
Mədinə Gülgünün şeirinə nəzirə
Deyirdin gələrsən sərhəd açılsa,
Sərhəd açılmadı, sən gəlməz oldun.
Minib təyyarəyə gəlməyə pulsa,
Heyf, tapılmadı, sən gəlməz oldun.
+
Dedin AXCP alınsa qeydə,
Borc alıb gələrsən, sən gəlməz oldun.
Nə Cəbhə alındı, Müsavat nə də,
Düşüb bəlkə dərdə, sən gəlməz oldun.
+
MİQ imtahanına dedin gələrsən,
Yaxşı keçsə əgər — sən gəlməz oldun.
Müəllimləri kaş görməyəsən sən,
Kəsilib getdilər, sən gəlməz oldun.
+
Deyirdin qiymətlər əgər bazarda,
Düşərsə, gələrsən, sən gəlməz oldun
Qiymətlər düşmədi, artdı da hətta,
Eşidib bilərsən, sən gəlməz oldun.
+
Dedin “dəmir yumruq” məmura əgər
Dəyərsə, gələrsən, sən gəlməz oldun.
Hələ ki, bu yumruq milləti əzər,
Bəlkə bu səbəbdən sən gəlməz oldun.
+
Dedin Söyüdlüdən post götürülsə,
Qanad bağlayarsan, sən gəlməz oldun.
Post nədir, salıblar kəndi qəfəsə,
Görüb ağlayarsan, sən gəlməz oldun..
+
Dedin millət əgər qalxsa ayağa,
Dəstəksən bir yandan, sən gəlməz oldun
Millət boynubükük, başı aşağı,
Xəbər tutub bundan, sən gəlməz oldun…
Mirzə TƏBİL
21. 07. 2023, Samara