Архив тегов | yeni il

YENİ İL

Ura, on ikini vurdu saatlar,
Dindi şampanların yaylım atəşi.

Raket buraxırlar, tüfəng atırlar,
Ura! Əjdahanın kəslib başı!

 

On iki ay idi qanlar axırdı,

Sayı-hesabı yox faciələrin.

Həyat savaş idi, savaş ağırdı,

İndisə sarsıdır nəticələri.

 

Deyirdi ver gəlsin, yesə nə qədər

Doyub-dolanmırdı Əjdaha ancaq,

Sularda çevrilib batır gəmilər,
Quruda vururdu, yıxırdı xərçəng.

 

Gah orda, gah burda müharibəydi,

Öldü əsgər olan əsgər olmayan.

Yer ən təhlükəli bizə yeriydi,

Qaçmağa, köçməyə, heyf, yox imkan…

 

 

Soyuq qədəhləri qaldırıb için,

Başı Əjdahanın kəsilmiş, ura!

Qapılar döyülür, tələsin, açın,

Gözləyir Əjdaha təzə başıyla…

 

01.01.2018

Samara

YENİ İL AXŞAMI SÜLEYMANIN XATİRƏSİNƏ

 

Görsən, tanımazsan məni bəlkə də,

Özümə yad gəlir güzgüdə əksim.

Saçım, saqqalım ağ, gözüm çökəkdə,

Dəyişməyib bəlkə eybəcər səsim.

 

Səs də ki, haçandır qalıb içimdə,

Boğazımda batıb, çıxıb yadımdan.

Səndən nə gizlədim, məmə köçəndən,

Daha danışmağa qalmayıb adam.

 

…Yolka bəzənərdi çıraqlı, əlvan,

Yöndəmsiz, darısqal xruşşovkada.

“İlahi, özün keç günahımızdan!” —

 Deyilərdi hökmən içəndən qabaq.

 

Siqaret aramsız tüstülənərdi,

Başı ağrıdardı dəmi arağın.

Xarici estrada ustalarının,

Konserti başlardı səhərə yaxın…

 

O vaxt doğrudan da il dəyişirdi,

Təzə il gəlirdi, gedirdi köhnə.

O vaxt sənin kiçik qardaşınıydım,

İndi tanımazsan sən məni görsən…

 

Tanıya bilərdin bəlkə səsimdən,
Bəlkə dəyişməyib, bəlkə həmindir.

Çoxdan öz səsimi eşitmirəm mən,

Yoxsunuz – kiminlə danışım indi?..

 

31.12.2016

Samara