Архив тегов | Xəlil Rza Ulutürkün şeirləri

XƏLİL RZANIN «QAYTAR MƏNİM QÜDRƏTİMİ, AZƏRBAYCAN» ŞEİRİNİN TƏDRİSİNƏ, MÜƏLLİM YOX, PSİXİATR LAZIMDIR

Mən Azərbaycanın Ədəbiyyat dərsliklərinə salınmış şeirləri oxuyanda özümü müəllimin yerinə qoyub fikirləşurəm ki, bu mətnləri şagirdlərə necə təhlil edərdim.

Məsələn, Xəlil Rza Ulutürkün  “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeirini.

Demək vacibdir ki, hər hansı şeiri oxuyanda gərək onun müəllifinin kim olduğunu düşünməyəsən: böyük vətənpərvərdir ya kiçik vətənpərvər, xalq şairidir ya əməkdar incəsənət xadimi, gözəl olub ya çirkin, övladı döyüşüb ya yox. Bunlar ədəbiyyat tarixçilərini maraqlandırmalıdır. Oxucunun fikrini isə gərək mətndən başqa heç nə məşğul etməyə.

Girişək mətnə.

“Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş..”

Deməli, şairin başı, beyni (baş beyindən ayrıdır?) tüstülənir, varlığında kədər və təlaş var. Hərçənd kədər və təlaş müxtəlif təbiətli psixoloji hallardır.

“Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş…”

Göz yaşını ildırıma bənzətmək olarmı? Məncə, yox. Xalq dilindən nümunə: ağır, gözlənilməz zərbə alan adam deyir ki, “elə bil gözlərimin qabağında ildırım çaxdı”. Boksçular, ya ərləri tərəfindən döyülən qadınlar bunu yaxşı bilərlər. Göz yaşı selə, leysana və s. oxşadılıb, ildırıma yox.

“Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş”.

Şair Azərbaycana deyir ki, o gərək yenidən doğula.  

“Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş”.

“Dirçəlim?” Belə çıxır ki, doğulub, doğulmayan necə dirçələr? Yuxarıda demişdi ki, “gərək doğulam”.

“Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı”.

Həsrət gözlər? Xəlil Rza hardadır? Lefortovаda? Xatırladım ki, Xəlil Rza 1990-cı ildə Moskvaya aparılıb. üç-dörd gün Lefortovada yatandan sonra Mərkəzi sovet televiziyasıın «Vremya» proqramında  çıxış edərək Azərbaycanda yol verdiyi  hərəkətlərdən peşman olduğunu demiş, bağışlanmağını xahiş etmişdi.

Yekə-yekə danışmağa nə var ki…

“Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan”.

Azərbaycan dərdlərini yumruğunda sıxacaq. Bunu necə təsəvvür edək?

“Üzü ağsan. Nurlu dağsan…”

Nəyə görə Azərbaycan üzü ağdır? Niyə qara deiyil? Niyə nurlu dağdır?

“Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…”

Bayaqdan “nurlu dağsan” deyirdi. İndi deyir cəhənnəmdəsən…

“…zülmət dağı devirəcək, yıxacaqsan. Boğazından yapışanı boğmalısan, boğacaqsan”.

Azərbaycan – nur dağıdır və cəhənnəmdədirsə, “zülmət dağı” nədir və hardadır” “Nur dağı”nın boğazı var? Dağın zirvəsi, ətəyi olar. Boğazı?

“Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı”.

Bayaqdan “nurlu dağa” bənzədilən Azərbaycan indi oldu hamilə arvad…

“Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək…”

Azərbaycan gözlərinə şəkli necə çəksin? Nəsiminin və başqa klassiklərin şəkillərini Mikayıl Abdullayev çəkirdi, hamısı da atabir qardaş kimi bir-birinə oxşayırdı….

Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.
Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək.

Saxla, a kişi! “çiçək-çiçk” deyəndən sonra “lalə-lalə” demək naşılıq və bədii dil tələblərini bilməməkdir. “Çiçək-çiçək”deyib ya gərək dayanasan, ya da on-on beş müxtəlif çiçəyin adını çəkəsən. Misranı doldurmaq üçün laləni soxuşdurur…

“Gözlərimin çeşməsilə suvarıram o növrağı…”

Yuxarıda demişdi ki, göz yaşı ildırımdır. Növrağı ildırımla suvarır?

 “Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı!”

Bayraq ölkənin rəmzidir ya ölkə bayrağın?

