GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VI

Məmməd Araz şeirləri

«BU GECƏ YUXUDA»

Bu şeiri Məmməd Arazın, üzr istəyirəm, başının vəziyyəti, psixoloji durumu barədə  ciddi informasiya mənbəyi kimi də oxumaq olar. Şair yuxuda görür ki:

“Yel kimi səyirdib mənsəb atını,

Sel kimi kükrəyib, sel kimi axdım.

Taxıb qollarıma quş qanadını…

Bu gecə yuxuda şah oğlu şahdım

“Mənsəb atı” nədir, başa düşmədim. Yəqin sehrli, uçan atdır. Elədirsə, şair quş qanadı niyə taxır?

Dalına baxaq. (Şeirin dalına, türkün məsəli)

“Günəşə, dur- dedim, — mənsiz yerimə!

Üfürüb söndürdüm ulduzları da.

 Seçdim xan yerinə, əyan yerinə

Qəpikdən, quraşdan ucuzları da.

Belə çıxmırmı ki, Məmməd Araz merac eləyib? Bəs günəşə niyə “dur” deyir? Necə yəni “mənsiz yerimə”? Deyək ki, göyə çıxıb şah oğlu şah olmusan, bəs ulduzları niyə söndürürsən?

 “Çalalar önümdə süd gölməçəsi,

Dərələr-bal dolu ağzına kimi”.

Bu təsvirdən görünür ki, şair şah oğlu şah-zad deyil, elə danabaşlı gədədir. A kişi, denən dərya, denən okean, dəniz. Çala nədir? Mal fermasındasan?

“Ağa barmağımı tuşladım — qara,

Nə desəm ağardı dediyim anda”.

Aha! Şah oğlu şagh fironluq eləyir!

“Kimdir bu dünyada kimliyi qalan?

Əvvəli, sonu var qara daşın da.

Bu beytin əvvəlki beytlə hansısa bir əlaqəsi var? “Kimliyi qalan” nə deməkdir?

“İştahım: ucalmaq Allah yanına!

Bir az da yuxarı, azacıq, azca!

Tom Kruz dincəlir! Məmməd Araz Allahdan da bir az o yana qalxmaq istəyir…

Salyanlıların bir məsəli var: Allah naxçıvanlıya qanad versəydi…

Yadınızdadırsa, şeirin əvvəlində Məmməd Araz öz qoluna quş qanadı taxmışdı. Hara uçur – məlum deyil. Ancaq ulduzları söndürüb, Günəşə də “Farağat!” əmri verib yerində dondurub…

Məmməd Arazın şeirnidə dərə varsa, dağ olmalıdır, Hökmən! Səməd Vurğun məktəbidir.

Bu da dağ:

“Dağlara baxıram: gileyli dağlar…

Gördünüz? Məmməd Araz dağa (dağlara! Bir neçə dağa!) baxan kimi bilir kefləri necədir. Maraqlıdır, nədən bilir?

“Bir meşə yüklənir bir qarışqaya”.

Aha! Çəyirtkələrin dəvə minməyi yadınızdadır?

Bəs hanı Məməd Arazın əfsanəvi “keçəl Həsən”lə “Həsən keçəli”?

Budur:

“Bu uzaq yaxınlar, yaxın uzaqlar…

Dalıyca:

“Barışa bilmirsə — heç barışmaya!

Kim kiminlə? Nə nə ilə? Dağ gileylə? Qarışqa meşə ilə? Keçəl Həsən Həsən keçəllə?

Bəlkə bəsdir? Arayışını yazmaq olar?

Sonda Məmməd Araz nədən başladığını dumanlı şəkildə xatırlayır, yenə də göstərmək istəyir ki, danabaşlı gədə deyil, şah oğlu şahdır.  Ancaq qaş qayıran yerdə göz çıxarır:

«Böyrümdə tazı da, dovşan da sinib,

Gözucu vəzirə, vəkilə baxdım.

Nə qaçan tərpənir, Nə qovan dinir…

 Bu gecə yuxuda şah oğlu şahdım!»

