Məni tanıyanlar elə bilirlər ki, məni haçansa KAMAZ vurub – gözümün biri yox, qolumun biri əyri, qıçımın biri axsaq, qabırğalarımda neçəsi çatışmır… Düzü, mənə də elə indiyəcən soruşana deyirdim ki, məni KAMAZ vurub, özü də iki dəfə. Ancaq indi gərək dorusunu deyəm. Bədənimdəki bütün xəsarətlər Azərbaycanın görkəmli şəxsiyyəti Rövşən Lənkəranskinin yadigarıdır…
Günlərin bir günü girdim burda yaxşı restoranların birinə, quş südünəcən sifariş elədim. Restoran bağlanana yaxın ofosianr yaxınlaşıb dedi ki, zəhmət olmasa, hesabı verin. Mən də dedim ki, zəhmət-zad deyil, ancaq pulum yoxdur. Ofisiant çox təəccüb elədi, getdi, çox çəkmədi ki, bir dəstə idmançıyla qayıtdı. Üzümü tutub idmançılara dedim ki, siz, əlbəttə, məni tanımırsınız, ancaq mənim bir qohumum var, onu tanımalısınız. Mən Rövşən Lənkəranskinin qohumuyam.
Bunu eşisən kimi idmançıların biri yapışdı mənim xirtdəyimdən, yeyib ağırlaşdığıma baxmayaraq, boyu bərabəri qaldırb dedi ki, biz Lənkəranski-zad tanımırıq, hesabı ver…
Pul vardı ki verəm?
Gözümün birini onda itirdim… Hələ bir həftə məni əsir saxlayıb qab yudurtdular…
Bundan xeyli keçəndən sonra qərara gəldim yenə Rövşən Lənkəranskinin adını sınayam. Bir xanım keçirdi… Xanım nə xanım… Dedim ay xanım, ya canım… Dedi heç güzgüdə özünə baxmısan? Dedim, xanım, evdə kasıblıqdır, güzgüm yoxdur, üzümü də əzbərdən qırxıram. Dedim xanım, mən Rövşən Lənkəranskinin qohumuyam, uşaqlıqda bir-birimizə oxşayırdıq, sən mənə baxanda gözünün qabağına gətir bizim liderimizi…
Xanımın çantasında elektroşoker varmış. Mənə bir kef verdi ki… Yəqin özü də kef çəkirdi, çünki yoldan keçənlər məni xanımın əlindən ala bilmirdilər…
Onda qolum da, qıçım da şikəst oldu…
Bir dəfə polislərə dedim ki, Lənkəranskiylə dost-doğma xaloğluyam… Dediyimi gördüm, yekə bir iti qısqırtdılar üstümə… Qarnın o vaxtdan yırtıq-yırtıqdır…
İndi deməyim nədir? Eşitmişəm ki, Azərbaycanda Rövşən Lənkəranski adına fond yaradılır. İstəyirəm o fonddan mənə bir pensiya kəssinlər. Axı mən o kişinin adıyla hərəkət eləmişəm…
İndi də onun ucbatından qalmışam hərəkətsiz…
22.08.2016