
«Görürəm, yaz yağışı
Yağır hiddətlə yenə.
İldırımlar şaxıyır
Göydə dəhşətlə yenə.»
“Hiddətlə” – yəni necə? Yağış” haqqında “hiddətlə” demək – heçnə deməkdir. Tut ucundan, göyə çıx – xalqın dilində belə incilər var!
“İldırım şaxımaz”, ildırım “çaxar”, gün – şaxıyar – məncə belədir.
Şair “pəncərəyə söykənərək” “hər yana” baxır. Yəqin demək istəyib ki, pəncərənin qabağında durub.Pəncərənin harasına söykənəcəksən? Şüşəsinə? Bəs baxmaq?
Söykənib pəncərəyə
Baxıram hər yana mən.
Yenə yollar kəsilib,
Nə gələn var, nə gedən.
Yollar yəni tamam kəsilib? Bu, yağışdır ya Nuh seli?
Göydə karvan çəkərək
Sıx buludlar dolanır.
Yaxşı, bunu candərdi qəbil edək. Sonrasına baxaq:
Hərə bir yer taparaq
Sığınıb daldalanır.
Bundan əvvəlki bənddə demişdi ki, “Nə gələn var, nə gedən”. Demişdi? İndi məlum olur ki, küçə adamla doludur, — “hərə bir yer tapırsa…”
“Belə neysanda fəqət…”
Neysan? Yəni leysan? O ki qaldı “fəqət”ə… Salyanlıların “fəqət» demək şakəridir…
Fəqət şair bir qaranquş görür.
“Yağış altında onu
Qanad açmış görürəm”.
Belə çıxır ki, yağışdan qabaq qaranquşun qanadları bükülü imiş…
“Bədənindən su damır…”
Qaranquşun bədəni… Təsəvvür etdiniz?
“İslanıbdır o, tamam…”
Əlbəttə, islanacaq, “neysan”ı nə bilmisən…
“Düzü, heyran kəsilir
Ona baxdıqca adam”….
Adam (adamdırsa) heyran kəsilir ya heyran olur? Bədənindən su axan qaranquşun nəyinə heyran olursan? Adam (əgər adamdırsa) gözəl bir xanıma (adam kişidirsə) heyran olar…Bədənindən su axan qaranquşun halına acıyarsan, təəccüblənərsən, ürəyin yanar…
Nə əsən güclü külək,
Nə yağan güclü yağış
O zərif quşcuğazı
Bircə an saxlamamış.
Oxudunuz? Qaranquşu külək, “neysan” saxlaya bilməyib, ancaq “quşcuğaz” gəlib durub şairin pəncərəsinin qabağında – bədənindən su axa-axa – deyir şair, mənə poema yaz, çörəyin şeirdən çıxır, sənin qadalarını alım…
Elə bil lap bu saat
Gəlsə qış, yağsa da qar,
O dayanmaz yenə də,
Daha sürətlə uçar.
Necə yəni dayanmaz? Dayanmasaydı, bir saniyənin içində pəncərənin qabağından ötüb keçsəydi şair bu dastanı necə danışardı?
İndi burda Səməd Vurğun kimi “Aha!” demək lazımdır.
Aha!
Alaraq dimdiyinə
Quşcuğaz yem aparır.
Quşcuğaz yem aparırmış. Leysan, yollar kəsilib, olmayan adamların hərəsi bir yerə sığınıb, quşcuğaz isə dimdiyinə yem alıb durub şairin pəncərəsinin qabağında.
Yenə də AHA!
Bax bununçün havanı
İldırımtək o yarır.
Qaranquş ildırım tək havanı necə yarır ki, yarım saatdır pəncərənin qabağında sirinsəyib durub?
“İndi, yəqin, yolunu
Gözləyir ağ balalar”.
Qaranquşun balaları ağ olur?
Şair demişdi ki, «yollar kəsilib». Yəqin hava yolları açıqdır. Lap İlham Əliyevin xalqımızın başına gətirdiyi müsibəti xatırladır…
“Dözməyir qəlbi onun,
Körpələr ac qalalar”.
İlahi, şair necə həqiqətlər açır! Bu şeir keçəndə yəqin şagirdlər müəllim qarışıq hönnkür-hönkür elə ağlaşırlar ki, bayırda uçan quşlar qanad saxlayırlar…
Şair pəncərəyə söykənib qalıb, quş da dimdiyində yem, yarım saatdır qanad saxlayıb gözləyir ki, şair dastanını nə vaxt bitirəcək…
Yağışın hiddəti azalmır.
Baxıram, yaz yağışı
Yağır hiddətlə yenə.
Son beyt Azərbaycan poeziyasının incilərindən sayıla bilər.
O qaranquşsa uçur
Göydə sürətlə yenə…
“Qaranquşa göydə sürətlə uçur…”
Belə “bədii dillə” estetik tərbiyə alan uşaqdan nə gözləyəsən?
Yazıq qaranquş…
Yazıq onun yuvada yem gözləyən balaları…
Yazıq Azərbaycan uşaqları…
X.X.
07. 05. 2024, Samara