 “Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü…”

Yerin altı barədə deyilən düzdür, ancaq xəzinənin sahibi biz deyilik. Ruslarda zarafat var:Xoroşa Maşa, no ne naşa…”

Göyün üzü tez-tezmi “saf aynaya” bənzəyir? Ayanın nə safı, nə çirkini, ayna elə aynadır. Ulutürk “saf” sözüylə misra doldurur. Kənddə barı götürüləndə usta qışqırırdı: “Para kərpic ver!”

“Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam.”

Məni yeddi nəfər tutsun, yoxsa “daşqın olasıyam”…

“Yırtıcılar dünyasını burulğana salasıyam”

Yırtıcılar dünyasını çətinliklə, hərə öz pozğunluq dərəcəsinə görə, təsəvvür etmək olar. Ancaq onu “burulğana salmaq” necə olur?

“İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı”

Azərbaycan – bəşərin haqq bayrağı? A kişi, sənin insafın olmayıb, Azərbaycandakı haqsızlıqlar dünyanın çoxmu ölkəsində var?

Sonra şair Daşaltıdan, Xocalıdan deyir. Ancaq deyilənləri poeziya adlandırmaq çətindir.
“Dağın, daşın başdan-başa qan dənizi, qan Xocalı!
O dəhşəti, o vəhşəti min illərlə an, Xocalı!”

Nə qədər artıq söz var! An, qan…Nə qədər yalan pafos! Bir dənə orijinal metafor yoxdur. Nə qədər “qan-yaş” demək olar?

“Qaranlıqda oğru kimi yurda gecə girdi onlar”
Deməli, ermənilər gecə girirlər Xocalıya. Kaş Xəll Rza bu hadisəni sadə sözlərlə təsvir edəydi. Yox, o, Ulutürkdür, o, gərək yeri-göyü qata bir-birinə.

“Ulduzları güllələyib göydən yerə sərdi onlar”.

Bu yöndəmsiz misrada bədiilik var? Yoxdur, əksinə, gülüş doğura bilər.

Uistan Odenin dostunun ölümünə yazdığı şeir var. Deyir ki, ayı, ulduzları göydən endirib qaraya bükün.

 “Ulduzlar göz oxşamır, ulduzları söndürün,

 Açıb-atın günəşi, ayı büküb endirin.(tərcümə mənimdir – X.X.)

Bu misralar  kinematoqrafik matəm səhnəsi yaradır: filmlərdə  görürük hüzr düşmüş evdə aynalara, mebelə qara örtük çəkirlər.

Xəlil Rza “Ulduzlar güllələndi” deyib dayansaydı, dərd yarı idi. Dayanmır. Deyir “göydən yerə sərdi onlar”. Yəni ulduzların enmə marşrutunu təsvir edir…

“Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar”

Ermənilərin körpələri öldürməyini xalq şairi “tər qönçə dərməyə” bənzədir.

Xalq şairinin ilhamı elə coşub ki, nə dediyini özü də bilmir, şeirin əvvəlində demişdi ki, “başından, beynindən tüstü çıxır.”

“İsti külə döndərdilər bar üstündə min budağı…”

Külün nə istisi, nə soyuğu? “İsti” misranı doldurur, elədir? Əgər Xocal qırğınından söhbət gedirsə, bu, fevralda olub. Fevralda budaq “bar üstündə”olur?
“Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!”

Konkret bir alçağı? Hansı alçağı?

 Şeir guya Azərbaycana müraciətlə yazlıb. Birdən xalq şairi üzünü döndərir tarixə. Adi tarixə yox, qoca tarixə.

“Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm.”

Şair elə bilir ki, onun götürdüyü bütün təxəllüsləri “qoca tarix” əzbər  bilməlidir. Türkün ulusu. Yəni Mustafa Kamal türkün atası idi, bizim Xəlil Rza tənbəllik eləməyib, özünə Babatürk adı qoyub.

“Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm”.

Bu misra oxucuya nəyisə, kimisə xatırlatmalıdır? Bəlkə Nəsimini? Bu, Nəsimidən sitatdır ya tərcümə?

“Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm”.

İddia böyükdür. “Bircə kişi…” Azərbaycan bunun qüdrətini qaytardı? Əvvəldə ərizəsini oxumuşduq, deyirdi qaytar mənim qüdrətimi. Qaytarılıbsa, prosedur göstərilməliydi…

“Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm….”

Bəh-bəh, misranın birinci hissəsi Allahşükür üçün yazılıb…

İkimci hissə dolaşıqdır. Oddan qın olar? Qılıncın özünə od demək olar, ancaq qına yox…

Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!”

