5-ci sinfin Ədəbiyyat dərsliyində Tofiq Bayrama məxsus “Ən gözəl” şeiri bugünkü Azərbaycan həyatının, hakimiyyəti həmişəlik zəbt etmiş rejimin formalaşdırdığı zehhniyyətin tərsavandlığını, kəlləmayaqlığının rəmzidir. Bu mətn azərbaycanlı mənəviyyatının hansı fəlakətə uğradığını açıq göstərir.
Şeir Tofiq Bayrama xas olan vay-şivənlə başlayır: şair könlünə əmr verir, elə bil ki, yarım vedrə araq içib gəlmiş kişi arvadı ilə danışır.
“Ey könül, ümmanlar coşsun səsində”.
Niyə? Ümmanlar könlün səsində niyə coşmalıdır?
“Şeirin qanad açan günüdür bu gün”.
Yenə aydın deyil. Şeir niyə qanad açır? Gün hansı gündür?
Şair yenə əmr verir:
“Bütün ölkələrə yer kürəsində
De ki, Azərbaycan günüdür bu gün!”
Yer kürəsindəki bütün ölkələrə! Burkino Fasoya da, Trinidad və Tabaqoya da.
Ancaq şair hələ açıb demir ki, niyə bütün yer kürəsi Azərbaycana çəpik çalmalıdır.
“Dostları şad görüm, yadları dalğın”.
“Yadları dalğın…” Dalğın eşqə düşmüş oğlan ya qız olar, rəssam olar, bəstəkar olar… Düşmənə “dalğınlıq” qarğış eləyərlər? Dalını oxusanız, görəcəksiniz ki, Tofiq Bayrama “dalğın” sözü qafiyə kimi lazımdır, çünki sonra “xalqın” gələcək…
“Şöhrətli vətənin, qeyrətli xalqın
Tarixə nur saçan günüdür bu gün”.
Deməli, bu gün nə gündürsə, Azərbaycanın şöhrətli, qeyrətli xalqı tarixə nur saçacaq…
Bəlkə peyk qyayırıb-düzəldib, Marsa bir naxçıvanlı uçurdacaq?
Yox!
Səbrimiz kəsildi!
Bu şeir sovet vaxtı yazılıb. Sovet vaxtı Azərbaycanın ən böyük bayramı 28 aprel idi – Sovet hakimiyyətinin qurulduğu gün.
“İyirmi səkkiz aprel, bir may günü,
Aşıq Əhməd şeirin düzməyə gəlsin”…
Bunu sazçı qızlar ansamblı oxuyardı…
“Payızdan xoş ətri gəldi baharın,
Elimin sevinci aşıb-daşıbdır…”
Aha! 28 aprel deyil, 28 aprel – yazdır, bu isə payızdan danışır. Payızda nə Azərbaycan günü?
“Sifəti nurlanıb ağsaqqalların,
Ağbirçək analar cavanlaşıbdır…”
Ağsaqqalların sifəti nurlanıb…” Bəs ağsaqqallar həmişə nurani olmurlar?
“Dünyanı mat qoyub bu arzu, həvəs…”
Hansı arzu, hansı həvəs?
“Bütün ürəklərin həmrəy, həmnəfəs
Sevinclə döyünən günüdür bu gün”.
A kişi, bizi niyə üzürsən? De görək axı bu nə bayramdır payızın günü!
“Ən gözəl kəlmələr axtarın, seçin,
Dostlar, alqışlardan Azərbaycana…”
Tərif deməkdə azərbaycanlıların tayı yoxdur, bu, problem deyil.
“Hələ neçə-neçə bayraqlar biçin
Qızıl qumaşlardan Azərbaycana!”
Aha! Bayraqlar! Qırmzı bayraqlar! Keçici qırmızı bayraqlar. Azərbaycana bayraq veriblər!
SSRİ-də 15 respublika arasında sosializm yarışı keçirilirdi. Hər ilin payızında sənayedə, kənd təsərrüfatında guya yüksək nailiyyətlər qazanmış respublikalra Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının və Ümumittifaq Kommunist Gənclər Təşkilatı (komsomol) Mərkəzi Komitəsinin keçici qırmızı bayrağı verilirdi. 15 respblikadan təxminən doqquzu-onu bu bayrağı alırdı. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Kommunist Partiyası MK-nin 1-ci katibi olandan sonra Azərbaycan hər il bayraqla təltif edilirdi. Əliyev Moskvaya gedənəcən Azərbaycan 10 ya 11 bayraq almışdı. Hardasa noyabrda Moskvadan bir nazir ya MK katibi gəlib Lenin sarayında bayrağı Əliyevə verirdi. Əliyev bayrağı alıb rus qonağı basırdı bağrına və başlayırdılar marçamarç öpüşməyə.
Be`same Mucho…
Azərbaycan qırmızı bayrağı hansı nailiyyətlərinə görə alırdı?
