Архив | Август 2023

I.S. BAX. TOKKATA VƏ FUQA RE MİNOR BWV 565

20230721_135628

Yarım əsr qabaq, ya əvvəl daha,

Hərdənbir tokkata səslənən zaman,

Veriliş içində, konsertdə ya da,

Canlanan olurdu soydaşlarımdan.

 +

“Bayatı-Şirazdır sanki çalınan,

Gör bizim muğama bənzəyir necə!
Bizdən götürübdür bəlkə bu alman,
Lap bizim muğam tək şirin və incə!..”

 +

Qızırdı qanları “sübutlananda”,
Bu ölməz əsərin “bizimkiliyi”,

Radio, tokkata çıxırdı yaddan,
Fuqaya çatmırdı səbri heç kimin.

 +

Soydaşım nə vaxtdan kitablar yazır,

Dissertasiyalar yazır, yorulmur…

Yazır İnterpola  Baxdan ərizə,
Deyir tapın harda gizlənir oğru…

 +

Bənzər ilk baxışdan çiçək çiçəyə,
Ulduzu ulduzdan ayırmaq çətin.

Bənzərdir musiqi kəlməsi deyə,
Başına “bizimdir” fikri gəlməsin…

 +

Heç muğam özü də bizim deyildir,

Şiraz yaranmayıb əllərimizlə,

Babalar bayatı, bəli, deyibdir,
Yoxdur heç kimin də davası bizlə…

 +

O ki qaldı Baxa…Tokkatasında,
Dərin duyğu da var, təfəkkür də var.

Bizimki elə bil əbədi yasdır,

Bizimki — sızıltı, nalə, yar, əğyar…

 

05. 08. 2023, Samara

ZABİL PƏRVİZİN SEVİMLİ ŞAİRİ SEYİD ƏZİMƏ 2-Cİ NƏZİRƏ

20230721_135628

 Olmasaydı gözəllik aldığım bu xanımda,

Saxlamazdım onu mən bircə gün də yanımda.

 +

Zəng vurar ya esemeslə çağırardım atasın,
Qoşulub bəlkə gələrdi iki-üç qaynım da.

 +

Çay-çörəklə keçirərdim geniş müşavirə mən,
Söyləyərdim nə yığılmışsa xəstə canımda.

 +

Uyub əğyara, deyərdim ki, nə vaxtdan qızınız,
Xolesterin də, şəkər də çoxalıb qanımda.

 +

Məni saymır görürəm ki, qudurub əğyar da,
Tutmuşam üç dəfə  öz külbeyi-ehzanımda.

 +

De, əziz qaynata, mən bəlkə cinayət törədim,
Görüb əğyar uzanıbdır mənim divanımda?

 +

Seyyid əğyarı görüb korluğa qoymuşdu özün,[i]

Bunamı mən əl atım? Başqa yox imkanım da…

 

 03. 08. 2023, Samara

 

[i] “Ey kaş,olaydı bu tamaşadə gözüm kur…(S.Ə. Şirvani)

SURƏT HÜSEYNOVUN ÖLÜMÜNƏ YAZILMIŞ MƏRSİYƏ

Ağlayır, qan-yaş tökür,

Qoyun yunu yuyanlar.

Mələşir, boyun bükür,
Sürülərdə qoyunlar

 +

Çox idi pulu, malı,
O, sərvətdə tək idi,

O, qoyun generalı,
O, yun polkovnikiydi.

 +

Sevirdi Yevlax onu,
Sevirdi onu Gəncə.

Sevirdi inək, qoyun,
Sevirdi toyuq-cücə.

 +

Ona aşiq idi xalq,

O da xalqı sevirdi.

Üsyan elədi qoçaq,
Elçibəyi devirdi.

 +

Qabağına qataraq,
Qoşunu dəhmərlədi.

İki güllə ataraq,
Aldı Surət Ələti.

 +

Qaçırdı qabağından,
Qarnizonlar, alaylar.

Belə möhtəşəm insan,

Deyin mənə, harda var?!

 +

Böyürdü Milli məclis,
Qoyun kimi mələdi.

Fürsət tapıb Əbülfəz,

Bakını tərk elədi.

 +

Nə silaha əl atdı,
Nə xalqa ağız açdı,

Tez  daban əlli altı,
“Dədəm vay!” dedi qaçdı.

 +

Qoyun polkovnikindən,

Millətə gəldi fərman:

 “Heydər gəlir yenidən,

Odur indi baş çoban!

 +

Yenə mal-qarasınız,
Qoyunsunuz yenə də.

Otarar, minər sizi

Yenə Əliyev öndər.

 +

Qarnınızda diliniz,
Səcdəyə olun hazır.

Qayıdır zalımınız,

Mən də ona baş vəzir”.

 +

Yun, qoyun generalı,
Üsyan etdi beləcə.

Müsibət oldu dalı,
Ağlaşma və faciə.

 +

Bir azca səbr elədi,

Dözdü Əliyev Heydər.

Surəti zəncirlədi

Atdı zindana öndər…

 + 

Kim ona qıydı indi,

İgid Surətim öldü?!

Kim onu zəhərlədi,
Axdı içinə ödü…

 +

Əllərin quruyaydı,
Qəhrəmanıma qıyan!

O, yun generalıydı,
Yox daha o cür insan!

 +

Mələyir qoyun kimi,

Mirzə Təbil də indi.
Öldü yun polkovniki, ,-
Necə çəksin bu dərdi…

 

Mirzə TƏBİL

01. 08. 2023, Samara