Архив | 04.09.2024

SEÇKİLƏRDƏN SONRA. İLHAM ƏLİYEV SALYANLILARA «YOXLAMA GÜLLƏSİ» VURDU

salyan-2009

Həyatının təxminən iyirmi ilini türmələrdə və uzaq şimalın həbs düşərgələrində keçirmiş rus sovet yazıçısı Varlam Şalamov yazır ki, iki il ərzində bir məktub da almır. Bir dəfə düşərgə rəisi onu çağırtdırır və iki zərf göstərib soruşur: sənindir? Varlamav arvadının xəttini tanıyıb deyir ki, mənimdir. Rəis Boqdanov deyir: “İndi bax, faşitssifət!” Və hər iki zərfi tikə-tikə eləyib zibil vedrəsinə ataraq deyir: “Rədd ol get!”

Bu, 1939-cu ildə olub. Şalamov azadlığa 1956-cı ildən sonra çıxacaq…

İlham Əliyev və onun ailəsi azərbaycanlılarla Boqdanovun dustaqlara rəftar etdiliy kimi davranır. Əzmək, əzmək, əzmək, bütün insan ləyaqətindən, mənəviyyatından məhrum edib lüt-üryan qoymaq…

Mənə elə gəlir ki, Fəzail Ağamalının qızı Salyana atasına qarşı orda baş vermiş epizodik, spontan etirazın acığına göndərilib. Qudurmusunuz? Etiraz? İndi edin bu etirazı! Salyanı verirəm yeraza nəsillikcə. Hünəriniz varsa, dinin!

Yəni İlham Əliyev arxayın olmaq istəyirdi ki, salyanlılar bir də dörd il əvvəlki qələti eləməzlər. Azərbaycanda bir nəfər də etiraz eləyən olsa, İlham Əliyevin kefi pozular, ixtiyarında olan cənnət nemətləri boğazından keçməz.

Heydər Əliyev də Azərbaycan adamını adam saymırdı. Ancaq Heydər Əliyev hakimiyyətə gələn vaxtlar Qara Qarayev var idi, Rəşid Behbudov var idi, Tofiq Quliyev var idi. Ən azı onları Əliyev adam sayırdı, buna məcbur idi. (Bunu da demək lazımdır ki, adları çəkilən incəsənət adamları heç vaxt ağızlarından tənqidi söz çıxarmamışdılar, sinələri ordenlərlə dolu idi, Qara Qarayev ömrü boyu SSRİ Ali sovetinə deputat “seçilirdi”… Yəni onlar da Əliyev üçün problem yaratmırdılar). İndi Qara Qarayev miqyaslı, Tofiq Qulyev miqyaslı adamlar yoxdur. Ancaq insan ləyaqəti, şəxsi ləyaqət hissi miqyasdan asılı deyil, hətta Azərbaycan kimi arxaik idarəçilyi olan ölkədə də insan ləyaqəti məsələsində birini o birindən üstün edən qanun yoxdur. Şəxsi ləyaqət hissi insan təbiətinin xassəsidir. Əliyev və ona bənzər diktatorların sistemli, metodik işi vətəndaşlarda məhz ləyaqət hissini yox etməyə, onları hər cür təzyiqə, təhqirə, alçalmalara dözən dilsiz-ağızsız kütləyə çevirməyə yönəlib.

Salyana Fəzail Ağamalının qızını göndərməklə İlham Əliyev salyanlılara “yoxlama atəşi” açdı, yəni gülləni alınlarından vurub reaksiya verib-verməyəcəklərini yoxladı.

Salyanlılar reaksiya vermədilər. Çünkü salyanlılar ölüblər.

70-ci illərdə Salyana ağdamlı Nadir Abbasov rəhbərrlik edirdi. Toylarda, yaslarda, çayxanalarda danışırdılar ki, birinci katib arvadbazdır, ona görə yaraşıqlı cavan arvadları vəzifəyə çəkir. 76-cı il daşqınından sonra bir salyanlın ağlamsına-ağlamsına dediyi sözləri xatırlayıram: “Gərək Kür bizi tamam basaydı, hamımız boğulaydıq, belə binamusluqdan ölmək yaxşıdır…”

Nadir Abbasov pencəyini qolunun üstünə atıb küçədə sərbəst gəzirdi. Qorxmurdu ki, kimsə gəlib bıçağı soxar qarnına…