Qurban Məmmədli demişkən: əziz həmvətənlər, sizə xatırladıram ki, şah oğlu şah da, vəzir də, vəkil də, dovşan da, tazı da qaranlıqda oturublar, çünki bu zalım oğlu göyə (Allahdan bir azca yuxarı) çıxan kimi günəşi də, ulduzları da üfürüb söndürüb…

“GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PİŞİK

Şeiri oxuyaq. Evdə zəncir varsa, yanınza qoyun  ki, oxuduqca vurasınız sinənizə. Mən az qalmışdım başımı da yaram.

“Azdı ac gödənə yüz haram tikə,

Paslı dəmirləri gəmirmə nahaq…”

Ac gödənli adam dəmir gəmirir? Özü də paslısını?

“İşıqla qarnını kim doydurub ki,

 Zülmətlə qarnımı kim doyuracaq?

Gecə pəncərəmə dırmaşan pişik!

Vurun zənciri! Bərk vurun! Müsibətdir…

Yəqin pişik bu cəfəngiyatı yazan şairə baxıb başını bulayır və acı-acı miyoldayırmış…

“Sanma ki, dünyanın bəxtəvəriyəm,

Yuxuda xoşbəxtəm, o da ki — yatsam.

Başa düşürəm… Ayıq vaxtı köhnəlmiş, nimdaş arvadını görür, kefi pozulur. Yuxuda huri görür, bəlkə Kim Kardaşyanı da görür.

Bir şərtlə: əgər yatsa! Şair yuxusuz gecələr keçirir!

Füzuli nə demişdi:

“Bu vüsalə yuxu əhvalı deməl mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə…”

Kərbalaya atüstü baş çəkdik, dönək Danabaşa.

“Əsrin caynağında yumaqdı ad-san,

Gecə pəncərəmə dırmaşan pişik!

Vurun zənciri! Yazıq pişik…

“Söyüd də dartınır suyunu alcaq,

Bir quru kötüyün ədası yoxdur!

Söyüd su alanda dartınır? Bilmirdim. Uşaqlığımız söyüd altında keçib. Bizim söyüdlər dartınmazdı…

“Qurd itdən süləngi, it qurddan alçaq,

Sinəmdə yer versəm, faydası yoxdur».

Qurdu da təhqir elədi, iti də, türkün məsəli, ikisini də soxdu bir-birinin…

Bəlkə Məmməd Araz qurda “süləngi” deyəndə Rüstəm Behrudini nəzərdə tutub? Axı o cənab özünə utanmaz-utanmaz qurd deyir. Niyə qurd deyir, bilinmir. Yəqin Məmməd Araz bilirmiş…

Ancaq iti təhqir eləməyi yaxşı deyil. Bəlkə pişiyə xoş gəlmək üçün itin haqında o sözü deyir?

“Pəncərə sındıqca pişiklər artır,

Görən nə yemişik, nə yedirtmişik?

Pəncərə sınıb? Niyə xalq şairinin pəncərəsini düzəlməyiblər? Özü də birdən sınmayıb. “Sındıqca”  — yəni yavaş-yavaş sınırmış…Şəhərin pişikləri də Məmməd Arazın pəncərəsinin sındığını eşidib tökülüşürlərmiş…

Vurun zənciri…

“Elə marıtdama altdan yuxarı,

Nə var yuxanda, büdrəmək, aşmaq…

Pişik altdan yxarı baxırmış… Yəqin görüb Məmməd Arazdan yal gözləməyin mənası yoxdur, yuxarıdakı mənzilə göz yetirirmiş…

“Yeri get qabını yala, ay axmaq!

Gecə pəncərəmə dırmaşan pişik…

Qabına bir şey qoymusan ki, yalaya…

Dünyanın ən böyük bədii istedad sahibləri pişikləri seviblər, pişiklərə ən yaxşı əsərlərini həsr ediblər: Hofman, Bodler, Tsvetayeva…

Bu görün pişiklə necə danışır…

Qoqolda İvan İvaniviç var. Ondan bir tikə çörək istəyən dilənçi qarıya deyir: Yeri get, mən ki səni kötəkləmirəm…»

Bu nəyin sübutudur? İzahata ehtiyac varmı?

X.X.

31 05. 2024, Samara

ardı var

əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -V