Архив тегов | vergi nazirliyi

HƏLƏ MƏDƏT GƏLƏCƏK…MƏLƏDƏCƏKLƏR…

Çoxdan ürəyimə dammışdı ki, bu “Turan” agentliyi vergidən yayınır. Bu agentliyi yaxşı axtarsalar, çox şey taparlar: ağ, qara, skelet, bomba…

Mənim fikrimcə, dövlətdə bir agentlik olar. Sən dövlətin, möhtəşəm prezidentin agentliyi deyilsənsə, bəs kimin agentliyisən? Trampın? Kim Çen Inın? Merkelin? Mən özüm hər dəfə çaşıb bu agentliyin saytına girəndə elə bilirdim ki, vətənə xəyanət edirəm, neçə dəfə Eldar Mahmudovun adına məktub yazıb günahımı səmimiyyətlə boynuma almışdım. Sonra bildim ki, Eldar Mahmudovu çoxdan işdən çıxarıblar. İndi gərək Mədət Quliyevin adına yazam, ancaq deyirlər onun məktub oxumağa boş vaxtı yoxdur, ayaqmaşın sürür…

Möhtəşəm prezident bu yaxınlarda şimal rayonlara səfər eləyəndə “Turan” agentliyinin iç üzü açıldı. Bütün Azərbaycan xalqı bu səfərin nəticələrini alqışlayanda “Turan” yazdı ki, belə səfərlərin xeyrindən çox ziyanı var, guya bir ətək pul gedir səfərin təşkiılinə, nə qədər adam işdən gücdən avara olur, prezident isə getdiyi yerlərdə saədə insanlarla görüşmür, onların dərdini soruşmur, atasının heykəlini ziyarət edib qayıdır…

Yalançının lap…

Bəs möhtəşəm prezident rayonların rəhbərləriylə görüşmədi? Bəs rayon rəhbərləri sadə adam deyillər? Azərbaycan vətəndaşlarının nə dərdi var ki, prezidentə deyələr? Prezident bilir ki, vətəndaşların dərdi yoxdur, onlarla görüşə, ona ancaq minnətdarlıq edəcəklər, onu ancaq tərifləyəcəklər. Prezident isə minnətdarlığı sevmir, tərifi sevmir. Prezident təvazökarıdr! Ona görə vətəndaşlarla görüşdən qaçır!

“Turan” agentliyi paxıllığından hətta prezidenti qarşılayıb yola salan məmurların paltarına da sataşdı. Yazdı ki, bu cırhacır istidə kostyum geyib boğazacan düymələniblər.

Məlum məsələdir ki, bununla “Turan” agentləri özlərinin rusiyapərəst, putinpərəst olduqlarını göstərirlər. Onların fikrincə, Azərbaycanın möhtəşəm prezidenti də, onun məmurları da Putin kimi qurşağacan lüt gəzməlidirlər! Bu, Azərbarycan xalqının müqəddəs ənənələrinə, adətlərinə tüpürməkdir! Bunlar bilmirdilər ki, vergi nazirliyi möhtəşəm prezidentin köynəyini çıxarmaq istəyənlərin şalvarını çıxarar!

“Turan” agentliyi möhtəşəm prezidenti zəif bilməsin, Yəqin vergi nazirliyinin dalınca Mədət müəllim velosipedini minib gələcək, nazir Ramil Usubov general oğluyla gələcək, Kəmaləddin Heydərov zurnasını çala-çala gələcək, axı hal adi hal deyil, fövqəladə haldır! Bir sözlə, “Turan”ın agentlərini mələdəcəklər!

Əsil tamaşa, türkün məsəli, qabaqdadır!

17.08.17

Mirzə ƏLİL