AVROPANIN QAPISINDA

Döydü yağış bizi, döydü qar bizi,

Açın qapıları, buraxın gələk.

Acın, üzür həm də min azar bizi,
Buraxın yuyunaq, yeyək, dincələk.

+

Qaçmışıq əlindən müstəbidlərin,

Zülmdən, zalımdan qaçıb gəlmişik.

Yarımız yollarda qırıldı qaldı,

Bizsə cəhənnəmdən keçib gəlmişik.

+

Sizin ölkələrdə gözəldir həyat,

Nə çox soyuq olur, nə də çox isti.

İnsanın gedişi-gəlişi rahat,

Küçələr, meydanlar abad, təmizdi.

+

Qaydalı sürülür sizdə maşınlar,

Cədvəl əsasında qatarlar gedir.

Alır cəzasını həddi aşanlar,

Sizdə hökm verən məhkəmələrdir.

+

Mətbəxdə, hamamda, əlüzyuyanda,
Soyuq, həm isti su axır həmişə.

Sizdə çox ev var ki, ayaqyolunda,

Aftafa özü də avtomatlaşıb.

+

Açın qapıları, buraxın girək,

Bilirik tünlükdür, sıxlaşın azca.

Bizə də bir tikə tapılar çörək,

Tapılar ev-eşik, tapılar ocaq.

+

Burda uşaq-muşaq gün görər. Gedər,

Biri top dalınca, biri məktəbə.

Ya da tanrınızı göydən endirər,

Çarmıxa çəkərlər ikinci dəfə…

27-28 noyabr 2015 Samara

Оставьте комментарий