Əhməd Cavadın məktəb proqramına salınmış şeirlərindən biri də “Azərbaycan bayrağına” şeiridir. Yaxşı ki, mən şagird olanda, müəllim işləyəndə də bu şeir keçilməyib. Çünki mətndən baş çıxarmaq mümkün deyil, xəsarət almaq ehtimalı isə böyükdür.
“Türküstan yelləri öpüb alnını”.
Bayrağın alnı olur? Yəni təpəsinə yaxın yer? Bayrağın orasından öpürlər? Onda gərək bayrağın önündə diz çökməyəsən, başına dırmaşasan…
“Söyləyir dərdini sana, bayrağım!”
Türküstan küləkləri dərdini Azərbaycan bayrağına söyləyir? Türküstan – yəni konkret hara? Müsəlman türklər yaşayan yerlər? Bəs şaman yakutlar, xristian çuvaşlar yaşayan yerlər?
“Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!”
Bayrağın əksini kim yollasın?
Sonra:
“Gedərkən Turana çıxdın qarşıma”
Turan haradr? Şair hardan gəlib hara gedir? Belə çıxır ki, Azərbaycandan gəlmir, Azərbaycandan keçir və bu zaman bayraq qarşısına çıxır?
“Kölgən dövlət quşu, qondu başıma!”
Bunu yadda saxlayın, sonra lazım olacaq: bayrağın kölgəsi düşüb şairin başına.
“İzn ver gözümdə coşan yaşma”.
Şair bayraqdan icazə istəyir, özü üçün yox, gözündə coşan yaş üçün. Niyə?
“İzn ver gözümdə coşan yaşıma —
Dinlətsin dərdini aha, bayrağım!”
Azərbaycan bayrağının alnına üz tutub and içirəm ki, Nərgiz Paşayeva başda olmaqla Azərbaycanın bütün akademikləri yığıla, bu beyti izah edə bilməzlər.
“Dinlətsin dərdini aha…”
Vallah, Mirzə Səfərin şeiri bunun yanında ədəbiyyat incisi idi:
“Darvazamızı fələk vurubdu!”
Burda qaranlıq bir şey yoxdur ki? Özü də bu gün üçün aktualdır. Azərbaycan xalqının darvazası doğrudan da vurulub, bütün quru yolları bağlanıb…
Üçüncü bənddən heç nə başa düşə bilmədim. «Qucamış Elxanla” nədir? Elxan kimdir? “Dinin dirəgi” kimdir? Ya nədir? Bu gün bilirik ki, «dinin dirəgi» Allahşükürdür. O vaxt kim olub? Yoxsa şair bayrağımıza “dinin dirəgi” deyir?
Əstəğfurulla!
“Köksümdə tufanlar gəldim irəli”.
İndiyəcən harda durubmuş ki, indi irəli gəlir?
Ancaq ən maraqlısı burdadır:
“Öpüm kölgən düşən mübarək yeri!”
Qayıdaq ikinci bəndə: bayrağın kölgəsi hara düşmüşdü? Bəli, kölgə düşmüşdü şairin başına! Deməli, şair öz başını öpmək istəyir? Niyə? Bu, mümkündürmü?
Bu mənə Molla Nəsrəddin lətifəsini xatırladır, yəni insanın öz-özünə kəllə vura bilməyi kimidir. Molla məhkəmə eksperimenti aparıb sübut eləmişdi ki, bu, mümkün deyil. Eksperimenti öz üzərində apardığından başı yarılmışdı…
Şagirdlərə tövsiyə edirəm ki, öz başlarını öpməyə cəhd eləməsinlər. Ölümcül nömrədir…
Yazıq Azərbaycan uşaqları… Harda oxusunlar? Azərbaycan məktəbi yaman gündə, rus məktəbləri isə faşizmin bir növü olan putinizmlə yoluxub…
Azərbaycanda Çin məktəbləri var? … Bəlkə yapon məktəbləri?
Banzay!…
X.X.
11. 05. 2024, Samara
