«GEDİR KOMMUNİZMƏ AZƏRBAYCANIM». AŞIQ PƏNAH KAZUSU

aşıq pənah

«Səadət eşqiylə qaynayır qanım,
Çalır, nəğmə deyir, gülür dörd yanım,

Gedir kommunizmə Azərbaycanım,

Gələcək yolunun düzü məndədir».

Bunu salyanı aşıq Pənah oxuyub. Videosu da qalıb. Yəqin ki, 60-cı illərin əvvəllərində studiyada çəkilib. Üçüncü misranı oxuyanda aşıq sağ əlini sazdan çəkib göyə qaldırır, yəni əslində deyir ki, Azərbaycan göyə necə çıxa bilirsə, kommunizmə də elə gedib çıxacaq…

Bu mahnının son bəndi lap maraqlıdır.

“Məndədir azadlıq, məndədir əmək”

Yəni azadlıq, əmək aşıq Pənahdadır.

“Dostluq, bərabərlik, halal duz-çörək”.

Bu lap fransız burjua inqilabının şüarlarına bənzəyir.  “Liberté, égalité, fraternité” – azadlıq, bərabərlik, qardaşlıq. Halal duz-çörək Azərbaycan əlavəsidir. Bizim millət ancaq halal yeyər, halal olmasa, acından ölər, yeməz…. Aşıq Pənah həmişə halal çörək yeyib. Təkcə “Leniniana”dan bəlkə tonlarla “halal” çörək qazanıb. Toylara da müqavilə ilə gedib. Qonorarının vergisini qəpiyinəcən ödəyib.

İnandınız?

Sonra:

“Pənaham, məndədir alovlu ürək”.

Bu heç, bu, anatomiya məsələsidir.

İllərin pozulmaz yazı məndədir”.

İllərin pozulmaz yazı ancaq Azərbaycanda olur, bunu ilk dəfə ədəbiyyata akademik şair Səməd Vurğun gətirib. Bizdə adamların günü qara olsa da, payızda dizəcən palçığa batsalar da, qışda ayaqları qaz pəncələri kimi qızarsa da, “illərin yazı” pozulmur”. Səməd Vurğundan sonra onun şagirdləri “illərin pozulmaz yazını” öz ölməz əsərlərində yaşadrlar.

Deyilənlər aşıq Pənaha aid deyil, çünki Pənah öz adıyla oxuduğu qoşmaların, gəraylıların heç birini yazmayıb. Aşıq Pənah ümuiyyətlə şeir yazmayıb. Bunu köhnə salyanlılar yaxşı bilirdilər…

Şirvan və Salyan aşıqları – bu, əslində sovet Azərbaycanında yaranmış fenomendir. Köhnə videolarda, köhnə şəkillərdə aşıqların paltarlarına fikir verin – bu, musiqiçi, xüsusən xalq musiqiçisi paltarı deyil. Bu, bolşevik inqilabından sonra komissarların, orqan işçilərinin geydiyi kostyum və uzunboğaz çəkmədir. Elə Stalin də belə geyinirdi. Niyə Şura hökuməti gələndən sonra aşıqlara bu paltarı geydiriblər – bilmirəm.  Ancaq Aşıq Pənahın, aşıq Şakirin, Aşıq Bəylərin paltarı qırmızı zabitlərin, komissarların paltarıdır. Aşıq Pənahın bir mauzeri çatışmırdı. Bəlkə də pistoleti olub, anca belində yox, cibində, ya sazının futlyarında gəzdirirmiş…

Aşıqların paltarı cəhənnəm, elə özləri də bir bolşevik proyekti kimi ortaya çıxıb. Aşıq – Qurbanidir, Ələsgərdir, bunlar söz yazıblar, yəni xalq şairi olublar. Ancaq sovet vaxtı populyarlıq qazanmış aşıqların heç biri şeir yazmırdı, onların adına şeir yazırdılar. Hər aşığın müəllifləri olub, pul verib şeir yazdırıblar. Aşıq Pənahın öz adına oxuduğu şeirlərin əsas müəlliflərindən biri uzun illər “Azərbaycan” jurnalında məsul katib işləmiş salyanlı Ağacavad Əlizadədir.  Əliağa Kürçaylı da Aşıq Pənah üçün şeirlər yazıb. Mənim mərhum dayım Arbatanlı Sabir də Salyan aşıqları üçün şeirlər yazıb, ancaq əlyazmaları qalmadığı üçün hansı şeirlərin ona məxsus olduğunu deyə bilmərəm.

Lenin deyib ki, incəsənətlərdən xalqa ən yaxını kinodur. Və düz deyib. Min adamı yığ bir yerə, heç klub da lazım deyil, mal damının divarından ağ mələfə as və kolxozu, bolşevikləri, sovet quruluşunu mədh edən bir film göstər – bir saatın içində gör nə qədər adamda yoldaş Leninə, yoldaş Stalinə, yoldaş Şaumyana, Kirova məhəbbət yaranırdı! Gör nə qədər adam beş-altı ilə kommunizmin qurululacağına, doyunca yeyib-içə biləcəklərinə inanırdı!

Aşıqlıqda da, xüsusən sovetin uydurduğu aşıqlıqda, belə bir təbliğat və təşviqat resursu var idi. Bəzi toylara minəcən adam yığılırdı. Və xalqın sevilmlisi Aşıq Pənah onlara Azərbaycanın kommunizmə getdiyini elan edirdi. Pənahdan fərqli olaraq doyunca nə halal, nə haram çörək yeyə bilən kənd adamlarında ruh yüksəkliyi yaranırdı, onlarda hətta kolxoz sədrinə, raykom katibinə də məhəbbət yaranırdı. Hərçənd əksəriyyəti bilirdi ki, kolxoz sədri də, raykom katibi də oğrudur, rüşvətxordur, bir sözlə hər ikisi oğraşın yekəsidir…

Mən 60-cı illərin əvvəllərindən xanəndələri aşıqları tanımışam. O vaxt Aşıq Pənahın plyus-minus qırx yaşı vardı və radiodan lent yazıları səslənirdi: “Gedir kommunizmə Azərbaycanım”. Onun necə populyarlaşdığını, sontra niyə və necə  əsl siyasi aşığa çevrildiyini bilmirəm. Artıq 60-cı illərin axırına yaxın Aşıq Pənah  Leninə “həsr etdiyi” qoşmaları lentə yazdırmağa başladı. Leninin yüz illik yubileyinə hazırlıq bir neçə il qabaqcadan başlanmışdı. Yubiley ərəfəsində Pənah Leninə bir kitablıq şeiur həsr etmişdi və bu məcmuə rəsmi şəkildə “Aşıq Pənah Lninianası “ adlanırdı. Şübhəsiz ki, bu şeirləri də yuxarıda adlarını çəkdiyim müəlliflər yazmışdılar. Leninçi şeirlərin böyük hissəsi, yəqin ki, Ağacavad Əlizaədə tərəfindən yazılıb, bunu Ağacavadla yaxın ünsyyətdə olmuş adamdan da eşitmişəm.

28.08. 2023, Samara