“Əsgərlər, bu ehramların zirvəsindən sizə qırx əsr baxır!”
(Soldats, du haut de ces piramides quarante siecles vous regardent!”)
General Qurqonun yazdığına görə, bu sözlərlə Napoıeon 21 iyul 1798-ci ildə Misir ehramlarının önündə osmanlı məmlüklərlə döyüşdən qabaq öz döyüşçülərinə müraciət etmişdi. Qırx əsr deyəndə Napoleon Misir ehramlarının yaşını nəzərdə tuturdu.
Əfsanəvi Napoleonun tarixə düşmüş bu sözləri bilirsiniz mənə kimi xatırladır?
Sultan Səlimlə döyüşə girməyə hazırlaşan Şah İsmayılı? Yox! Dəlilərini tacir karvanını qarət etməyə aparan Koroğlunu? Yox!
Bəlkə İlham Dəmiryumruğu?
Yox, yox, yox!
Mən elə ilk dəfə Napoleonun bu müraciətini oxuyandan gözümün qabağına Əlfağa gəlib.
Bizm kəndlər üçün Əlfağa Napoleon vüsətli, Napoleon əzəmətli bir insan idi.
İnanmırsınız? Bəs niyə Səməd Vurğun deyəndə çoban Eldar qüdrətli bir dövlətin qüdrətli şahı olan Qacarın qoşununu milçək kimi qırdı, özünün də qarnına Misri qılınc soxub öldürdü, inanırsınız? Və indiyəcən bu ağ yalanı uşaqlarınız dərs kimi əzbərləyirlər, yalanı uyduranın heykəli isə indi də Bakının mərkəzindədir…
Mən qardaşbəylililərdən yazıram, Əlfağa isə isə surralıdır – ancaq burda ziddiyyət yoxdur. Əlfağa Hacı Mirağasının nəvəsi, Babanın oğludur. Yəni bu tarixi şəxsiyyəti öz kəndçimiz saymağa haqqımız var. Surralılar Əlfağanın davasını eləsələr, məhkəməyə müraciət etmək olar. Ya da püşk atmaq. Düşünürəm ki, püşk Azərbaycan məhkəməsindən daha etibarlı və ədalətlidir. Ya da surralıları qabaqlayıb Əlfağanın heykəlini qoymaq olar. Ya məktəbin qabağında, ya məscidin. Düzdür, onun Allaha inandığı barədə məlumatım yoxdur. Ancaq Allahı dandığını da eşitməmişdim…
Ərəbqardaşbəylidə nəyi bədbəxt hadisə saymaq olardı? Məsələn, Los Ancelesdəki yanğınlar kimi bir badbəxt hadisə. Bizdə də yanğın olub, məsələn, Əzizağanın evi bir göz qırpımında külə dönmüşdü. Ancaq bu, fərdi hadisədir. Mən bütün icma üçün problem yaradan hadisəni nəzərdə tuturam.
Kənddə bir neçə gün dalbadal yağan yağış bədbəxt hadisəyə bərabər idi. Yağış əlbəttə, nemətdir, ancaq vaxtsız, günlərlə yağan yağış yox. Belə yağışda torpaq yollar keçilməz olurdu. Kənddə, mən qırx-əlli il qabağı deyirəm, demək olar ki, heç kimin belə yağışlara uyğun paltarı, ayaqqabısı yox idi. Orası-burası deşilmiş qaloşla həyətin içində də gəzə bilmirdin. Ruslar deyirlər ki, bədbəxtlik tək gəlmir. Yağış başlayandan bir neçə saat sonra işıqlar sönürdü. Gedirdilər Ərəstunun qapısına, Ərəstun deyirdi, onluq deyil, hardasa yekə transformator yanıb, düzəlməyi bir həftə çəkər…
Və işıqlar sönəndən sonra gələn xəbər bədbəxt hadisəni fəlakətə çevirirdi: Əlfağa malları tutub!
Malları tutulanlar arvadlardan və kişilərdən ibarət dəstə düzəldib üz qoyurdular Surraya…
Əlfağa Ərəbqardaşbəylidə tutduğu malları Surraya aparıb öz damına salırdı. İndi fikirləşirəm ki, Ərəəbqardaşbəyli əhalisi kənddə gərək bir mal türməsi inşa eləyəydi, onda tutulan malları qarovulçu elə öz türməmizə salardı, daha adamlar dizəcən palçığa bata-bata Surraya getməzdilər…
Yağış yağmağında, mallarının dalınca gedənlər yolu hələ yarı eləməyiblər. Hər addım atanda bir batman palçıq qaldıran bu adamların hərəsi başına bir pambıq kisəsi atıb, arvadlı kişili hamısı bir-birinə oxşayır və qaranlıqda bir-birini seçə bilmirlər…
Nəhayət, gəlib Əlfağanın həyətinə çatırlar. Beş-altı it xorla hürüşür, Əlfağanın türməsindəki mallar yiyələrinin hənirini duyub zindan divarları arxasında mələşirlər…
Hafizə çıxıb deyir ki, Əlfağa gedib Pirəbbənin mallarını tutmağa, damın açarı da cibində… Zalətin, Ədalətin canına and içir…
Adamlar elə türmənin qabağında başları əyilmiş halda dayanıb Əlfağanı gözləyirlər. Başları həm Əlfağanın qorxusundan, həm yorğunluqdan, həm də islanmış kisənin ağırlığından əyilib.
İki saat keçəndən sonra Napoleon… yox, Napoleon yox, Əlfağa at belində gəlir.
Kaş Əlfağanın at belində Ərəbqardaşbəyli arvadlarının və kişilərinin qarşısında söylədiyi nitqi yazılaydı! Kaş indiki telefonlar onda olaydı! Səsi də yazılardı, video da çəkilərdi!
Mən bu böyük simanın kəndçilərimiz qarşısında söylədiyi nitqlərin ayrı-ayrı fraqmentlərini sonradan eşitmişəm. Bilirəm ki, Əlfağa tez-tez “qiryət”, “namus” sözlərini işlədirmiş. Yəni bu vacib keyfiyyətlərin mallarını pambığa buraxmış Ərəbqardaşbəyli xalqında olmadığını ya da kifayət qədər olmadığını bu xalqın üzünə deyirmiş. Gözünün içinə deyə bilmirdi, çünki xalq başını dikmişdi aşağı… “Utanun, utanun!” – deyən Əlfağanın səsi qaranlığı yarıb Kürü keçir, kəndimizin o vaxt Komsomol adlanan adaşına qədər gedib çatırmış…
Əlfağa tutulan malların elə sabah boyunlarının vurulacağını, yəni rayona ətliyə veriləcəyəni deyəndə minnətə gələnlər ağlaşırmış…
Təxminən bir saatlıq nitqdən və Hafizə ərinin, daha doğrusu atının ayaqlarına düşəndən sonra Əlfağa sağmalları buraxır, subayları sabaha saxlayırdı…
Əlfağa, ağlım kəsəndən, fermada naxırçı olsa da, həm də qarovulçu idi. O həmişə və hər şeyin qarovulçusu idi – taxılın, pambığın, suyun… Qızmarda bağrı çatlayan bostanına oğurluqca su açmaq istəyəni atın qabağına salıb qovardı…
Əlfağa fenomeni – Azərbaycan həyatındakı qaydasızlığın, nizamsızlığın, təşkilatlanmanın və özünüidarənin rüşeym halında daolmadığının törəməsi və rəmzidir…
(ardı var)
15. 01. 2025, Samara
əvvəli burda:
ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 21. GÜLSÜM XALA, OĞLU, NƏVƏLƏRİ
