ƏHMƏD CAVAD KAZUSU. «ATILAN OXLARDAN ÇIX GƏL ZİYANSIZ…O TƏMİZ QANINA QURBAN OLDUĞUM…»

Vikipediyada “Qurban olduğum” rədifli dörd şeir var. Yaşca ən qədimi, yəqin ki, 19-cu əsrdə yaşamış Məlikballı Qurbana məxsusdur. Qoşmanın keyfiyyəti haqqında son beyt tam təsəvvür yaradır.

Cənnət heyvasını qoyub döşünə,
Təzəcə narına qurban olduğum.”

Bizim erotik və hətta erotik olmayan bayatılarda, qoşmalarda qadının sinəsindəkilər bir meyvəyə bənzədilir, adətən nara. Məlikballı isə sinədəkinin qoşa olduğunu nəzərə alıb. Hər birini ayrı-ayrı meyvəyə bənzədir: yəni biri heyvadır, biri nardır... (Vallah, bizim millətdən nə hoqqa desən çıxar…)

Yəqin pozğun adam olub. Hə? Yaşadığı vaxt məlum olmayan Gülalı Məmməd də erotoman olub və bunu gizlətməyib.

“Gülalı Məmmədəm, qadan alayım,
Ölməyəyim, qol boynuna salayım…”

Məəttəl qalırsan: millətin gözünün qabağında arvadı qucaqlamaq istəyir, özü də yəqin özgə arvadıdır… Cavanlar bunu oxuyub nümunə götürsələr, nə günə qalarıq! Bizim dəyərlərimiz məhv olub getməzmi?!

Bunlarla işimiz yoxdur. 60-cı illərin ortalarında Müşfiqin əvvəllər məlum olmayan şeirləri üzə çıxıb çap olundu, guya bəziləri arvadının dəftərindəymiş. Bu şeirlərin nə dərəcədə orijinal olduğunu, onlara kənar müdaxilənin olub-olmadığını mütəxəssislər deyə bilərlər. Yadımdadır ki, elə o vaxt Zeynəb Xanlarova Müşfiqə aid edilən qoşmanı Mİrzə Hüseyn segahı üstündə oxuyur, sonra keçirdi “Aylı gecə, sərin küləy”ə…

Müşfiqin qoşması, əlbəttə, Əhməd Cavadın sayıqlamalarıın tayı deyil, mübtəda, xəbər yerindədir. Ancaq yalnız bir ifadəni ciddi istedadın göstəricisi saymaq olar: “Qaçqın ədasına…” Gözəl deyilib…  Müşfiq həm də sübut edib ki, ənənəvi dispozisiyanı – yar-əğyar – məsələsini təzə dillə təsvir edə bilir. Müşfiq Seyid Əzim kimi demir ki, “Bağ içrə gəzib yarımı əğyar ilə gördüm”. Müşfiq belə deyir:

“Yoхsa özgəsinə üzünü tutmuş,
Yеni sеvdasına qurban olduğum?”

Burda estetika və etika var, eləmi? Ancaq bu günün alabic, internetə baxıb pozulmuş oxucusu deyər ki, bu necə adammış, sevgilisi “özgəsinə üz tutub”, bu onun “yeni sevdasına” özünü qurban eləyir. Bu, xəstədir? bu, kukolddur?

Qoşmada maraqlı ayrı heç nə yoxdur. Dolaşıqlıqlar isə çoxdur.

“Ayrılıq oduna könül dayanmaz.
Еşq oduna yanan bir daha yanmaz”.

Bu iki misranın arasında məna əlaqəsin varmı? Biri o birini izah edirmi, tamamlayırmı? Ya biri o birinə ziddir?

Ancaq toylarda oxumaq üçün belə qoşmaların əvəzi yoxdur. Özü də gənc Zeynəb oxuya, atılıb düə-düşə, sinəsində də iki müxtəlif meyvə yellənə…

Keçək Əhməd Cavada. Əhməd Cavadın şeiri 1916-cı ildə Batumda yazılıb.

Haşiyə çıxım. Vikipediyada Əhməd Cavad haqqındakı çox  böyük məqalənin xeyli hissəsi onun guya Birinci Cahan (!) müharibəsindəki iştirakına həsr olunub. Məqaləni oxuyursan, görürsən ki, iştirak-zad yoxdur. Elə həmişə yardım üstündə olub… Şeir də yazırmış. Məsələn, “Qurban olduğum” şeirini.

Baxaq. Diqqətli baxın, xanımlar və cənablar. Mən sübut etmək istəyirəm ki, Əhməd Cavad dili bilməyib.

“Bir xeyli zamandır getdi, gəlmədi”.

Sevgilisi gedib, gəlməyib. 1916-cı ildə, Birinci Cahan müharibəsinin şıdırğı vaxtında…
“Əhdi peymanına qurban olduğum!”

Bu yəqin ironiyadır, rişxənddir.

“İstədi can verdim, qədir bilmədi”.
Bu, sevgi şeiriidir ya borc qəbzi? “İstədi pul verdim, faiz almadım…”

“Dedim: ayrılığa yoxdur tavanım…”

Yəni şantaj edirmiş ki, getsə, öləcək. Ölməyib. Yenə Türkiuyə ordusuna yardıma baxır. Qəşəng iş tapıb…

“Bir daha dönməzmi yosma tərlanım…”

Batumdan ayağını qoysan, Türkiyədir. Ona görə “yosma tərlan”. Düzü, mən başa düşmürəm ki, “yosma tərlan” nə olan şeydir….

