Səfərin yoxsa da, hərdən, arabir,
Vağzala gedəsən, gəzəsən orda.
Baxasan ki necə qatarlar gedir,
Necə yan alırlar perrona ya da.
Əldə nə çamadan, nə də düyünçə,
Gedənə, gələnə gözün zillənir.
Yük elə özünsən, qiymətin heç nə,
Birdən yanağında yaş gilələnir…
Diktorun səsində müəzzin hökmü,
Hamı həyəcanda, hamı fikirdə.
Axır və dəyişir zaman su kimi,
Yaxına gedən də əbədi gedir.
Burda ağuşlardan axan isti var,
Burda baxışlardan sızan soyuq da.
Dolur və boşalır platformalar,
Pozulmur axında nizam və qayda.
Sanki bu görüşlər, bu ayrılıqlar,
Haçandan yazılıb, möhürlənibdir.
Dünyanın nizamı sanki yaranır,
Hər kəs öz yerini tutmağa gedir…
30-31 mart, 2017
Samara
