
mühəndis usta soydaşım Rövşən Quliyevə
Qapımı düzəltdin, var ol, a yerli,
Rahat örtülür, həm rahat açılır!
Elə gedir açar irəli, geri
Elə bil ki, yağa bıçaq sancılır!
+
Gözəl iş görmüsən, gözəl adamsan,
Təşəkkürlər, əziz mingəçevirli!
Əllərin qızıldır, qızıl adamsan,
Heyf, qızıl deyil şairin dili…
+
Hey girib-çıxıram, kefim kökəlir,
Ustalığın kamil, işin möhtəşəm,
Kilid həmin kilid deyil elə bil,
Vallah, görmədiyim günə düşmüşəm…
+
Soydaşım, əzizim, qapı dalında,
Qalmaqdan dünyada ağır nə vardır?
Öz qapın üzünə açılmayanda,
Gedən yerin yoxdur, günün qaradır.
+
Qapı arxasında dayanıb hərdən,
Açarı ovcunda sıxıb qalırsan.
Qıfıl deşiyindən gələn hənirdən,
Duyursan o yanda durub yad insan…
+
Soydaşa ürəyi yanan soydaşım,
Ömrün də işıqlı olsun adın tək.
Ustalığın kamil, nəcibdir işin,
Təmizdir, halaldır yediyin çörək.
04. 07. 2023, Samara