Архив тегов | yuxu

YUXUDA UÇMAQDAN GÖZƏL NƏ VAR Kİ…

                               

                                          HƏBİB İTBURNU.jpg  Həbib Zərbəliyevə

Yuxuda uçmaqdan gözəl nə var ki –

Elə bil ağrıyan dişin çəkilib,

Elə bil ən əziz adamın gəlib,

Daha altda qalıb yol üstündəki.

 

Mebelin üstündən uçursan əvvəl,

Aşırsan bilmədən divarları da.

Nə qədər uçasan yuxularında,

Başın nə ağrıyar, nə gicəllənər.

 

Qanaddır əllərin, ayaqların da,

Nə daş qabağına çıxır, nə adam.

İpək buludlara atırsan addım,

Nə yolu kəsən var, nə də ki, yol var.

 

Sən də ulduzlar tək kainatdasan,

Yox sənə göz üstdə qaşın var deyən,

Nəzarət eləyən, dolaşan, dəyən,

Qolu qanadlısan, həyatın asan…

 

Əbədi deyilsə yuxu, ayıldar,

Səni də ya saat, ya da dalandar.
Elə bil ki, quşsan, daşla vururlar,

Qəzaya uğramış uçarsan ya da…

 

01.02. 2018

Samara

YUXUMA UŞAQ VAXTI…

Yuxuma uşaq vaxtı,

Tez-tez ilan girirdi.

Tək girsəydi, yaxşıdı,
Çox idi, sürü idi.

 

Zəhərli fısıltılar,

Qulağımı deşirdi.

Mənim dilim tutulur,
İlanlar danışırdı!

 

Aşırdım dağı, daşı,

Kəsilirdi nəfəsim.

Günü qara uşağın,

Cəhənnəmdi gecəsi.

 

Ağzımda dilim yanır,

Yıxılırdım, dururdum,

Dilləri ilanların,

Dabanımı yalardı.

 

Yer də necə yerdisə,

Nə gələn, nə də gedən.

Sürünənlər ordusu,

Qabağında tək idim.

 

Diksinir, ayılırdım,

Yazıq, üzülmüş halda.

Elə bil yaralıydım,

Ödüm əzilmüş halda.

 

Gecənin bir aləmi,

Evdə hamı yuxuda.

Kəmhövsələ lələmim,

Ağır zəhmi yuxuda…

 

Səhəri kəndin  yenə,

Bir azdan açılacaq.

Mən havayı yeyəni,
Hamı acılayacaq…

 

Durub ancaq hər dəfə,

İlanlı yuxulardan,

Bu yad, soyuq evdə də,

Dincəlir, toxdayırdım…

 

15-16.12.2017

Samara

QALXMAQ İSTƏMİRİK…

Qalxmaq istəmirik isti yataqdan,

Oyada bilmir bizi

Sübhün təmiz havası,

Quşların nəğməsi.

Anamızın, qadınımızın səsi də,

Saat zəngi kimi dözülməz olur.

Qapayır gözlərimizi

Uyumaq, uyumaq həvəsi…

Ölüm yuxusu da beləcə

Şirin olacaq görəsən?…

 

                                        20 iyun1980, Ərəbqardaşbəyli

YUXUDA YAZILMIŞ ŞER

 

Xoş gəldin yuxuma, gözəlim,

Xoş gəldin!

Yoluna ulduzlar düzərəm,

Xoş gəldin!

 

İllərlə yatdığım hədərmiş,

Bu yuxu bir ömrə dəyərmiş.

Bir gecə içində səhərmiş –

Xoş gəldin!

 

Yuxumun qəndinə bələnsin,

Qədəmin.

Yuxuma gül ərti çiləsin,

Bədənin.

Xoş gəldin, gözəlim, xoş gəldin!

 

Alışıb oduna yuxumun,

İnadın bu gecə əriyər.

Qov, dağıt oyanmaq qorxumu,

Dünyanın əlçatmaz yerinə.

 

O yersiz küsülər yuxuymuş,

Küsüyçün bir səbəb yoxuymuş.

Dözmədin, ürəyin yuxaymış,

Xoş gəldin!

 

Gülümsə, duman tək dağılsın,

Qəlbimin şübhəsi, gümanı.

Qoy qalsın, bir yolluq qoy qalsın,

Qoy qalsın gözünün dumanı.

 

Sən vüsal sevinci içirtdin,

Yuxuma dirilik suyu tək.

Oyaqkən gözümdən qaçardın,

Yuxuma səpildin duyğu tək.

 

Xoş gəldin yuxuma, gözəlim,

Xoş gəldin!

 

Oyaqkən göz üstdə yerin var,

Yuxuma xoş gəldin, gözəlim!

Səpilsin yoluna ulduzlar,

Xoş gəldin!

 

12 mart 1977, Ərəbqardaşbəyli