Axşam düşüb, qaralıb Volqanın suları da,
Tələsmədən teploxod keçir dörd göyərtəli.
Haçansa beləsində üzmüşəm, yadımdadır,
Elə çoxdan olub ki, mənə yuxu tək gəlir…
+
Hələ sərnişinlərin yuxu vaxtı deyildir,
İşıqları gur yanır, çıraqban gedir gəmi.
Bürclərin ən parlağı qopub enib elə bil,
Qaranlıqdır göy üzü indi yer üzü kimi.
+
Nə həngamə, nə kef var, indi o teploxodda!
Kayuta, göyərtəyə sığmır orda sərnişin!
Üç gün, dörd gün çəkəcək kruiz, artıq ya da,
Qayğılar unudulmuş, hamı tox və hamı şən…
+
Bax belə bir gəmiyə yer kürəmiz də dönə,
Parlayaraq dolaşaq fəzanı gündüz, gecə.
Nə bir qarnı ac olan var, qana susayan nə,
Ömrümüz kruiz tək keçib bitə eləcə….
+
Kruiz həyatını vəd edənlər çox olub,
Kommunizm deyən də olub belə istəyə.
İnananları sonra truyumlara doldurub,
Şimallarda, Sibirdə göndəriblər ölməyə…
01. 09. 2925, Samara
