zamanlar, əfəndi!”
Bu bəndi Molla Pənah kimi ustad şairə yaraşdrmaq olmaz. “İrəğa” – yəni hara? Necə yəni “belə fərağa”? “Ol zamanlar” – hansı zamanlar?…Yaxşı, deyək ki, burasını şagirdi ya nökəri yazıb.
“Mənim meylim yoxdur sultandan, xandan,
Yarımın arzusun saxlaram candan.”
Bir şey başa düşdünüz? Mən – yox…
Xalq da bilir, mənim könlümdür andan
Olsa yüz min növcavanlar, əfəndi!
Bunu da başa düşmədim…
“Molla odur hər nə görsə kitabda,
Onu şərh eyləyə haqda-hesabda”
Yaxşı, deyək ki, mən mollaym. Bu cəfəngiyatı “haqda-hesabda” necə şərh edim?
Bəs bunu:
Vaqif deyir sənə, mənə bu babda,
Hələ azdır bu divanlar, əfəndi!
Hansı divanlar? “Ləblərə” tamarzı qalmaq? Niyə azdır? Nə xata çıxarmısan? Deyək ki, xatanı sən çıxarmısan. Onda divanlar sənə olmalıdır. O əfəndi kimdirsə, ona niyə olsun?…
Elə deyilmi, bəy əfəndilər?
10.10. 2025, Samara
