Архив тегов | yanğın haqqında şeir

MƏNİM HEROSTRAT ŞÖHRƏTİM

Nə silah, nə qələmlə gələn şöhrəti, adı

Qazandım mən həyatda, can da atmadım elə.

Qaçılmaz finalına ömür çatanda indi,
Herostrat şöhrətindən bəlkə mənə də gələ.

 +

Herostrat kimi məbəd, əlbəttə, yandırmadım,

Elə hünərə məndə yox səviyyə və miqyas.
Bəşərin yaddaşında əbədiləşməz adım,
Tarix kitablarına gördüyüm iş yazılamz.

 +

Yox, yanan məbəd deyil, yandıran nə də mənəm.
Yanan öz mənzilimdir, səbəb – qısa qapanma.

Mənzil özü də bir növ məbəd olsa da hərçənd,
Məbədin statusu, adı ucadır amma.

 +

Öləndə soruşarlar: “Kim? Hansı? Evi yanan?”

Xidmətim yada gəlməz xatırlanmağa dəyən.

Deyərlər əfəl idi, bir işə yaramayan,

Özüm yandırdığımı bəlkə olacaq deyən…

 +

Kimsə xatırlayacaq mənə çəkdiyi xərci,
Dəftərində haqq-hesab, adım orda mənim də…

Unudulmaram azı beş-altı ay keçincə,

Herostrat şöhrətiylə fəxr edirəm indidən…

 

16. 02. 2025, Samara

QEYD:
Herostrat, Herostratus (q.yun. Ἡρόστρατος) — Qədim yunan şəhəri Efes (indiki Türkiyədədir, Selcuk adlanır) sakini. B.e.ə. 356-cı ildə Artemida məbədini yandırıb. Qədim yunan tarixçisi Feopompun hekayəsinə görə Herostratus etiraf edib ki, məbədi ona görə yandırıb ki, gələcək nəsillər onu xatırlasın.

NİYƏ MƏNİM EVİM YANDI, İLAHİ?

Niyə mənim evim yandı, ilahi?

Yandı kitablarım, yandı hər şeyim.

Hökmü əlindədir hər şeyin axı,

Məni niyə seçdin? Daha nə deyim…

 +

Ev də ev deyildi, yarımev idi,

Elə pis deyildi şərait ancaq.

Qoşa pəncərəmdə gül də var idi,
Baxıb dincəlirdim yazıb yorulcaq.

 +

İlahi, yanmalı ev məgər azdı? —
Nəzərdə tuturam mən boş evləri!

Deyək ki, onlarrın lap yüzü yandı,

Olmaz yiyələrin bəlkə xəbəri…

 +

Mənsə Əyyub kimi lütəm, miskinəm,

İndi nəyim varsa, bağışlayıblar.

Əyin-baş verən kim, çörək verən kim,

Əyin-baş yandırır, çörək – zəhrmar…

 +

Bu söhbət şikayət deyil, İlahi,

İşindən baş aça bilmirəm amma.

Sənə ibadətdən yayınıb axı,
Dua eləyirəm əlli adama…

 

05. 08. 2024, Samara

YANĞINDAN SONRA

İYUL 2023

Qorxanam. Və nədən qorxmamışam ki?-

Açar itirməkdən o cümlədən də.

Cibə gündə gərək on dəfə bəlkə,

Əl vurub biləydim: açar — yerində!

+

İndi də, yəqin ki, unutduğumdan,

Başıma nə gəlib, hardayam, kiməm,

Cibimi yoxlayır əlim anbaan,

Barmaqlar boş yerə dəyir — əsirəm…

+

Açar yox cibimdə qapımı açam,

Ev də yox ki, girəm qapını açıb.

Dünyanın malından azad adamam,

Dünyanın yoludur üzümə açıq.

13.06. 2024, Samara

YANĞIN

İYUL 2023

Deyiblər iki şeyə baxmaq olar əbədi,

Odun yanmağldır bu, suyun axmağı bir də

Gözlərim, görün indi iki tamaşa birdən,

Əbədiyyət ömrü var ötən hər dəqiqədə.

+

Yanır yaratdıqlarım, yanıb gedir qurduğum,

Yanır alıb-yığdığım, yazdığım, oxuduğum.

Yanır nadir nəşrlər, şagird dəftəri yanır,

«Əlyazma yanmır» deyən, əlbəttə ki, yanılır.

+

«Fövqəladə» su vurur, su axır oda qarşı,

Bax, gözüm, möhtəşəmdir odla suyun savaşı!

Ehtirasın gücündən bir- birini məhv edən,

Çılğın sevgililərin beləcədir hərbi də.

+

Odun ehtirasını soyudub söndürür su,

Bədbəxt hadisəmi bu? cəzamı, sınaqmı bu?

Kül qalır iki saat əvvəl olan həyatdan,

Baxın, gözlərim, ancaq acı yaş axıtmadan.

+

Səcdə edərəm külə aralıdan mən elə,

Çıxaram heç səmtini bilmədiyim bir yola

Bircə yoldur dünyada tükənməyən, əbədi,

Həqir, başıaşağı yenə gedərəm indi.

07.06.2024, Samara