“Adına, sanına qurban olduğum!”

Sevgilisi “adlı-sanlı” imiş. Bəlkə 1-ci Cahan müharibəsində döyüşürmüş? Əhməd Cavaddan fərqli olaraq, ön cəbhədə…
“O təmiz qanına qurban olduğum!”

Qanını yoxlatdırbmış…

Sonrası çox gülməlidir
“Mən hey göyə baxdım, göy mənə baxdı…”

Belə şeyi kimsə demişdi? “Göy mənə baxdı…”

“Göylərə baxmaqdan gözlərim axdı!”

Aha! Gözləri axıb!
“Şimşək oldu, ancaq bir dəfə baxdı,”

Nə şimşək oldu və ya kim? Yuxarıda subyekt göy idi,  Əhməd Cavada o baxırdı? Göymü şimşək oldu?

“Baxdı qurbanına qurban olduğum!”

Başa düşdünüzmü kim və ya nə bir dəfə şairə baxıb və kim kimə qurbandır?

Mən başa düşmədim. Ancaq gülməlidir. “Göy mənə baxdı…”Göyün adama baxmağı necə olar?
“Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!”

Yəni əvvəllər müjdə verib, yenə vermək istəyir? Bu nə müjdədir? Bəzi kişilər bilirik qadına necə müjdə verirlər… Sonra uşağa yiyə durmurlar…
“Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!”

Kimsə Əhməd Cavadın şeirinə can cerəndən sonra göylərdən enməlidir. Kim ya nə? Göylərdən kim enməlidir? “Haqq dərgahı” enməlidir? Yəni Allah? Şeirə can verəndən sona daha niyə enir. Enərdi ki, can versin. Veribsə…

Başım çatladı…
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanma qurban olduğum!

“Ömrüm çox acı”  bəh-bəh, şairin dilindən inci tökülür…

Gedən xanımın şöhrəti-şanı var imiş…

Sovet vaxtı Bakıda bir xoreoqrafdan lətifələr danışırdııar. Arvadıyla guya gəlir Nizami kinoteatrının qabağına, gedir növbəyə durub bilet almağa, bilet alanda arvadını tapmır, hansı kişiyəsə qoşulub gedib. Bir tanışından soruşur ki, “mənim arvadımı görməmisən?” Tanışı deyir “sənin arvadını tanımıram.” Xoreoqraf təəccüblənir: “Necə tanımırsan? Bizim arvadı bütün Bakı tanıyır…”

Qəfildən şairin başının qurdu tərpənir, bir bənd yuxarıda “müjdə verdiyi” gözəlləri təhqir edir.

“Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız”.

Yəni gözəlliklər saxtadır. Duyğular cansızdır.

(Duyğu cansız ola bilərmi? Duyğu varsa, canlı olmalıdır…)

Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!

Əvvəlki beytdə gözəlliklərin saxta olduğunu demişdi, indi deyir “Atılan oxlardan çıx gəl ziyansız”. Yəni sevgilinin getdiyi yerdə oxlar atılır? Müharibədədir? Birinci Cahann müharibəsindədirsə, oxlar yox, toplar atılmallıdır. “Ziyansız çıx gəl” nə deməkdir?

“Oxlardan çıx gəl” azərbaycancadır? “Tüfənglərdən çıx gəl” demək olar?

Burda şeirin qoşma hissəsi bitir, ancaq şairin sözü qurtarmır, ona görə çarpaz qafiyəli iki dördlük əlavə edir.

Bir gecə yatmışdım qəmli, mükəddər.
Qəlbimi sıxırdı sonsuz fikirlər.

Mükəddər – yəni kədərli. Yatan adamda nə kədər, nə qəm? Kədərli durmaq olar, oturmaq olar, gəzmək olar. Yatmaq? Xalqımız gözəl deyib:”Yatdın — əldün!” Yuxuda qəlbi “sonsuz fikirlər” necə sıxa bilər?

“Birdən Günəş doğdu, açıldı səhər,
Baxdı gözlərimə o qumral gözlər!”

Aha! Qumral gözlər! Qayıdıb gəlib?

Sonrakı bənd:

“Səsimə oyandım, bomboş bir otaq…”

Bəs bayaq, günəş doğanda oyanmamşdı? İkinci dəfə oyanır?

“Eşqimə, duyğuma yoxdu bir ortaq…”

Eşqə ortaq – nədir? Sevgilisinə şərik?

“Bu iyi dünyada ixtilat qataq!”

İyi dünya – osmanlıcadan tərcümədə “yaxşı dünya” deməkdir? Şair özünə rəqib  axtarır ki, onunla davalaşsın?

Vallah, Əhməd Cavad ədəbi irs yox, yüzlərlə mina basdırılmış ərazi qoyub gedib. O əraziyə girənin qolu-qıçı salamat qalsa da, başı, beyni partlamasa da, hökmən çatlayacaq…

X.X.

24.. 05. 2024, Samara