“Hüsnüm…” Yəni Azərbaycan Xəlil Rzanın gözəlliyidir…

Heç nə başa düşmədim və bu mətni şagirdlər də, onlar məndən min dəfə bilikli olsalar da, başa düşməyəcəklər. Şair özü də bu mətni başa düşülmək üçün yazmayıb. Yekə sözlər bol-bol ona görə işlədilib ki, oxuyan başında yumruq zərbəsi duysun, gözlərinin qabağında ildırım çaxsın…

Gözlərinə isə Ulutürkün şəkli çəkilsin…

 Sonuncu bənddə deyir:

“Əhrimənlər yuvasını darmadağın edəcəksən,
Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən”

Əhrimənlər yuvası nədir və haradır? Bəlkə müdafiə nazirliyi? Bəlkə Paşa holdinq?  

Aya, ulduzlara, Marsa hansı ağılla, hansı nizamla yetişəcəyik? Hələ keyfiyyətli bir velosiped də düzəldə bilmirik. Nə ay, a kişi, vətəndaş ayağını ölkədən qırağa qoya bilmir, Əliyev on milyon adamı əsir-yesir eləyib, heyvan sürüsü kimi salıb ağıla… Yox, Saturna yetişərik…

Birdən xalq şairi üzünü adı çıkilməyən düşmənə tərəf ttur:
«Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən,
Təpiyimin altındaca gəbərəcək, öləcəksən”

Saldı təpiyinin altına…

Şeirin adına və başlanğıcına qayıtsaq, müəllif qarşısında bir sual qoya bilərik: Qüdrəti ölkə vətəndaşa verir ya vətəndaş ölkəyə?

Nə qədər baş sındırasan, xalq şairinin ölkədən nə istədiyini, alıb-almadığını başa düşmək mümkün deyil. Cəfəng sözlərlə dolu ondördhecalı uzun misralar gözünün qabağını boz Salyan şoranlığı kimi basır, heç nə görmürsən.

Azərbaycan məktələrində, deyəsən, psixoloq var. Bəs psixiatr? Belə mətnləri ancaq yaxşı psixiatr izah edə bilər. Ayrı heç kim…

 «Başı da, beyni də tüstülənən» şairdən nə gözləyəsən?

X.X.

17. 05. 2024, Samara

GƏDƏBİYYAT: XƏLİL RZA ULUTÜRK. «GERBİMİZ -QƏLBİMİZ»

6-cı sinfin Ədəbiyyat dərsliyində “Gerbimiz-qəlbimiz” şeirini görəndə başa düşdüm ki, mənim xoşbəxt uşaqlığım olub. Birincisi, 1965-66-cı dərs ilində Azərbyacanın padşahının kim olduğunu uşaqlar bilmirdilər, Vəli Axundovun məktəbdə şəkli yox idi, bəlkə televizorda hərdən göstərirdilər, ancaq kənddə o vaxt bir ya iki televizor vardı. İkincisi, yöndəmsiz onaltı hecalıqla yazılmış o boyda şeiri o vaxt əzbərləsəydim, sonralar rus zavodunda aldığım zədələri elə onda alardım və bəlkə canım da çıxardı. Yəni ki, bəxtim gətirib. İndikilərin halına acıyıram.

Şeiri oxuyaq.

Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda…” 

Yəni gerb Xəlil Rzanın həm nəfəsi, həm “varlığında qanı” olub. Gerb necə nəfəs, qan olur – mən başa düşmürəm. Ancaq bu absurd bəyanatı 16 yox, 11 heca ilə ifadə etmək olar – uşaqlar yazıqdırlar!

“Sən şəkil yox, nəfəsimsən, qanımsan…”

“Yaşıl rəngim – yaşıl bahar, müsəlmanlıq timsalımdır”.

Məlumat üçün deyirəm ki, katolik İrlandiyanın bütün rəmzləri yaşıldır.

Və sual: bəs Azərbaycanda dövlət dindən ayrılmayıb?

Və əgər ayrılmayıbsa, müsəlmanlıq gerbə həkk olunubsa, niyə müsəlman dövləti arzulayanları türmələrdə çürüdürlər?

“Göy rəngimdə türklük yaşar — millətimin amalıdır”.

Türklük amaldır ya etniklik? Amal – hüquqi, ədalətli dövlət, abad, firavan ölkə ola bilər, amalı türklük olan millətin başını Türkmənbaşı kimi, Nazarbayev kimi, İslam Kərimov kimi, İham Əliyev kimi müstəbid və korrupsioner padşahlar  əzirlər.

 “Qırmızılıq — simvoludur çağdaşlığın, yüksəlişin..”

Gerbdə ya bayraqda çağdaşlıq nədir? Bir neçə əsrlik tarixi olan bayraqlar hansı çağdaşlığı əks etdirir? Məsələn, Britaniyanın bayrağı. 

“Vətənimə can verməli mənim əzmim, mənim işim”.

