TƏRCÜMƏÇİDƏN: İyirminci əsrin iki rus dahisinin — Andrey Platonov və Marina Tsvetayevanın əsərlərində təkcə bolşevik Rusiyasının yox, həm də Putin Rusiyasının təkcə faciəsi yox, həm də kainat təhlükəsi heyranedici dəqiqlik və uzaqgörənliklə göstərilib. Aşağıdakı şeir yaxşı nümunədir. «Звезда Российская – Противу всех!». Elə bil bu gün deyilib, ya da Putin hakimiyyətə gəldiyi gün…
Şeir zahirən sadə görünsə də, tərcümə üçün çox çətindir. İlk növbədə Azərbaycan poeziyası üçün xarakterik olmayan sintaksisinə görə. Ancaq cəhd etməyə dəyər. Azərbaycan poeziyasının ənənəvi sintaksisini dəyişmək, onun ifadə imkanlarını artırmaq cəhdinin özündə məhsuldarlıq potensialı var. Nəticənin keyfiyyətini isə oxucu müəyyənləşdirə bilər.
MARİNA TSVETAYEVA
Переселенцами –
В какой Нью Йорк…
Köçkünlərik biz, hansı,
Nyu York mənzil bizə?
Dünya dava-dalaşı,
Yüklənb dalımıza —
+
Ayılarıq biz axı!
Biz axı həm tatarıq!
Bitlər yeyib-dağıdır,
Biz yanğın aparırıq.
+
Buracan – hələ nisyə!
Orda –qaranlıqdasa
Bizdən heç seçilməyən,
Qaragüruh dalğası.
+
Çəp gözə bənzəri var –
Polad yarıq ya lülə.
Çəngə-çəngə soyuq qar,
Çiyinlərdən tökülər.
+
Hər kəs ata qatili –
Bunlar hara soxulur?
Bəlası Kainatın
Gəlir – kaş bu səhv ola!
+
Tanrını çağırırıq,
İdraka tuturuq üz.
Biz axı qartmaqlıyıq,
Cüzamlıyıq axı biz
+
Qar-boranda od saçan,
Qurd gözünə bənzəyir –
Ulduzu Rusiyanın:
Hamının əleyhinə!
+
“Əkinçi insan, oyan,
Dur yorğan-döşəyinlə!”
Güllələyən qolboyun,
Gedir güllələnənlə.
+
Və mehribancasına,
Cındır çılpağa söylər:
“Cənnətin açılacaq
Qapıları, hə, sən öl!”
22 fevral 1922
ruscadan tərcümə
25-26.12.2016, Samara
