Архив | 03.07.2023

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: KENNEDİNİN ŞƏXSİ NÜMUNƏSİ VƏ VAHABZADƏNİN YALAN PAFOSU

Bəxtiyar-Vahabzadə

Mənə biri Facebook-da ilişib, yazır ki, oğlan (!), sən Bəxdiyarın (Bəxdiyarın! Yəqin Bəxdiyarla oturub-dururmuş…) yazdığını oxumusan? Bəxdiyar yazıb ki, sən özündən soruş ki, vətən üçün neyləmisən…

Mən bu kişiyə (yəqin Bəxdiyarın dostu olub….) yazdım ki, bu sözləri Con Kennedi deyib, Bəxtiyar Vahabzadə, açıq desək, bunu mərhum Amerika prezidentindən oğurlayıb…

Orxan adlı bu qırsaqqız yenə əl çəkmədi, deyir Bəxdiyarı oxu…

Əngəllədim…

İndi məcburam “Vətən marşı»

şeirindən yazam… Rus demişkən, poluçay, faşist, qranatu…

Şeir 1992-ci ildə yazılıb. Qarabağda müharibə qızışanda. Bəxtiyar Vahabzadə “vətən oğullarını” döyüşə səsləyir, deyir ki:

“Vətən uğrunda ölənlər ölümündən doğulur…”

Bu da əslində plagiatdır, Qurandan götürülmədir, ancaq Quranda bu, Allah yolunda ölənlərə aiddir…

“Biz vətən məcnunu, el aşiqi, sülh əsgəriyik…”

Biz? Yəni Bəxtiyar Vahabzadə özü də? Vahabzadə haçan əsgər olub?

1943-cü ildə Bəxtiyar Vahabzadənin 18 yaşı tamam olub, onun yaşıdları müharibəyə gediblər, ölən ölüb, sağ qalan qayıdıb gəlib. Bəxtiyar Vahabzadə niyə müharibəyə getməyib, sirrdir. Mənim üçün sirrdir. Yəqin səbəbini bilənlər var. Ancaq onun özünə əsgər deməyə heç bir haqqı yox idi…

“Biz Vətən naminə ölsək, dirilərdən diriyik…

Kim ölsə? Əlbəttə, Bəxtiyar Vahabzadə özü yox, oğlanları, nəvələri yox… Kasıb-kusub, fəhlə-kəndli balaları…

Dedi öndər: «Yönü bayraqdakı üç rəngdən alım»

1992-ci ildir. Öndər, əlbəttə, Rəsulzadədir. Görəsən sonrakı ilərdə Vahabzadə Rəsulzadəyə öndər deyib?

“Bizi biz etdi Dədəm Qorqud oğuznamələri”.

Yalandır! Dədə Qorqud dastanlarını indiki nəsillər sovet dövründə tanıyıb. Sovet ədəbiyyatşünaslarının şərhi ilə. Yüz illərlə bu dastan haqqında heç bir məlumat olmayıb. Bizi Səməd Vurğunun “26 lar”, Rəsul Rzanln “Lenin”, Bəxtiyar Vahabzadənin özünün “Leninlə söhbət” poemaları “biz” eləmişdi, “formalaşdırmışdı”, ona görə müharibəni uduzmalıydıq…

“Bəşərin dərdini öz dərdi bilib millətimiz”.

Bizim millətimiz? Haçan? Ağ yalandır…

Və şeir bu beytlə bitir:

“Gecələr yatmadan əvvəl sor özündən ki: «Bu gün

Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?»

Bu, açıq-aşkar plaqiat, azərbaycanca desək, oğurluqdur. Bu sözlər Con Kennediyə məxsusdur:  “Ask not what your country can do for you – ask what you can do for your country”.

Yəni soruşma ki, ölkə sənin üçün nə edə bilər, soruş ki, sən ölkə üçün nə edə bilərsən”.

Kennedinin bunu deməyə haqqı vardı. Kennedi İkinci dünya müharibəsinin əvvəlindən axırınacan vuruşub, torpedo katerinin komandiri olub.

Bəxtiyar Vahabzadə, yaşı düşsə də, müharibədə iştirak etməyib. 1990-cı ildə tank altına altına atılanlar, sonra Qarabağda ölənlər, yaralananlar arasında Vahabzadələr yoxdur…

Başqalarını fitləməyə nə var ki…

02. 01. 2019

Samara