Yusif Süleymanlıya
Tanrının insana ali hörməti,
Heç də suda deyil, çörəkdə deyil.
İtin, pişiyin də var suyu, yalı,
Malda da insanın deyil qiyməti.
+
Gecəni yaradıb dincələk, yataq,
Günəşi – qaradan ağı seçməyə.
Dəryanı – ölkələr aşıb keçməyə,
Qızıl ulduzları – səyyah azmaya.
+
Bu zərif, bu incə çiçəklərisə
İnsana sevgiylə yaradıb yəqin
Baxırsan – heyrətdən baş gicəllənir
Gözəl uzlaşırlar toya, həm yasa.
+
Nə qədər əlləşək alnımızda tər,
Baxsaq bir çiçəyə susar ağrı da.
Tanrı zühuru var doğumlarında,
İnsanın özü tək solub gedərlər.
+
Bəlkə dərdimizə, sevincimizə,
Tanrı şərikliyi çiçəkdə yaşar.
Ayırıb insanı hər yaranışdan —
Tanrı hörmətidir çiçəklər bizə.
20.09.2016
Samara