YENƏ DİRİLƏCƏKSƏ, NİYƏ BƏS ÖLÜR İNSAN…

20230721_135628

Hökmüylə Yaradanın olursa hər şey əgər,

Niyə baş verənləri anlamaq deyil asan?

Daha mürəkkəb, çətin —  bizə vəd edilənlər:

Yenə dirilicəksə, niyə bəs ölür insan?

 +

Divan qurmaq olardı elə burdaca axı,
Mükafatı, cəzanı hər kəs alardı burda,
Burda cənnət guşələr vəd ediləndən artıq,

Burdakı cəhənnəmin tayı yox heç kitabda.

 +

Ötən minilliklərin intizarı ağırdır,
Aşılanır zamanla inamların bərki də.

Varsa dirilmək əgər, niyə ölürük axı? —

Bizə vəd edilənlər təsəllidir bəlkə də…

+

Cənnət… Xurma kölgəsi… Var sərin bulağı da…

Və hurilər… bunamı ümid bağlasın insan?

Bəlkə söyüd kölgəsi? Bəlkə Kür qırağında?…

Vəd ediləndən daha şirindir öz yurd-yuvan…

 +

Yüzilliklər min olur, ötər daha bir min il,

Vəd edilən, baş verən şübhə artırır ancaq

Vəd edilənlər bizə daha təsəlli deyil,
Tanrı, doğrusa onlar, qur divanı burdaca…

11. 10. 2024, Samara