Архив | 22.08.2016

BİZ DƏ KƏLBƏCƏRƏ UKRAYNALI PROKUROR TƏYİN EDƏRİK…

Ukraynanın baş prokuroru Krıma yeni prokuror təyin edib. Yeni prokuror azərbaycanlıdır: Gündüz Məmmədov

Bu Lutsenko köpəyoğlu ço fikirləşib ki, kimi Krıma prokuror qoysun. Asan məsələ deyil: Krım Rusiyada, Ukrayna ora prokuror təyn edib. Sonrayadına düşüb ki, azərbaycanlıların belə işlərdə böyük təcrübəsi var. Şuşa, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər ermənilərdə, Azərbaycan prezidenti o yerlərə başçı təyin edir, prokuror təyin edir…

Lutsenko köpəyoğlunun bu yadına düşən kimi Gündüzü çağırıbdeyib brat, bu vəzifə sənindir…

Mən bu əhvalatı oxuyanda ağladım…

22.08.2016

Mirzə ƏLİL

MİRZƏ ƏLİLİN RÖVŞƏN LƏNKƏRANSKİ HAQQINDA XATİRƏLƏRİ

Məni tanıyanlar elə bilirlər ki, məni haçansa KAMAZ vurub – gözümün biri yox, qolumun biri əyri, qıçımın biri axsaq, qabırğalarımda neçəsi çatışmır… Düzü, mənə də elə indiyəcən soruşana deyirdim ki, məni KAMAZ vurub, özü də iki dəfə. Ancaq indi gərək dorusunu deyəm. Bədənimdəki bütün xəsarətlər Azərbaycanın görkəmli şəxsiyyəti Rövşən Lənkəranskinin yadigarıdır…

Günlərin bir günü girdim burda yaxşı restoranların birinə, quş südünəcən sifariş elədim. Restoran bağlanana yaxın ofosianr yaxınlaşıb dedi ki, zəhmət olmasa, hesabı verin. Mən də dedim ki, zəhmət-zad deyil, ancaq pulum yoxdur. Ofisiant çox təəccüb elədi, getdi, çox çəkmədi ki, bir dəstə idmançıyla qayıtdı. Üzümü tutub idmançılara dedim ki, siz, əlbəttə, məni tanımırsınız, ancaq mənim bir qohumum var, onu tanımalısınız. Mən Rövşən Lənkəranskinin qohumuyam.

Bunu eşisən kimi idmançıların biri yapışdı mənim xirtdəyimdən, yeyib ağırlaşdığıma baxmayaraq, boyu bərabəri qaldırb dedi ki, biz Lənkəranski-zad tanımırıq, hesabı ver…

Pul vardı ki verəm?

Gözümün birini onda itirdim… Hələ bir həftə məni əsir saxlayıb qab yudurtdular…

Bundan xeyli keçəndən sonra qərara gəldim yenə Rövşən Lənkəranskinin adını sınayam. Bir xanım keçirdi… Xanım nə xanım… Dedim ay xanım, ya canım… Dedi heç güzgüdə özünə baxmısan? Dedim, xanım, evdə kasıblıqdır, güzgüm yoxdur, üzümü də əzbərdən qırxıram. Dedim xanım, mən Rövşən Lənkəranskinin qohumuyam, uşaqlıqda bir-birimizə oxşayırdıq, sən mənə baxanda gözünün qabağına gətir bizim liderimizi…

Xanımın çantasında elektroşoker varmış. Mənə bir kef verdi ki… Yəqin özü də kef çəkirdi, çünki yoldan keçənlər məni xanımın əlindən ala bilmirdilər…

Onda qolum da, qıçım da şikəst oldu…

Bir dəfə polislərə dedim ki, Lənkəranskiylə dost-doğma xaloğluyam… Dediyimi gördüm, yekə bir iti qısqırtdılar üstümə… Qarnın o vaxtdan yırtıq-yırtıqdır…

İndi deməyim nədir? Eşitmişəm ki, Azərbaycanda Rövşən Lənkəranski adına fond yaradılır. İstəyirəm o fonddan mənə bir pensiya kəssinlər. Axı mən o kişinin adıyla hərəkət eləmişəm…

İndi də onun ucbatından qalmışam hərəkətsiz…

22.08.2016

 

BUNA SƏBƏB GÜLƏNDİR…

Kəndinin qazı yoxdur? –

Buna səbəb Güləndir.

Tapılmır nə də doxdur? –

Buna səbəb güləndir.

 

Bazarda bahadır ət –

Buna səbəb Güləndir.

