Архив | 21.09.2016

ƏRƏBQARDAŞBƏYLİ, 1963-64-CÜ DƏRS İLİ

                    unudulmaz insan, unudulmaz Leyla müəllimin 

                     əziz xatirəsinə

Qəfildən baş verdi həmin dərs ili,

Kiçik kəndimizdə böyük hadisə.

İlk dəfə xarici dil müəllimi,

Bizə təyinatla gəldi nədənsə.

+

Viyonu, Balzakı yaradan bu dil,

Heç kimə, əlbəttə, tanış deyildi.

Görəndə necə bir müəllim gəlir,

Dedilər dillərin ən gözəlidir

+

Bu fransız dili… Əsmər bənizli
Yaşı iyirmidən bir az çox gözəl.

Qapqara saçları dalğalı, nazlı,

Gözləri dumanlı, tayı yox gözəl.

+

Bakı ləhcəsiylə, məlahətiylə,

Müəlim salmışdı ovsuna kəndi

Kötük tək oturub dinməyən belə,

Ötür bülbül kimi firəngcə indi…

+

Mən hələ dörddəyəm. Xarici dilsə,

Beşdən başlayaraq keçilir o vaxt.

Yox daha həvəsim məktəbə, dərsə,
Nə boyum uzanır, nə gətirir bəxt…

+

Axşamçağılarsa Kür qırağında,

Oturub tar çalır maştağalı qız.

“Bakı gecələri” kəndi ağladır,

Hamı qəlbi incə, hamı fransız…

+

Tənəffüsdə bizim sinfə də hərdən

Girərdi. Başımı sığallayaraq
Deyərdi: “Bilirəm, böyüyüb hökmən,

“Alim olacaqsan!” (Olmadım ancaq…)

+

Qayıtdı Bakıya ilin başında,
Demə nişanlıymış Leyla müəllim.

Sonralar eşitdim cavan yaşında,

Xərçəngə tutulub… Amansız ölüm…

+

Səsi indiyəcən qulağımdadır,

Sığalı başımda nə yaşa yetsəm.

“Bakı gecələri” yenə ağladır.

Harda o mahnını, haçan eşitsəm…

21.09 2016, Samara