Yox, salyanlılar belə nəcib qarınlara bıçaq soxmurlar. Nəfis yeməklərlə bəslənmiş qarına bıçaq soxmağa hansı salyanının əli gələr? Bıçağı soxarsan arvadına, çəpər qonşuna, kişi söhbəti zamanı qrammatik səhv buraxmış dostuna…

Salyanlılarda hünər olsaydı, sədərəkli quldur Tahir Kərimovu qovardılar. Beş il ərzində onu yağ içində böyrək kimi saxladılar, Salyanın əsgər yaşlı oğlanları onun başına gül səpirdilər…

Salyanda nəinki əsl salyanlılar qalmayıblar, Salyanın özündə salyanlılıq qalmayıb. Şəhərdə bir dənə qədim tikili qalmayıb. Salyanda sıfırıncı illərdə ya da lap əvvəl Zərifə Əliyevanın adına bağça yaratdılar. “Yuxarı”  bəyənmədi, ayrı yerdə daha böyüyünü təşkil elədilər. Zərifə Əliyeva akademik adlansa da, haçansa göz həkimi işlədiyini, kimisə müalicə etdiyini bilən yoxdur. Ancaq Salyanda on illərlə minlərlə adımın gözlərini sağaltmış əməkdar həkim Klavdiya Şarova adsız qəbirdə basdırılmışdı… Salyanda raritet Qələbə bağını məhv edib Heydər bağı qurdular. Mədəniyyət evini dağıtdılar. Yəni Salyan dönə-dönə alt-üst olub, heç kim salyanlıların rəyini soruşmayıb, salyanlıılar isə cınqırlarını çıxarmayıblar…

Təsəvvür edə bilərsinizmi ki, Fransanın ən kiçik şəhərində belə mer şəhərdə başlayır yenidənqurma aparmağa. O mer vəzifəsində neçə saat qala bilər?

Niyə Fransanı İlham Əliyev azərbaycanlıların gözündən salmaq istəyir? Ona görə ki, Fransada demokratiya var, Azərbaycanda isə vətəndaşın vətəndaş hüquqları yoxdur, insanlar əslində öz ölkələrində qastarbayter, nuzdlu işçi kimi yaşayırlar. Onlardan nə etiraz? Bəli, onları deportasiya etmək olmaz. Ancaq türməyə basıb çürütmək olar…

04. 09. 2024, Samara

əvvəli burda: https://xeyrulla.com/2024/09/04/seckilerden-sonra-salyan-ve-salyanlilar/

SEÇKİLƏRDƏN SONRA. SALYAN VƏ SALYANLILAR

I

Ötən “seçkilər”də xeyli salyanlılar fərqləndilər. Əslində salyanlıların fərqlənmək fikirləri yox idi fə fərqlərnmək üçün əllərini ağdan qaraya vurmurdular. Onları bloqerlər zorla fərqləndirmək istəyirdilər. Yəni salyanlıların görmədikləri, görmək istmədiyi işi onların boyunlarına qoymaq istəyirdilər. Epatajı sevən Tural Sadıqlı videosuna belə başlıq qoyurdu: “Salyanlılar Fəzail Ağamalının qızını qovdular!”

Salyanlı kimidir?

Əvvəl Salyan şəhərinə baxaq. Mənim dədəm mən uşaq olan vaxtlar, yəni altmış il əvvəl deyirdi ki, Salyanda əsl salyanlı qalmayıb, əsl salyanlılar köçüb gediblər Bakıya, Salyanın indiki əhalisi kəndlərdən gələnlərdir.

Yəni hansı salyanlının kökünü axtarsan, məlum olar ki, özü ya ata-babası kənddən gəlib.Yəni şəhər var, şəhərli yoxdur. Şəhərli zehniyyıəti isə kəndli zehniyytindən fərqlidir. Salyan şəhərində isə kənddən gələn adamlarda mental dəyişikliklər yarada bilən mühit yoxdur. Salyan şəhərinin teatrı, televiziyası, orkestri, müstəqil mətbuatı, vətəndaşların öz təşəbbüsləri ilə yaradılan təşkilatlar şəbəkəsi yoxdur.

