Архив тегов | yağış haqqında şeir

YANVARDA YAĞIŞ

20230721_135628

Ah, nə yağışdır bu yağır durmadan,

Leysan olurmuş demə yanvarda da.

 +

İmtahan olmuş yolu keçmək daha,

Yox səkidə bir yer ayaq basmağa.

 +

Horra topuqdan, ya da dizdən sudur,
Qarla yağış sel yaradır, qorxudur.

 +

Üz-gözünü buz gilələr titrədir,
Çətri deşib keçməyə qüdrətlidir.

 +

Yağsa belə bir neçə gün dalbadal,
Lap şəhəri bir gəmi tək qaldırar.

 +

Volqaya rahatca bizi endirər,
Asta üzər çayda, dayanmaz şəhər.

 +

Olmasa bir maneə, üç-dörd günə

Çatmaq olar bəlkə də Həştərxana…

 

09-10. 2025, Samara

“AH, YENƏ BAŞLANDI YAĞIŞ MÖVSÜMÜ…”

  U LENİ. KİNO       

leytenant kəndçimiz Hüseyn Bədəlova

 

Ah, yenə başlandı yağış mövsümü,

Hey yağır andır bir ara vermədən.

 +

Gözlə görünmür giləsi, damlası,
Şırnaq ilə sanki axır vedrədən.

 +

Rəngi haçandır ki, açılmır göyün,

Qeyz ilə buz tək suları əndərir.

 +

Çox küçədə göl yaranıbdır dərin,

Var hünərin – keç dizəcən girmədən.

 +

Çətrini dartıb çevirər tərsinə,

Tərs külək əssə, gedəni büdrədər.

 +

Ah, bu yağışlar şəhərə neyləyər? –

Leysan özü burda bir əyləncədir.

 +

Gör nə qədər indi igid soydaşım,
Postda durubdur, ya da səngərdədir!..

 

29. 09. 2022, Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: “BU İLDƏMİ DOLMAYACAQ PAMBIQ?”

RASUL_RZA

Rəsul Rzanın gülməli şeirlərindən biri də “Nigaranlıq”dır. Əslində gərək nigaranlıq gülüş doğurmaya. Nigaranlıq gərək…nigaranlıq doğura. Ancaq Rəsul Rza nigaranlığıyla da oxucunu güldürə bilir.

Bu şeirdə də yağış yağır. (Necə yağır, necə yağır…). Ancaq bu dəfə söhbət Bakı yağışından gedir. Nəhayət xalq şairimiz xarici səfərlərini müvəqqəti başa vurub qayıdıb Bakıya, öz mənzilində dincəlir.

“Çöldə yağış yağır”.

Çöldə. – yəni bayırda. Yəni çöl də bayır kimidir…

“Mən onu görmürəm,
ancaq duyuram,
maşınların təkər səsindən…”

Şairi duyğu elə alıb ki, qalxıb pərdəni də aralamaq istəmir…

Şair dərin düşüncələr dalıb. Çox dərin.

“Düşünürəm:

Düşünürəm:

indi asfalt küçələrdən su axır,

tökülür dəmir qapaqlı su yollarına”.

Kimin ağlına gələrdi ki, su “su yollarına” tökülür?

«Dəmir qapaqlı su yolları» nədir? Bəlkə kanalizasiya? 

Kanalizasiya quyularının qapağı dəmir yox, çuqun olurdu…

Yaxşı ki, Rəsul Rza bu dahiyanə misraları yazanda qalxıb öz-özünə deməyib: “Ay da Puşkin, Ay da sukin sın!” Yəni afərin, Rəsul Rza!

Biz deyirik: Afərin, Rəsul Rza!

Rəsul Rza düşünməkdə davam edir. Düşünür ki, görəsən indi bu yağışdan onların kəndinə yağırmı?

“Kim bilir, yağış yağırmı

şumu kəltən-kəltən,

yolları tozlu,

əkinləri qızdırmalı dodaqlar kimi

cadar-cadar kəndimizə?”.

Və əgər bu yağışdan onların kəndinə yağmırsa:

“bu ildəmi traktorların sükanına,

 alaqların tikanına,

kətmənlərin sapına,

hədər yerə töküləcək

neçə insan alnından axan tər?!”

Vallah, faciədir…Necə qan ağlaçasın daş... Yəni Rəsul Rza necə nigaran olmasın?

Kətmənlərin sapına tökülən tər…

“Rahat qoymayır məni nigaranlıq…”
Hardan qoyar…

“Bu ildəmi

Dolmayacaq pambıq?!”

Bəli, budur məsələ! Olum ya dolum!

Bu yerdə mən həyəcanımdan az qaldım ağlayam. Ancaq duydum  ki, burda nə isə yerində deyil. Necə yəni “dolmayacaq pambıq”? Bəlkə “pambıq planı dolmayacaq”?

Elə deyil?

Bəlkə elədir? Nigaranam…

Ancaq şeirn tarixinə baxanda məni gülmək tutdu: 27 yanvar 1962.

Ay müsəlmanlar, ağalar, xanımlar, qondarma bəylər! Yanvarda yağan yağışın pambığa nə dəxli? Pambıq hələ iki aydan sonra əkiləcək…

Bu adamlarda vicdan, əqidə olub?

1962-ci il kimin yadındadır? Pambığın kilosunu beş ya on qəpəyə yığdırırdılar bizə… Millət qan ağlayırdı…

Rəsul Rza  bu «şeirinə» görə yəqin bir ton pambığın pulunu alıb.

Bəlkə çox alıb…

Bəlkə az…

Douybmu? Dolubmu?

Nigaranam…

15.12. 2018

Samara