Архив | 26.07.2016

ZƏFƏRƏNDUM

Vodevil. Unudulmaz Nəsibə Zeynalova və Bəşir Səfəroğlunun səsləriylə)

Mehriban xanım: Ay kişi, bu nə həngamədur, bu nə vurhavurdur. Deyirlər zəfərəndum keçirirsən. Zəfərəndum nə olan şeydir? Birdən təzə arvad alarsan ha! Bağışla, zarafat elədim.

İlham bəy: Arvad, atan akademik, bacın akademik, özün deputat, ancaq savadsız-savadsız danışırsan. Zəfərəndum yox, referendum! Prezidentliyimin vaxtını uzadıram!

Mehriban xanım: Kişi, yəni rus demişkən bezrazmer eləyirsəsən?

İlham bəy: Yox, hələlik yeddi ilə qaldırıram

Mehriban xanım: Yaxşı eləyirsən kişi, bizim üzümüz-gözümüz öyrəşib bu saraylara, başqa yerdə darıxarıq… Kişi bir söz soruşum. Putinin sroku neçə ildir?

İlham bəy: Arvad, öz dilimizdə de. Srok yox, müddət. Putundə altı ildir.

Mehriban xanım: Kişi, bəs indi deyirəm birdən Putin inciyər. Deyər ki, Əlyof mənim qabağıma srok çıxardır. Bağışla, çaşdım. Müddət.

İlham bəy: İncisin də. Gözüm aydın.

Mehriban xanım: Elə demə, Putin sənə böyük qardaş kimidir.

İlham bəy: Arvad, mənim qardaşım-zadım yoxdur. Bunu qulaqlarında sırğa elə. Mənə qardaş lazım olsaydı, atam təşkil elərdi.

Mehriban xanım: Kişi, arvadlar danışanda eşitmişəm, deyirdilər guya İngiltərədə də bu yaxınlarda belə bir zəfərəndum olub. Çaşdım… referendum. Orda da srok artırırdılar? Bağışla, yenə rusca dedim, dilimizə qurban olum, dilim dilimizə yatmır.

İlham bəy: Yox, İngiltərədəki ayrı məsələydi. Orda prezident yoxdur. Orda ömürlük kraliça var.

Mehriban xanım: Kraliça? Kişi, bu elə mənə yaraşan işdir. Deyirəm nə yaxşı olardı, məni qoyardın kraliça, özün dincələrdin, gedərdin dənizin qırağına, tay-tuşlarınla domino oynardın…

İlham bəy: Arvad!

Mehriban xanım: Kişi, çaşdım. Təpiyini döymə, udar vurar səni… Zarafat elədim, ürəyinə salma… Kişi, birdən bu xalq zəfərəndumda… referendumda sənin dediyinə boyun qoymadı?

İlham bəy: Necə beyun qoymadı, arvad? Sən nə artıq-əskik danışırsan? Boyun qoymasa, heç bilirsən mən bu xalqa neylərəm?

Mehriban xanım: Neylərsən?

İlham bəy: Necə neylərəm? Salaram dəyənəyin altına, əzib yumşaldaram… zad kimi…şey kimi… Zəfəran ləçəyi kimi!

Mehriban xanım: ( qəhqəhə çəkib gülür) : A kişi, yenə mən deyənə gəldin. Bu oldu əsil zəfərəndum!

26.07. 2016

Samara

ERMƏNİLƏR MEYDANLARDA

 

площадь  фонтанов

26.07.16.  Samara, Fəvvvarələr meydanı

Bura Samaranın mərkəzi meydanlarından biridir. Futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq yenidən qurulur. İşi görənlər, şəhərin bütün başqa yerlərində olduğu kimi, ermənilərdir.

Jurnalist adını qanunsuz-əsassız daşıyan Azərbaycan təbliğatçıları, Eynulla Fətullayev başda olmaqla (qalanları, türkün sözü, onun dalındadır) milləti gecə-gündüz inandırmağa çalışırlar ki, ermənilər bu gün-sabah tarix səhnəsindən çıxacaqlar, sürətlə aşılanırlar, Ermənistandan qaçırlar başqa ölkələrə, əsgərləri də Azərbaycn ordusuna könüllü əsir düşürlər.

Ancaq nədənsə dağılan, çürüyən Ermənistan Ağdamdadır, Zəngilandadır, Kəlbəcərdədir, Azərbaycan Qümridə deyil…

Ermənilərin Samaranın küçə və meydanlarında gördükəri işə baxmaq kifayətdir ki, bu millətin yüksək mütəşəkkiliyi, zirəkliyi, iş keyfiyyəti və məhsuldarlığı sənə übut ola. Bu meydandan yüz metr aralı azərbaycanı arvadlar meyvə-tərəvəz satırlar. Kişilər səhər malı gətirir, alverə arvadlar qalırlar. Yaxında ictimai tualet yoxdur, indi özünüz fikirləşin… Arvadlar tərəzi dalında on- on iki saat dayanırlar… Kişilər bu vaxt hardasa nərd atırlar ya da ayrı vacib işlər görürlər…

Əlbəttə, azərbaycanlıların da tikib-quranları var. Ancaq ermənilərlə müqayisədə biz qorxulu dərəcədə geriyik.

Cəlil Məmmədquluzədə həmişə deyirdi ki, ermənilərə baxın, öz geriliyinizi görün, qabağa gedin. Çünki o, erməniləri əvvəlcə Naxçıvanda, sonra Tiflisdə görmüşdü. İki millətin məişəti arasında böyük fərqi görəndə ürəyi yanmışdı. İndi Cəlil Məmmədquluzadə kimi adamların yerini adlarını utanmaz-utanmaz jurnalist qoymuş şərəfsizlər və rəzillər tutublar. Onlar xalqın hesabına maaş alırlar, xalqın hesabına onlara ev tikirlər, onlar da xalqın başını yalanla tovlayırlar ki, guya erməni əsgərləri dəstəylə bizim orduya könüllü əsir düşürlər…

Yalansa, sizin lap… A qurumsaq uşaqları, elədirsə, bzim sütül əsgərlərimizi onlarla, yüzlərlə kim öldürür?

Yalan ayaq tutar, yeriməz. Bunu atalar deyiblər. Yaxşı, müdrik, qeyrətli atalar. Eynulla Fətullayev kimi cüvəllağılar yox. Düşmənə ylan-palanla qalib gəlmək olmaz. Düşmənin qabağında durmaq üçün gərək düşmən qədər və bəlkə daha artıq gücün ola. Bizim gücümüz olsaydı, ermənilər Ağdam məscidini ayaqyolu eləməzdilər – yəni bu, aydın deyil?

Tezliklə bu meydanı ermənilər qurub düzəldəcəklər. İş qurtaran kimi, bizim yekəpər soydaşımız meydanın tinində dükan qoyacaq. Qış girənəcən meyvə satacaq, qış girən kimi isə yolka gətirib tökəcək… Yanındakı köməkçisinə ya arvadına da deyəcək ki, bax, bu meydanı erməni oğraşlar düzəldiblər…

 

26.07.2016

Samara