Архив | 11.09.2016

ƏRƏBQARDAŞBƏYLİ, SENTYABR, 1963

                      yaddaşdan səhnələr

 

Qiyamət qopurdu hər gün heç nədən,

Evimiz təzəydi,  həmindi rəftar.

Ölmək istəyirdim həyat görmədən,

On yaşa çatmağa  hələ üç ay var…

 

Matros köynəyində qabardıb sinə,

Gəzir kənd-kəsəyi Əkbər Bədəlov.

Baltik ya da Şimal donanmasında,

Dörd illik xidməti bitirib gəlib.

 

Kənddəki ikicə QAZ 51-in,

Birinə qız-gəlin dırmaşıb dolur.

Gestapoçu kimi durub briqadir,

Yuyulmamış ağzı söyüşlə dolu.

 

Ayından-oyundan büküb əskiyə

Tezdən arvad-uşaq gedir pambığa.

Çoxunun naharı para çörəyə

Yaxılmış duzlu şor, bir də baş soğan…

 

Qapançı, təhkimçi, partkom, aqronom.

Onları çəkidə aldadacaqlar,

Kommunist biletli, haram pul qıran

Arvad haqqı yeyən harın qoçaqlar,

 

Hamı qaşqabaqlı, acıqlı nəsə,

Gülən olursa da, özgəyə gülər.

Dolayıb əlinə mal ciyəsini,

Qonşu arvadını qovur hər səhər…

 

Gah orda, gah burda qopur çığırtı:

“Tezliklə, ay uşaq, parçalanasan!”

Uzanır davası iki arvadın:

“Görüm bir əlcəklə yuyula nəslin!”

 

Yenə yetirilmir beşillik plan,

Kənddə un çatışmır, şəhərdə çörək.

Böyük tənəffüsdə yavan yeyilən,

Çörəyin yarısı bəlkə də kəpək.

 

Şalvarının dalı, dizi yamaqlı,

Mal qoşur naxıra kənd kişiləri,
Ayağı qaloşlu, əli çomaqlı —
Sanki hamısının yaşları birdir.

 

Bir növ Hayd Parkdı naxır qabağı,

Burda qızışırdı debatlar hər dəm.

Burda Kennediyə qınaqlar yağır,

İmperializm pislənirdi həm…

 

Kilometr idi məktəbin yolu,

Təlaşla gedirdim onu həmişə.

Rastıma çıxan bir qurumsaq oğlu.

Qorxurdum boyuma yenə sataşa…

 

Nəfəsi tütünlü, gur öskürəkli,

Müəllim gəlirdi – sinif cəhənnəm.

Çubuqdan qaçırdı təkcə zirəklər,
Mən də zirək idim… Vəhşi idim həm…

 

Sentyabr ayı, nar bol, üzüm bol,

Nədənsə bir təlaş didir ürəyi.

İki ay çəkməz ki Əkbər Bədəlov,

Tuş gələr yanlış və qəfil gülləyə…

 

11.09.2016

Samara

 

 

DƏLİ YIĞINCAĞI

MEHRİBAN XANIM: A kişi, bu nə hay-küydür, camaat Yasamala yığışır. Bəlkə mən də gedim?

İLHAM BƏY: Arvad, Yasamala narazılar yığışırlar. Sən nədən narazısan?

MEHRİBAN XAIM: Kişi, sən soruş ki, mən nədən razıyam…(ağlayır)

İLHAM BƏY: Ay arvad, sənin hər şeyin var!

MEHRİBAN XANIM: A kişi, ataların bir sözü var ey…

İLHAM BƏY: Bax, mənim atamla işin olmasın, öz atandan sitat gətir.

MEHRİBAN XANIM: Hə, atam deyərdi ki, içim özgəni yandırır…Ya çölüm? Yadımdan çıxdı…Yəni deməyim budur ki, mən elə olan şeylərdən narazıyam, açıb deyə bilmirəm… Bu Yasamala yığılanların bəs nəyi çatmır?

İLHAM BƏY: Nələri çatmayacaq? Ağılları!

MEHRİBAN XANIM: Yox, Allaha şükür ki, bizdə ağıl nə qədər desən…Kişi, ağılları çatmırsa, apar tök onları Şorsuluya. Salyandadır deyəsən, yaxşı dəlixanadır…

İLHAM BƏY: Bunlarınkı dəlixanalıqdan keçib… Fikirləşim, görüm neynirəm…

MEHRİBAN XANIM: Bəlkə tuttub hamısını zəncirləyəsən?

İLHAM ƏLİYEV: Zəncirləmək olmaz, biz sivil ölkəyik. Qandallamaq olar…

Mirzə ƏLİL

11.09.16