Azərbaycana real nailiyyət lazım deyildi, real nailiyyəti şişirtmə rəqəmlər, yalançı rekordlar əvəz edirdi. Məsələn, pambıq istehsalı ildən ilə elə artırdı ki, ilin birində guya 1 milyon 300 min ton pambıq yığıldı, hərçənd bunun yarısı da yığılmamışdı. Eləcə də bütün başqa sahələr. Azərbaycan rəsmi olaraq hər il yarışda qalib çıxdıqca, respublikada güzəran pisləşirdi. Guya 1 milyn 300 min ton yığmış respublikada Əliyev apteklərə tibbi pambıq satmağı qadağan eləmişdi, pambığı ancaq ölü basdıranlara satırdılar. Mahlıc adıyla Rusiya şəhərlərinə boş vaqonların getdiyi, fırıldaqçı sxemlərlə milyonların mənimsənildiyi sonralar bilindi… Ət, yağ mağazalardan yoxa çıxmışdı, ərzaq tədarükü üçün adamlar Yerevana, Tiflisə gedirdilər. O “firavanlıq” illərində mağazalarda çay yox, çay zibili satılırdı, çünki plan üçün bütün zir-zibili fabriklərdə qablaşdırıb əhaliyə sırıyırdılar. Qadına, kişiyə abırlı paltarı ancaq əldən, alverçilərdən almaq olurdu. Bakıda Kubinka belə alverin mərkəzi idi. O illərdə ali məktəblərdə, texnikumlarda rüşvət ildən-ilə artırdı.
Gülməli bilirsiniz nədir? Əhalinin firavan yaşadğı, RAF avtomobillərinin, rəngli televizorların istehsal ounduğu, vaicib beynəlxalq dəniz limanlarının yerləşdiyi, əhalinin abırlı yaşaya bildyi Baltik respublikalarına bayraq verilmirdi. Hər şeyin qanuni olduğu Litva ya Estoniya qanuni heç nə oçmayan, Moskvanı, Kremli bahalı hədiyyələrlə basdıran Əliyev Azərbaycanı ilə necə yarışa bilərdi? Şulerlə, kartbasanla necə oynamaq olar?
Bayraq mərasimində Azrbaycanın bədnam incəsənət ustaları özlərini yırtır, sonra hamısı birlikdə Qara Qarayevin Səməd Vurğunun sözlərinə yazdğı “Partiyamızdır” kantatasını oxuyurduylar.
“Bəşəirn vicdanı, eşqi ürəyi,
Hər zövqü səfası partiyamızdır. Partiyamıdır Hey! Partiyamızır hey! Paaaaartiyamızdır…”
İndi bildiniz Tofiq Bayram nəyi Azərbaycanın ən gözəl günü adlandırır? Yalançı rekordlarla rüşvətlə, qiymətli hədiyyələrlə Moskvadan qırmızı bayrağın alnmağını!
“Bayramın mübarək, ey ana Vətən!”
Bu adamın sağlığına deyirəm: a kişi, utanıb yerə girmirdin? Sən nə həyat yaşamısan? Sən Bakının küçələrində dilənsəydin, yediyin çörək belə rüsvayçı şeirlərlə qazandığından min dəfə halal olardı.
“Şöhrətin ən uca zirvəsindəsən…”
Nə zirvə, a kişi? Dibdəydik, dibdə. Bizə gülürdülər. İndi də gülürlər…
Yaxşı, deyək ki, bu şeir sovet vaxtında dərsliyə salınıb. Bəs indiyə qədər niyə qalır? Təhsil nazirinin bir qram vicdanı var?
Müəllim bu şeiri necə izah edir? Sov. İKP MK-nın nə olduğunu necə başa salır?
Müəllim deyirmi ki, o vaxt 5-ci sinif şagirdləri az qala dərs olinin yarısını pambıqda, tütündə, baramada keçiridridlər? Milli öndər elan edilmiş şəxs Azərbaycan uşaqlarını amansızcasna istismar edir, sadə dildə desək, minib çapırdı…
Yeri gəlmişkən. Niyə Sov.İKP? Rus dilində abbreviatura dörd hərfdir, yəni baş hərflərdir: KPSS. Başqa dillərdə də Sovet İttifaqı Kommunist Partiyasının abbreviaturası dörd hərflədir. Niyə azərbaycanlılar S hərfi əvəzinə “Sov” yazırdılar?
Bilən var?
Bunun cavabını tapan adam onu da biləcək ki, bu partiya əvvəldən Azərbaycana, hətta onun dilinə uyğun gəlməyib… Kommunizm əvəzinə feodalizmin ən eybəcər formasını yaratmışıq.
Ən eybəcər və dəyişəcəyinə ümidimizi itirdiyimiz feodalizm…
X.X.
14. 05. 2024, Samara
