
Bu gün azərbaycanlıların etiraz aksiyası keçirdiyi barədə oxudum. Elə bilirsiniz Avropa demokratiyasının beşiklərindən birində min hoqqa ilə məskunlaşmış soydaşlarımız Azərbaycanda keçiriləcək seçkilərin qeyri-qanuniliyinə etiraz edirlər? Yox, özlərini Azərbaycan bayrağına bürümüş bu cüvəllağılar və lotular yekdilliklə Əəliyevə səs verəcəklər. Onlar Natəvanın büstünün götürülməsinə etiraz edirlər.
Sual: Fransada Natəvanın heykəli niyə olmalıdır? Natəvanın yazdığı on-on beş qəzəldən heç azərbaycanlı özü baş çıxarmır, biz onu fransıza sırıyırıq.
Azərbaycanda Balzakın, Hüqonun, Zolyanın, Kamyunun, Bodlerin, Verlenin heykəlləri var? Biz Molyerə niyə heykəl qoymuruq? Axı Molyersiz Axundov dramaturgiyası ola bilməzdi! Volterə heykəl qoyuruq? Voltersiz filosof Axundov yoxdur!
Biz niyə dahi fransız rəssamlarına heykəl qoymuruq? Axı Azərbaycan rəssamlığında az-çox yaxşı nə varsa, fransız sənətkarlarının sayəsindədir.
Niyə belə üzlülük, sırtıqlıq edirik? Dərəbəylikdir?
Bunlar öz yerində.
Azərbaycanlıların yöndəmsiz aksiyası məni Natəvanın şeirlərinə təzədən baxmağa vadar elədi. Yaxşı ki, İnternetdə bu şeirlər var. Qısaca bunu demək olar: Leyla Əliyeva necə rus şaridirsə, Natəvan da elə Azərbaycan şairidir.
Maraqlı bir detal: oğlunun ölümünə yazdığı şeirlərdən başqa, Natəvanın qəzəlləri, kişi şairlərin şeirləri kimi, qıza, qadına ünvanlanıb. Həm də Natəvan özünü Corc Eliot kimi özünü kişi təxəllüsü ilə gizlətmir, son beytdə öz adını çəkir. Müraciət etdiyi sevgili isə ay üzlü dilbərdir.
Səninlə, ey büti-məhruy, mehriban mən idim,
Ənisü-munis idim, yari-mehriban mən idim.
“Ey büti-məhruy” – yəni ay üzlü büt, sənəm.
Fransada gey gəncin baş nazir təyin olunması, elə bilirəm ki, Azərbaycan ictimaiyyətini dərindən həyəcanlandırıb, Avropa homoseksuallığı aktual mövzuya çevrilib. İndi deyək ki, azərbaycanlı bir qız başqa bir qıza Natəvan kimi sevgi şeiri yazır. Ona nə deyərlər? Bəli, lesbian. Natəvan isə yazır:
Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?
Yeri gəlmişkən, xanəndələrin ifasında Natəvanın qəzəllərini dinləyən soydaşlarım, keyfiyyətli filoloji təhsili olanlardan başqa, yalnz rədifləri başa düşürlər: “neçin gəlməz”, “getmə”, “getdi”, və s. Qəzəllərin son dərəcə arxaik leksikası hazırlıqsız oxucu ya dinləyici üçün anlaşılmazdır.
Daha bir mülahizə: Natəvanın adı ilə tanınan şeirlərin çoxunun doğrudan da Natəvanın yazdığına mənim şübhəm var. Ancaq mən mətnşünas deyiləm, klassik ədəbiyyat mütəxəssisi deyiləm, şübhələrim intuisiya səvyyəsindədir.
Bunlar öz yerində. Mən Vikimənbədə, yəni Vikipediyanın mətnlər qoyulan bölməsində çox gülməli bir şeyə rast gəldim. Burda Natəvanın on səkkzi qəzəli var. O cümlədən bu qəzəl:
Nə yaxşı munis idi, heyf, nagəhan getdi,
Məni bu möhnət əta qoydu firavan getdi.
Sonrakı beyt belə olmalıdır:
O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm?
Hilal tək qədimi eylədi kəman, getdi.
Ancaq belə deyil! Belə deyil!
Hansı vələdəzzinasa, hansı bastardsa, hansı atasından bixəbərsə girib bu Vikimənbətyə, yəni qeydiyyatdan keçib, redaktor səlahiyyəti alıb və görün ikinci beytin birinci misrasını nə günə qoyub:
“Salax Rahim Elekberovdan ayrı baxarmı sərvə gözüm?”
Bunu eləyən qız da ola bilər, yəni bu qız öz sevgilisi Salax Rahim Elekberova sədaqətini bu cür bildirib!
Bu qəzəllər Vikimənbəyə 2016-cı ildən gec qoyulmayıb, bu tarixdən əvvəl qoyulub, yəni ən azı səkkiz ildir. Əgər Natəvan Azərbaycanda sevilirsə, oxunursa, bu xuliqanlığı, bu barbarlığı niyə ndiyəcən heç kim görmür?
Fransada bayrağa bürünüb Makrona dil uzatmağa nə var ki…
Yazıq Makron…
X.X.
13.01. 2024, Samara