Meyvə-tərəvəz qəhət –

Buna səbəb Güləndir.

 

Məhəlləmizdə yasdı –

Buna səbəb Güləndir.

Qonşu özünü asdı –

Buna səbəb Güləndir.

 

Müəllim az maaşlı –

Buna səbəb Güləndir.

Dərs deyir gözü yaşlı –

Buna səbəb Güləndir.

 

Bağlıdır həkimxana –

Buna səbəb Güləndir.

Xəstə gedir İrana –

Buna səbəb Güləndir.

 

İşıq, su bahalaşdı –

Buna səbəb Güləndir.

Arvad ərlə dalaşdı –

Buna səbəb Güləndir.

 

Nazir başa bəladır –

Buna səbəb Güləndir.

Polis xalqı mələdir –

Buna səbəb Güləndir.

 

Prezident ömürlük

Buna səbəb Güləndir.

Lap açığı – ölürük! –

Buna səbəb Güləndir!

 

22.08.2016 Samara

 

 

 

AY HACI VƏZİR ZAMİN, MƏN SİZƏ «DƏRD» DEMƏDİM, «ÇOR» DEMƏDİM…

Mənimlə Feysbuk dpstluğunda olan bir nəfər Zamin Vəzir Hacı Zamin Vəzir Hacının bu yazısını bəyəndiyinə görə mətni mən də gördüm və şərh yazmaq fikrinə düşdüm.

Nail Zeynalovun uşaq adları haqda statusunu gördüm yadıma düşdü. Bizim uşağın sinifində o qədər dini ərəb adlı uşaq toplaşıb ki, müəllimin yerinə olsam ev tapşırığını Ühüd döyüşündən verərəm. Yaxşı oxumayan uşaqların başına isə Kərbəla müsibəti gətirsən yeri var. Təsəvvür edin, bir sinifdə 3 Məhəmməd, 2 Yusif, 2 Əli, 3 Zəhra var. Qalanları da Əlislam, Məryəm, Hüseyn, Fatimə-dir (yadıma bunlar düşdü, qalanları da hamısı ərəb-semit adlarıdır) mənim oğlumun da soyadı Hacı”.

 

Mən yazdım ki, müəllif bir neçə orfoqrafiq, durğu işarəsi səhvi buraxıb. “Sinifində” yox, “sinfində”. “Olsam” sözündən sonra vergül olmalıdır.

“Yaxşı oxmayan uşaqların başına isə Kərbəla müsibəti gətirsən yeri var” – Burda da “gətirsən” sözündən sonra vergül olmalıdır.

Mən güman edirəm ki, bu adam jurnalistdir, ancaq jurnalistdən çox özünü, deyəsən, ictimai fikir lideri sayır, bu, şəklindən də görünür – köndələn oturub. Beş-altı kəlmə qaralayır, yüz-yüz əlli adam  tökülüşüb gəlir və  quyuya atılan daşı dartınıb çıxarmağa…

Mən yazdım ki, “Yusif” adı ərəb-semit, Tövrat adı olduğu qədər də azərbaycanlı adıdır, bizim folklorumuza keçib, klassik poeziyamızda ən çox işlənən rəmzi adlardan biridir. Eləcə də Məryəm.

Onu da deyim ki, xristian xalqlar nədənsə Tövrat adlarındaan narahatlıq duymurlar. Məlum olduğu kimi, Linkolnun adı Abrahamdır. Bizdə özünə “türk” adı götürmüş prezident oldu – çoxmu irəli getdik?

Həm də adımız niyə ərəb-müsəlnman adları olmasın – yazını, sivilizasiyanı bizə ərəblər gətirməyibmi?

Mən bu Zamin Vəzir Hacını söymədim, təhqir etmədim, öz fikrimi yazdım. Elə həmin dəqiqə bu “ictimai rəy lideri” elə köndələn oturduğu pozada mənim rəyimi sildi…

Bunlar demokratdırlar? Bu qırışmallar hakimiyyət başında olsalar, nə oyun çıxararlar?

Mən bu adama “dərd” demıdim, “çor” demədim, dedim ki, səhvini düzəlt, ərəblər az qala min beş yüz il olar sənə yazı gətiriblər, ancaq sən indiyəcən düz-əməlli yazmağı öyrənməmisən…

Sözümün canı nədir? Gedin referendumda İlham Əliyevin özümürlük prezidentliyinə ikiəlli səs verin. Elə yaxşısı odur. Bu Zamin Gizir kimi adamlar elə hakimiyyətsiz belə qudurğandırlar, hakimiyətə gəlsələr, xalqı basıb əzərlıər…

22.08. 2016