Архив тегов | Xeyrulla Xəyal yanğın

NİYƏ MƏNİM EVİM YANDI, İLAHİ?

Niyə mənim evim yandı, ilahi?

Yandı kitablarım, yandı hər şeyim.

Hökmü əlindədir hər şeyin axı,

Məni niyə seçdin? Daha nə deyim…

 +

Ev də ev deyildi, yarımev idi,

Elə pis deyildi şərait ancaq.

Qoşa pəncərəmdə gül də var idi,
Baxıb dincəlirdim yazıb yorulcaq.

 +

İlahi, yanmalı ev məgər azdı? —
Nəzərdə tuturam mən boş evləri!

Deyək ki, onlarrın lap yüzü yandı,

Olmaz yiyələrin bəlkə xəbəri…

 +

Mənsə Əyyub kimi lütəm, miskinəm,

İndi nəyim varsa, bağışlayıblar.

Əyin-baş verən kim, çörək verən kim,

Əyin-baş yandırır, çörək – zəhrmar…

 +

Bu söhbət şikayət deyil, İlahi,

İşindən baş aça bilmirəm amma.

Sənə ibadətdən yayınıb axı,
Dua eləyirəm əlli adama…

 

05. 08. 2024, Samara

ÖZGƏ ÇÖRƏYİ

09. 10. 23

Özgə çörəyisə əgər yediyin,

Süfrə başında tək deyilsən, demək.

Səninlə üzbəüz oturub yəqin,

Çörəyin yiyəsi, görünməyərək.

 +

Görünmür, yaxşıca görür o ancaq,

Səndən baxışları çəkilmir bir an.

Sayır hər tikəni, ağzına alcaq,
Baxır — çeynəyirsən, baxır – udursan.

 +

Gözünə görünmür çörək yiyəsi,
Duyursan önündə yəqin kimsə var.

Doymamış yox olur yemək həvəsi,
Könülsüz kəsdiyin tikə zəhrmar.

 +

Alnından, boynundan axıb gedir tər,

Daş kimi ağırdır xırda hər tikə.

Daş qoyub töksəydin bu təri əgər,

Yeməzdin heç özgə çörəyi bəlkə…

 

07. 07. 2024, Samara

«ADIM MƏMMƏDNƏSİR — KÜL OLMUŞ HƏSİR…»

09. 10. 23

Yerim bərkiməmiş yenə köçürəm,

Qaraçı köçünə bu köç bənzəmir.

Adət, həvəs deyil məni uçuran,

Adım Məmmədnəsir:  kül olmuş həsir..

 +

Gedirəm sonuncu sanki mənzilə,
Örtüb ayıbımı dostlarım alan.

Kəfən abra salır ölünü belə…

Deyən yox ki, bu yol bitəcək haçan.

+

Gedirəm üzülmüş, heç nə duymadan,
Dörd ya da beş nəfər gəlir dalımca.

Şubertin dəfnində çoxdumu bundan? —

Necə adamlardır hər biri ancaq!..

 

28. 06. 2024, Samara