Gah it ayaq saxlar, gah qoca durar,
Gah qoca qabaqda, gah it qabaqda.
Adlayıb deyəsən on beşi Lora,
Qocanın səksəni qalıb uzaqda.
+
İşğal altda olub balaca vaxtı,
Kursk tərəfdəndir Nikolay əslən.
Yada salandasa ötən həyatı,
Söyür anasını kommunistlərin.
+
Topuqdan aşağı kandarı belə,
Nəfəsi qaralır it adlayınca.
Sarılıb çəliyə titrəyən əli,
Yeridikcə yerlə əlləşir qoca.
+
Qurdbasan üzülür, qoca tükənir,
Gedənlər elə bil iki kölgədir.
Səksən il içində qoca çəkəni,
On beş il içində çəkib bəlkə it.
30.06 – 01.07.2016
Samara