İndi Salyan rayonunun kəndlərinə baxaq. Müxtəlif illərdə Salyana Şamaxıdan, Ermənistandan xeyli əhali köçürülüb və onlar müxtəlif kəndlərdə yerləşdiriblər ya da onlar üçün boş ərazilərdə yen kəndlər yaradılıb. Bu faktoru hökmən nəzərə almaq lazımdır. Ermənistanlı Fazil Ağamalının Salyana yad olduğunu deyən adam bilməlidir ki, Salyanda on minlərlə ermənistanlı kök atıb. Onların əksəriyyəti üçün Fazil Ağamalı da, onun qızı da ailə üzvü kimidir. Ermənistanlı Salyanda iki yüz il də yaşasa, yenə salyanlı olmayacaq. Qadını kişiyə, kişini qadına döndərmək olar, ermənistanlını salyanlıya yox.

1970-ci illərin əvvəlində ermənistanlı İbrahim Qurbanov Salyan rayon icraiyyə komitəsinin sədri idi. Onun heyvərəliyindən, pataloji qəddarlığından, sovxoz direktoru olan vaxt pambıq taqlasının qıtağından ot biçib aparan kişini saxlayıb ot qarışıq eşşəyin üstünə benzin töküb yandırdığından çox danışırdılar. Mənim ermənistanlı tanışlarım var idi, görürdüm ki, onlar yerlilərinin fironluğundan qürrə duyurdular. Sonralar Heydər Əliyev guya qohumu olan bu adamı yeni yaradılan Neftçala rayonuna birinci katib təyin elədi. Orda hampazorluğu daha da artdı: məmurları, kolxoz briqadirləri, yol fəhlələrini elə rast gəldiyi yerdədöyür, UAZ-ın yük yerinə atıb milisə aparırdı. Sonra Heydər Əliyev onu daha da böyüdüb Cəlilabada təyin elədi… Yazıq cəlilabadlılar. Onları bu son yüz ildə kim minib çapmayıb…

İndi deyin: Fəzail Ağamalının qızını Salyandan kim qovmalı idi? Salyanlılar? Əvvəl siz mənə Salyanda salyanlını göstərin…

Mən yerliçilik eləmirəm və demirəm ki, salyanlı ermənistanlıdan, kolanıdan ya cəyirlidən yaxşıdır. Ancaq seçki institutunun özündə, bu, ümummilli seçkilərə də aiddir, yerliçilik elementi var, çünki hər deputat müəyyən ərazini, yeri, o yerin adamlarını təmsil edir. Yalnız formal olaraq salyanlı sayılan, özünü isə böyük ermənistanlı icmasının üzvü kimi tanıyan adam ermənistanlı namizədi Salyandan niyə qovur? Amerikaya baxın, hər ştatın öz tarixi ənənələri var, siyasi pariyalara rəğbət nəsildən nəslə keçir, kimin babalarının 19-cu əsrdə baş vermiş vətəndaş müharibəsində hansı tərəfdə vuruşduğu da bilinir. Senata ya nümayəndələr palatasına seçkilərdə, əlbəttə, gəlməni qəbul etməzlər, çünki yerli təəssübkeşlik  siyasi təəsübkeşliyin üzvi elementidir.

Salyanlıların – hətta şəhər əhalisinin doğrudan da salyanlı olduğunu qəbul etsək belə — hansı yadellinisə qova biləcəyi qeyri-elmi fantastikadır.

Keçən əsrin 70-ci mən bir dəfə Bakıda maraqlı bir səhnəni şahidi oldum. “Növbahar” restoranın yaxınlığında səkidə ya da küçədə bir neçə fəhlə iş görürdü. Onların böyüyü, yəqin ki, iş icraçısı, fəhlələrdən birini söyürdü. Söyülən 25-30 yaşında hündür oğlan idi. Gözləri yaşara-yaşara deyirdi: “Məni söymə, mən söyüş götürmürəm”. Bunu eşidiəndə böyük daha da qızışır, fəhlənin anasını, bacısını ən axırıncı sözlərlə söyürdü. Fəhlə də qalmışdı mızıldana-mızıldana…

Mən bu səhnəni unuda bilmirəm. Salyana, Neftçalaya və başqa yerlərə müxtəlif şortuları, oğraşları deputat göndərən Əliyev mənə o iş icraçısını, əhali isə anası, bacısı söyülən cavan oğlanı xatırladır. Xalq ağlamsına-ağlamsına deyir:  Cənab İlham  Dəmiryumruq, bu şortuları, bu oğraşları biz götürə bilmirik, biz salyanlılar söyüş götürmürük, bir ayrısını göndər”. İlham Dəmiryuruq isə gələn dəfə onlardan da pisini göndərir…

04.09. 2024, Samara

(ardı var)