Asta sür maşını, sürücü qardaş,
Gəl mənim xətrimə sürəti azalt.
Bu dəfə getməyək mənzilə birbaş,
Alsın öz hökmünə bizi bu asfalt.
Özüm ayaq üstdə, könlüm həvəsdə,
Canımda ağrıdan duymuram əsər.
Saxlaram maşını qollarım üstdə,
Sürücü, hökmündən çıxsa təkərlər.
Əl saxla, bircə an, sükanı boşla,
Nə qəm, qoy yubatsın bu səfər səni.
Burda bir qız var ki, bircə baxışla,
Göylərin qoynuna uçurar məni.
Pəncərə önündə ötürən bu qız,
Səadət özümü, gəlib bu vədə?
Bu köhnə avtobus, tozlu avtobus,
Gəlin faytonuna dönür gözümdə.
İlahi, gözlərdə bu qüdrət nədir,
O xal hardan düşüb çənəsi üstə?
Könlümü bir istək yaman göynədir,
Köynəyi əsdikcə sinəsi üstdə…
Açma pəncərəni, açma, külək var,
Şəvə saçlarını alıb səpələr.
Onun gül üzünü alan buludlar,
Soyuq yağışını könlümə çilər.
Ləngi bu yollarda, a qardaş, yuban,
Min uğur gətirsin hər işin sənin.
Könlümdə bir sevda doğulur bu an,
Ona beşik olsun maşının sənin.
Calanın bu qısa dəqiqələrə,
Siz ey həyatımın qalan illıəri.
Uzanın a yollar, uzanın hələ,
Sən ey səadətim, gedək irəli…
27 aprel 1976, Neftçala – Ərəbqardaşbəyli