Adamla doludur evin qabağı,
Avtobus dayanıb sovetdən qalan.
Ağaca söykənib tabut qapağı,
Qaradır çələngin üstdəki qaytan.
Əsnəyə-əsnəyə durub çalanlar.
Hərənin aləti hazır əlində.
Şopeni qəbirdə ağladacaqlar,
Cənazə mənzildən götürüləndə.
Hamı pıçıltıyla səbəb söyləyir,
Hamı başbiləndir, hamı da həkim.
Sabah özünün də öləcəyini,
Dəfndə nədəsə düşünmür heç kim…
Ağalar, xanımlar! Nə səbəb-filan?-
Qırğındır dünyanın hər qarışında.
Bizi hədəfləyən, bizi qıran var,
Qocanı-cavanı qarışdıran da.
Kimsə avtobusa qoyulub gedir,
Kimsə limuzində. Haçan önümə,
Çıxsa – sarsılıram… Müharibədir…
Cəbhədən yayınan fərariyəm mən.
02.05. 2015 Samara