Bir şey başa düşdünüz? Mersedes avtomobilini qayıran alman Almaniyaya can verir?

Sonra qəfildən Ulukürk özünü çəkir ön plana.

“Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində “

Ərzin mərkəzi hardadır? Yəni yer kürəsinin mərkəzi? Kök dərindədirsə, yerin özəyində olmalıdır.

Sonrakı misrada Xəlil Rza cızığından çıxdığını başa düşüb çevrəni daraldır, məlum olur ki, kök “ərzin mərkəzində” deyilmiş.

“Kökü burda, budaqları xan Arazın o üzündə…”

Əlbəttə, Arazın o üzündə (“o tayında» olmalıdır, ancaq qafiyə xatirinə X. R. “üzündə” yazır). Yaşıl budaqlar, əlbəttə ki, Arazın “o üzündə, yəni İran İslam Respublikasında olmalıdır. Budaqlar müsəlmanlığın harda olduğunu yaxşı duyurlar. Arazın “bu üzündə” nə müsəlmanlıq? Bu üzdə dövlət allahşükürçülüyü var.

 “Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var…”

Hörmətli oxucu! Razı olun ki, burda Xəlil Rza bizi dolayıb. A kişi, səkkizguşəli ulduz harda, türklük harda, cənnət harda… Cənnət istidən qovrulan ərəbin təxəyyülündən doğulub…Ümumiyyətlə, bu nə eybəcər dildir – ulduzda qapı? Özü də səkkizi birdən?

“Qızıl sünbül soraq verir, xırman-xırman bərəkətdən
Ərzə bəhrə-bar gedəcək bu müqəddəs məmləkətdən”. 

Başa düşdünüz? Ərzə, yəni bütün yer kürəsinə “müqəddəs məmləkətdən” (əslində quldurxanadan), yəni Azərbaycandan “bəhrə-bar” gedəcək? 

Vallah, mən fikirləşirəm ki, Xəlil Rza xalqı dolayırmış. A kişi, Azərbaycan özünü dolandırsın, qalsın “ərzi” yedirtməyi…


“Əvvəl-axır qıracağız qart düşmənin belini biz…”

Bunu 11 heca ilə demək olar: “Düşmənin belini qıracağıq biz”. Uşağa 16 hecalıq misra yükləmək elə onun belini qırmaq deyil?

“Alovlarda, çovğunlarda daim yaşa dolasıyıq,..”

Sadalanan sözlərdə ya məna yaxınlığı, ya əksliyi – təzad üçün – olmalıdır. Alovla çovğun arasında heç nə yoxdur. “Daim yaşa dolasıyıq” – bu, Xəlil Rzanın kəşfidir ya təbiətin qanunu?

“Aləm üçün, bəşər üçün məşəl tutduq qəlbimizi”

Yəni azərbaycanlılar qəlblərini bütün dünya üçün məşəl tutublar…Vay-vay… Bilnirsən güləsən ya başına qapaz salasan…
“Dedik: — Bu Yer kürəsində nə qan, nə bir məzar olsun,”.

Yaxşı, qan olmadı, insanlar hamısı yataqlarında, təbəssümlü dodaqlarında öndərin adı öldülər. Bəs basdırılmaq məsələsi? Yandırıb külü göyə sovrulacaq?

Sonrakı misra:

“Məzarlara gül qoymayaq, cahan özü gülzar olsun!”

İndi gördünüz mən deyəndir? Ya Xəlil Rza bunu yazanda kefli olub, ya da bizi dolayıb. Əvvəl deyir məzar olmasın, sonra deyir məzara gül qoymayaq…


“Od yurdunda od tükənsə, özümüz od olasıyıq…”

Yəni neft, qaz tükənsə, Əliyevlər azərbaycanlıları sobaya qoyacaqlar?

Vallah, düzünü desək, keçən əsrin 60-cı illərinin uşaqlığı da çox xoşbəxt olmayıb. Sentyabırn 1-dən basırdılar pambığa, ta noyabrın 7-nə ya 15-nə qədər. DDT ilə zəhərlənmiş pambıq tarlaları sütül Azərbaycan uşaqlarını yaman günə qoyurdu. Rübün biri gedirdi pambığa. Ancaq bunun bir müsbət tərəfi oludru, məsələn, Leninə, kommunist partiyasına, komsomola, Şaumyana Səməd Vurğunun ya Rəsul Rzanın həsr etdiyi şeirlər də gedirdi pambığın hesabına, yəni keçilmirdi…

Və bəlkə də Xəlil Rzanın bu şeirini əzbərləməkdənsə, pambıq və hətta tütün yığmaq faydalı olar…

Yazıq azırbaycanlı uşaqlar…

x.x.

25. 04. 2024, Samara